Yaxın gəlin, bir – iki kəlmə deyəcəyim var…
Həsən Kürün vəfatı təbii ki, sarsıdıcıdı, ağırdı. Hətta bir ana, bir ata, bir həyat yoldaşı… üçün faciədi, İlahi əzabdı. Bu öz yerində!
AMMA bu məqamda necə deyərlər, mənim sözümün canı bir başqadı…
Üzümü sizə tuturam. Niyə saxtakarlıq edirsiniz, ay gözəlim məmləkətin bir çox əliqələmliləri, informasiya orqanları?
Niyə saxtakarlıq edirsiniz?
… ÖNCƏ ONU DEYİM Kİ, son dövrlər Azərbaycan mətbuatı (eləcə də jurnalisti, yazıçısı, şairi və.s) gözlərini ovuclarına sıxmaqdan, yas yerlərindən reportaj hazırlamaqdan başqa sanki heç nə bacarmır… bacarmaq istəmir… və ya bacarmağa həddi çatmır!
… Həsən Kürün ölümünün söykəndiyi intiharın kökündə nə dayanırdı… və ya nə dayanır? Təbii ki, ETİRAZ! – həyata, onu əhatə edən mühitə, yaşayışa, güzərana ETİRAZ! Məgər, elə deyilmi?!
(DOĞRUDU, Həsən Kür o etirazı intihar şəklində ifadə etməməli idi. Qələm səndə, enerji səndə, tribuna səndə. İradə topla, çıx, yaz, bir başqa şəkildə etirazını et(!), bir başqa yol tut!..)
… Yenə üzümü sizə tuturam. Yaxşı, bəs, siz niyə saxtakarlıq edirsiniz, cənablar?
Siz guya Həsən Kürlərin taleyinin yanındasınızmı? Əsla!
… Bu gün mətbuat olaraq əksəriyyətiniz Həsən Kürün (onun adının, ölümünün, hətta tabutunun, məzarının!) yanında ONA GÖRƏ VARSINIZ Kİ, o öz etirazını intiharla ifadə etdi… edə bildi. YOX ƏGƏR, Həsən Kür bir gün həmin o etirazı əlindəki qələmilə edib, silsilə yazılar yazsaydı, çıxışlar etsəydi AND OLSUN KÖRPƏSİNİN ZÜLMƏT TALEYİNƏ(!) Salyanın “Qələbə” qəzetindən tutmuş bu gün ölümünü “bəh – bəhlə” tirajlayan Vüsalə Mahirqızının APAsına qədər əliqələmlilərin əksəriyyəti nəinki onun etiraz dolu yazılarını çap etməzdi, heç adını belə çəkməyə cəsarət göstərməzdi. AMMA İNDİKİ HALDA(!)… İndiki halda övladının taleyinə qədər intihar etmiş bir adamın faciəsini, ölümünü, hətta şeirlərini, həkimlərinin fikirlərini… nə bilim, nələri, nələri dərc etməyə nə var ki?
… HƏYAT – ÖLÜM – QALIM – ƏDALƏT mübarizəsində Azərbaycan mətbuatı(nın əksər hissəsi!) Həsən Kürlərin yalnız (VƏ YALNIZ!) gücsüzlüyünün, iradəsizliyinin (gücsüzlüyündən doğan faciələrinin) başına toplaşa bilər, əzmindən, iradəsindən yoğrular lövhələrinin yox.
Emil Rasimoğlu
şair – publisist.