Aqşin Yeniseyin “Qadının özü və azadlığı – istismar aləti kimi” yazısını təqdim edirik.
İnsanlıq tarixi boyunca qadının ümumiləşmiş obrazını canladırmağa çalışsaq, üç mərhələli bir təkamül yolu təsəvvürümüzdə canlanar:
Qadının tanrıyla eyniləşdirildiyi dövr.
Qadının şeytanla eyniləşdirildiyi dövr.
Qadının insanla eyniləşdirildiyi dövr.
Qadının tanrıyla eyniləşdirildiyi dövr mis dövrünə qədər uzanan matriarxal dövrdür. İlk metal kəsici silahların ortaya çıxdığı zamana qədər davam edən bu dövrdə qadın yer üzündə yaradılışın səbəbi kimi təsəvvür olunan fövqəlgücü təmsil edirdi. Həyatın varlığını təmin edən bərəkəti rəmzləşdirirdi. Torpaq idi, tarla idi, bol məhsul zəmanəti idi. Anadoluda aparılan qazıntılarda tanrıça Kibela fiqurunun tapılması eramızdan əvvəl 6500 – 7000-ci illərə qədər uzanan qadın başlanğıclı mədəniyyətin olduğunu ortaya çıxardı.
Qadınların tarlaya tay tutulması o qədər güclü bir inanc idi ki, hətta patriarxal çağın şah mətnlərinin toplandığı Quranda belə unudulmamışdı.
Bu gün bəzi tənqidçilər Quranda kişilərə xitabən deyilən “qadınlar sizin tarlalarınızdır” deyimini islamın qadınları aşağılaması kimi yozur. Halbuki bu sözün müəllifi islam deyil, islamdan 3-4 min il əvvəl mövcud olmuş Şumer, Babil tanrıçalarıdır, yəni ana tanrılar. Şumer, Babil, Assur mədəniyyətlərindəki bərəkət kultunda ildə bir dəfə bahar ərəfəsində məbədlərdə gerçəkləşdirilən bir ayin vardı. Bu ayinlərdə kişilər və qadınlar bol nemətlərlə dolu süfrələr açır, yeyib-içir, sonra da kütləvi şəkildə cütləşirdilər.
Bu ayinlər əkinçiliyi rəmzləşdirən, bərəkət güclərini çağıran, əyləndirən, könüllərini xoş edən tamaşalar idi. Günümüzdəki Qurban bayramı da belə ayinlərin qalığıdır. İldə bir dəfə təşkil olunan məbədlərdəki bu kütləvi orgiyalarda kişilər əkən, qadınlar yetişdirən (torpaq) rolunu oynayırdılar. Bu orgiyalar torpağa toxum səpməyin simgəsi idi. Dilimizdəki “əkib-doğmaq” ifadəsi də o ayinlərin mirasıdır.
Kişilərə “qadınlar sizin tarlanızdır” deyən də ana tanrılar idi; İnanna, Anahit və s. Şumer, Babil mədəniyyətlərinin bərəkət kultunda qadın həqiqətən ildə bir dəfə tarla rolunu oynayırdı. Qadının tarla rolunu oynadığı çoxtanrılı dövrlərdə Məhəmməd peyğəmbərə vəhy göndərən “tək allah” hələ dünyaya gəlməmişdi.
Qadınların kişilərin tarlası olduğu dövrdə həyat bürokratik bir panteon tərəfindən idarə olunurdu; erkəkli-dişili çoxlu tanrı vardı və hər bir tanrı bir sahə üzrə ixtisaslaşmışdı. Ana tanrılar həyatın davamlılığını, doğuşu və bərəkəti öhdələrinə götürmüşdülər. Gücü deyil, şəfqəti təmsil edirdilər. İnsanlar onların məbədinə əylənmək, bayramlar keçirmək üçün axışırdılar. Bu məbədlərdə elə bir eyş-işrət ayinləri vardı ki, hətta ilk yəhudilər belə özlərinin tək tanrısı, onları gücə-gündüz izləyən, kiçik bir səhvlərinə görə kütləvi şəkildə lənətləyib fəlakətlərlə qorxudan Yahovaya xəyanət edib gizli yollarla Asiyanın ana tanrılarının məbədlərinə can atırdılar. Armstronq “Tanrının tarixi” kitabında bu barədə geniş yazıb. Ana tanrılar da yerə göydən enməmişdilər, onların əcdadları ibtidai dişi totemlər idi. Məsələn, türklərin “anası” sayılan dişi boz qurd, yaxud romalıları öz südüylə bəsləyən dişi canavar və s.
Misin kəşfiylə ortaya ilk metal silahlar çıxdı və hakimiyyət ovdan əlidolu qayıdan kişilərə ötürüldü. Kollektiv rifah kişilərin əlinə baxmağa başladı. Yerdə hakimiyyəti ələ alan kişiləri görən erkək tanrılar da tanrıçaların üstünə “kişilənməyə” başladılar və meydana bu gün bizim inandığımız tək kişi tanrı obrazı çıxdı. Onu ilk görən yəhudilərin peyğəmbəri Assuriya odusunun istefada olan polkovniki İbrahim oldu. Polkovnik peyğəmbər öz ixtisasına uyğun bir savaş tanrısı icad etdi, adını Yahova qoydu. İbrahim peyğəmbər Yahovanı yəhudilərə səmadan hökm edən bir general olaraq təlim etdi. Yahova özündən əvvəlki bütün qadın tanrıları yer üzündən silib atdı. Patriarxal çağ əvvəlcə səmada bərqərar oldu.
Qadının şərlə, şeytanla eyniləşdirilməsinin əsası qoyuldu. Bu eyniləşdirmə daha əvvəl zərdüştlükdə baş vermişdi. Hind-Avesta mətnlərində, induizmdə, induizmin törəməsi olan manixeizmdə qadın şeytanla işbirliyində ittiham olunub lənətlənirdi. Mani peyğəmbər, ümumiyyətlə, kişilərə qadınları yaxına buraxmamağı, onların doğub-törəməsinə vasitə olmamağı, bununla da tanrı zərrələrinin qadın bətnlərində həbsə atılmasının qarşısını almağı əmr edirdi. Mani peyğəmbərə görə, əsl həqiqətin üzə çıxması üçün yer üzündə insan nəsli kəsilməliydi. Ona inananlar əvədi şəhvət orucu tuturdular. Əhməni elitası manixeizmin yayılmasının qarşısını almaq istədikdə, Mani peyğəmbəri öz inancına uyğun mühakimə və edam etdilər: əgər əsl həqiqət insan nəslinin yer üzündən silinməsiylə bərqərar olacaqdısa, bu işə niyə bu iddianı ortaya atmış adamın özündən başlamayaq?
Aşağı-yuxarı eyni çağın düşüncəsini paylaşan yunan filosoflarının da qadına münasibəti heç də alqışa layiq deyildi. Aristotel qadını məzmun, kişini forma kimi görsə də, Platon qadını dövlətin yarısı adlandırsa da, yunan demokratiyasında hüquqi baxımdan qadınlar kölələrlə bərabər tutulurdu, ictiami həyatdan məhrum idilər.
Zərdüştilikdən yəhudiliyə ötürülən, yəhudilikdən xristianlığı sıçrayan qadın düşmənliyi yeni dində özünün ən yüksək zirvəsinə qalxdı. Xristianlıqda nəinki qadın, qadının doğduğu uşaq da günah və lənət içindəydi. Bu günah və lənət ona anasından keçirdi və təmizlənməliydi. Buna görə də kilsə doğulan uşaqdan ananın günahını və lənətini yumaq üçün vəftiz ayini deyilən bir ritual yaratdı. Vəftiz suyuna çəkilən uşaq onu dünyaya gətirən qadının əbədi lənətindən təmizlənirdi.
Bütün bu hadisələrin ucqarında qalan qədim türklərdə qadın nəinki aşağılanır, kişiyə bərabər tutulur, hətta bəzi məqamlarda ondan uca bir mövqeyə yerləşdirilirdi. Məsələn, hunlarla çinlilər arasında bağlanan ilk müqaviləni Mete xanın arvadı imzalamışdı. Halbuki həmin dövrdə Çində qadınlara ad belə vermirdilər, 1,2,3 və s. rəqəmlərlə çağırırdılar. Türklər Platonu oxumasalar da, qadını dövlətin yarısı hesab edirdilər. “Kitabi Dədə Qorqud”da qadın kişiylə igidlik yarışında təsvir olunurdu. Ərəb, İran, Bizans kültürlərinə bulaşana qədər türk ailəsi monoqamdır və türk toplumlarında çoxarvadlılığa münasibət bu gün də yolveriməzdir. Baxmayaraq ki, türk mifologiyasında da ilk günah Doğanayın arvadı Ecenin ayağına yazılır və qadın doğuş ağrısıyla cəzalandırılır. Yeri gəlmişkən, türk mifologiyasında insanlığın yaradılışı da fərqlidir. Altay yaradılış dastanında tanrı Qayra xan insanlığı torpaqdan deyil, qollu-budaqlı bir ağacdan yaradır. Yunan mifologiyasında ilk qadın Pandoradır, Zevs ona cehiz olaraq bir qutu hədiyyə edir və açmasını yasaqlayır. Amma Pandora qutunu açır, yəni qadağanı pozur. Yəhudi kişilər sabah dualarında qadın yaradılmadıqları üçün tanrılarına şükür edirlər. Xristianlığı qaranlıq çağlarının İngiltərəsində ər arvadını başqasına sata bilərdi.
Qadına bu cür aşağılayıcı yanaşma ta XVIII-XIX əsrə, feminizmin ilkin işartılarının göründüyü dövrə qədər davam etdi. Modern çağın başlanğıcı sayılan bu əsrlərdə “Gender – fərqlərin bərabərliyi” deyə bir anlayış ortaya atıldı. Şarl Furye XIX əsrin əvvəllərində ilk dəfə qadın azadlığı anlayışını gündəmə daşıdı. Furyenin təqdim etdiyi gender bərabərliyində fərdlərin deyil, fərqlərin bərabərliyi nəzərdə tutulurdu, amma zaman keçdikcə, bu anlayış da digər bəşəri anlayışlar kimi gücü təmsil edən zümrələr tərəfindən istismar aləti oldu. Furye iddia edirdi ki, qadın həyatda öz yerini tutmalıdır, siyasi maraqların istismar etdiyi günümüzün qadın azadlığı anlayışı isə qadınlara həyatda öz yerlərini deyil, kişilərin yerlərini ələ keçirməyə sövq edir. Kişi və qadın münasibətlərində baş verən bütün yırtıcı hadisələr də məhz bu sövqetmənin təzahürləridir. Çünki bu sövqetmənin məqsədi qadın azadlığı yox, qadın ağalığıdır. Amerikada bu ağalıq iddiasını “feminazi” termini ilə ifadə edirlər.
Biz hər şeyin informasiyaya çevirməsinə icazə verilən çağda yaşayırıq. Bir şeyi informasiyaya çevirmək nə deməkdir? Onu aşkara çıxarmaq, görünən etmək. Bu prinsip məhrəmlik duyğusunu yox edir. Məhrəmlik duyğusunu itirən adam üçün dəyər deyə bir ölçü qalmır. Bu gün virtual karnaval mühitini yaradan sosial şəbəkələr aşkara çıxarmaqla qalmır, üstəgəl, aşkara çıxarılanların bazarını yaradır. Yəni biz aşkara çıxarıb informasiyalaşdırdığımız hər şey sata bilərik. Biz hər şeyi informasiyaya çevirib yaymaqla onu satmağı düşünürük. Kimi öz bədəninin məhrəmini informasiyaya çevirib satır, kimi öz kültürünün, kimi öz evinin, öz ölkəsinin məhrəmini.
Hər şey satmaq üçün aşkara çıxarmaq hər şeyin çılpaqlaşmasına yol açır. Bizim azadlıq dediyimiz şey, əslində, çılpaqlaşmadır. Bu çılpaqlaşma ən şox qadın azadlığı adı altında nümayiş olunur. Çılpaqlaşmaq üçün özəl və məhrəm olan hər şeyi fəda etməlisiniz. Bu mədəniyyətə tamamilə zidd olan “fədakarlıqdır”. Mədəniyyətin gözəllik anlayışı pornoqrafik deyil, estetik məzmunludur: Gözəllik ondur, doqquzu dondur. Mədəniyyət gözəlliyin azadlığını donun içində görür. Donundan çıxan mədəniyyətdən çıxmış adamdır. Mədəniyyətsiz adamdır.
Milli mədəniyyətlər soyunaraq məhv olur. Sosial şəbəkələrdə özəl və milli olanın sözü keçmir. Azadlığın hər şeyin çılpaqlaşdırılması kimi başa düşülməsi azadlığı istismar olunan hala salır. Biz hər şeyimizi könüllü çılpaqlaşdırmaqla azadlığımızı istismar üçün təklif edirik.
Orta əsrlərdə köləlik istismar olunurdu, bu gün azadlıq istismar olunur! Sosial şəbəkədə paylaşılan gözəllik istismara təqdim olunan gözəllikdir. Məzmunca çirkin olandır! Sosial şəbəkələrdə münasibətlər gerçəkliyin özüylə deyil, onun imitasiyası, illuziyyası ilə kifayətlənmək üzərində qurulur. Münasibətlərin çılpaqlığı və kütləviliyi cəmiyyəti çimərlikləşdirir. Çimərlikdə çılpaqlıq kütləvi olduğu üçün özəlliyini itirir. Çünki çimərlikdə hər kəs könüllü olaraq özünü aşkara çıxararaq informasiyalaşdırıb.
İnformasiya bolluğu bizi yaradıcılıqdan məhrum edir. Yaradıcılıq maraqlanma hissindən güc alır. Çimərlikdə belə bir hiss olmur, biz çimərlikdə ölülər aləmindəyik. Sosial şəbəkələrdə də həmçinin.
Bu gün artıq qadın azadlığı Bön Çul Xanın sözləriylə desək, bir layihə şəklində gerçəkləşdirilir. Məqsədi nə yolla olur-olsun fərdi və fasiləsiz xoşbəxtlik hissinə sahib olmaqdır. Mənəvi baxımdan belə bir xoşbəxtlik növü mümkünsüzdür, onu yalnız maddi imkanlarla əldə etmək olar. Maddi imkan hesabına əldə edilən xoşbəxtlik isə bazarda satılır. “İstədiyini ala bildiyin qədər azadsan və qədər çox alırsansa, bir o qədər xoşbəxtsən”
Sekulyar dəyərlərin istismarıyla özünün iqtisadi gücünü təmin edən neoliberal kapitalizm rejiminin qadın azadlığı anlayışı bu prinsip üzərində qurulub.
Əvvəl qadının özü istismar olunurdu, bu gün qadının azadlığı istismar olunur.(Daha.az)