32 C
Bakı
16 İyul 2025 11:54
DünyaGündəmSiyasət

İran ətrafında geosiyasi vəziyyət

İranın iki dövlətli federasiyaya çevrilməsinin Güney Azərbaycanın və bütövlükdə Azərbaycan xalqının (Azərbaycan türkləri) maraqlarına nə qədər uyğun olduğu ilə bağlı suala cavab verməzdən öncə İranda dəyişikliyin nə qədər real olduğunu aydınlaşdırmaq lazımdır. Tarix bizə öyrədir ki, İran kimi ölkələrdə dəyişiklik yalnız daxili və xarici faktorlar üst-üstə düşdüyü zaman gerçəkləşə bilər. İranda dəyişiklik üçün xarici və daxili faktorlar üst-üstə düşürmü?

 

İlk öncə xarici faktorlarla bağlı məsələyə aydınlıq gətirmək lazımdır. Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri İranın sərhədləri demək olar kı, dəyişməyib. Bu müddətdə bir neçə böyük dövlət dağılaraq tarixin səhnəsindən çıxsa da, İranın sərhədləri dəyişməz qalıb. Qənaətimcə İranın sərhədlərinin bütövlüyünün dəyişməz qalmasının əsas səbəbi Rusiya mərkəzli avrasiyaçılıq olub.
İndi isə İranın bütövlüyünün əsas təminatı olan Rusiya mərkəzli avrasiyaçılıq məğlub olaraq çöküş mərhələsinə daxil olub. İsrailin və ABŞ-ın İrana qarşı hərbi əməliyyatı da bunun sübutudur.

 

Rusiya mərkəzli avrasiyaçılıq məğlub olmasaydı, İsrail İranın ərazilərini bombalaya bilməzdi.
İsrailin İrana hərbi müdaxiləsi zaman dişsiz bəyant verməklə kifayətlənməyə məcbur olan Rusiyanın düşdüyü durumun daha yaxşı anlaşılması üçün Moskvanın indiki mövqeyini Sovet İttifaqının məşhur “Altı günlük müharibə” zamanı tutduğu mövqe ilə müqayisə etmək istəyirəm.

 

Moskvanın təhriki ilə 1967-ci ildə başlamış məşhur “Altı günlük müharibə”də birləşmiş ərəb ordularını darmadağın edən, Misir və Suriya ərazilərini ələ keçirən İsraili Sovet İttifaqı nüvə zərbəsi endirəcəyi təhdidi ilə dayandırmışdı. Həmin hadisələr zamanı Ukraynadakı uzaqmənzilli bombardmançı təyyalərin korpusuna komandanlıq edən general-polkovnik Vasili Reşetnikov sonralar xaitələrində yazırdı: “1967-ci ilin yayında mən Ukraynada uzaqmənzilli bombardmançıların korpusuna komandanlıq edirdim. Baş Qərargah üç Tu-16 eskadrilyasını (təxminən 30 təyyarə) Misir Hərbi Hava Qüvvələrinin rənglərinə boyamaq əmri verib. Baş Qərargahın əmri ilə müəyyən edilmiş “döyüş meydanındakı obyektlər” İsrail ərazisində idi”.
SSRİ Hərbi Hava Qüvvələri Baş Qərargahının keçmiş zabiti, 1966-1967-ci illərdə Misirdə hərbi məsləhətçi olmuş Vladimir Timoşev həmin hadisələrlə bağlı danışarkən Sovet İttifaqının “kamuflyaj” edilmiş strateji aviasiya təyyarələrindən istifadə ideyasının Hərbi Hava Qüvvələrinin Qərargahına aid olduğunu qeyd edib. Həmin günlərdə Sovet İttifaqının sualtı qayıqları da İsrail sahilləri yaxınlığında yerləşdirilmişdi. Sovet İttifaqının İsrailə nüvə zərbəsi dünya müharibəsinə səbəb ola bilərdi. Amma Moskva regionda maraqlarını qorumaq və ərəb müttəfiqlərini xilas etmək üçün ən təhlükəli addımı atmağa hazır idi. Sovet İttifaqının qətiyyətli mövqeyini görən Vaşinqton İsraili hücumları dayandırmağa və ordularını geri çəkməyə vadar etdi.
İndi isə, Rusiya İranla birlikdə Yaxın Şərqdə fələkatli məğlubiyyətə düçar olduğunu anlayır, ancaq heç bir çəkindirici addım ata bilmir. Digər tərəfdən Ukraynaya qarşı geniş miqyaslı müdaxilənin başladığı 24 fevral 2022-ci ildən bəri Rusiya nüvə şantajını da gözdən saldığı üçün İranın müdafiəsi üçün bu şantajdan istifadə etməsi yalnız gülüşə səbəb olardı. Kremldə yaxşı anlayırlar ki, İsrail və ABŞ İran rejimini məhv etmək üçün Rusiyanın strateji tərəfdaşını xilas etməkdən ötrü edə biləcəyindən artığını etməyə qadirdilər. Ona görə də, ötən ilin dekabrında Suriyanı müdafiə edə bilməyən Rusiya indi də İranı taleyin ümidinə buraxmağa məcbur oldu.

 

Rusiyadan hər hamsısa ciddi dəstək ala bilməyən İran üzünü Çinə çevirib və Pekinlə qurmaq istədiyi əlaqələrə ümid edir. Lakin Rusiyadan fərqli olaraq Çinin öz sərhədlərindən uzaqda iri miqyaslı hərbi əməliyyatlar aparmaq ənənəsi olmadığı kimi, Çin cəmiyyətində belə avanturanı dəstəkləyəcək əhval-ruhiyyə də yoxdur. Ona görə Çin ən yaxşı halda İrana məhdud hərbi-texniki dəstək verə bilər ki, bu Yaxın Şərqin hava məkanına tam nəzarət edən İsrail Hərbi Hava Qüvvələrinin qarşısını ala bilməz.

İsrailə Amerikanın Northrop B-2 Spirit strateji bombardmançılarının, həmçinin çəkii 14 tona çatan GBU-57 bunker dağıdıcı bombalarının verilməsini nəzərdə tutan ABŞ Konqresinin Nümayəndələr Palatasında irəli sürülən qanun layihəsi Vaşinqtonun yeni Yaxın Şərq siyasətinin mahiyyətini müəyyən etməyə imkan verir. “Bunker Buster Act” (Bunkerlərin məhv edilməsi Qanunu) demokrat konqresmen Coş Gotthaymer və respublikaçı Mayk Louler tərəfindən irəli sürülüb. Konqresi formalaşdıran Demokratlar və Respublikaçıların təmsilçilərin birgə hərəkəti bir qayda olaraq Vaşinqtonin siyasi elitasının təşəbbüsü olaraq qəbul edilir. Amerikanın ən strateji silahlarından sayılan, bir ədədiniun qiyməti 2 milyard dollardan çox olan B-2 təyyarələri düşmənin sıx hava hücumundan müdafiəsini yarmaq və nüvə silahlarını daşımaq qabliyyətinə malikdir. Məhdud sayda olan bu strateji silahın bir neçəsini İsrailə verməklə ABŞ yəhudi dövlətinin Yaxın Şərqdə liderliyini əlçatmaz etməklə yanaşı, Yaxın Şərqdə Rusiyanın əldən qaçırdığı mövqeləri Çinin ələ keçirməsinin də qarşısını almağa planlayır. Bu qənaətimiz ona əsaslanır ki, B-2 təyyarəsi olmadan da İsrail Yaxın Şərqin hava məkanına sahib olmaqla yanaşı rəqibi olmayan bir hərbi hava qüvvələrinə malikdir. Deməli, B-2 təyyarələrinin verilməsi Yaxın Şərqin üçüncü bir dövlətin təsir dairsəinə düşməsinin qarşısını almalıdır.

 

İranın Rusiya ilə birlikdə Yaxın Şərqdə məruz qaldığı məğlubiyyət, İsrailin hakim gücə çevrilməsi İranı dəyişiklik mərhələsinə sürükləyib və bu prosesin geri dönüşü yoxdur. İranın Yaxın Şərqdəki məğlubiyyətinin siyasi təsir gücünü yalnız Rusiya mərkəzli avrasiyaçılığın çöküşünün doğurduğu siyasi təsirlə müqayisə etmək olar.
İranın mövqelərini sarsıdan digər bir məqam Suriya ilə bağlıdır. Bəşər Əsəd rejiminin devrilməsi ilə İranın on illiklər ərzində on milyardlarla dollar xərcləyib qurduğu “Şiə hilalı” tamamilə dağıldı. Suriya İranın Yaxın Şərqdəki mövqeyini qoruyub saxlaması üçün həyati əhəmiyyət daşıyan bir ölkədir. Bu ölkədə İrana qarşı düşmən olan rejimin formalaşması bir yana, Suriyanın normal bir ölkəyə çevrilməsi İran üçün Rusiya mərkəzli avarasiyaçılığın məğlubiyyətindən sonra ikinci böyük zərbədir.

 

Suriyanın yaxın və orta müddətdə normal ölkəyə çevrilə biləməyəcəyini sübit edən onlarla məqam olsa da, onlardan bir neçəsini qeyd edilməsinin yetərli olacağını düşünürəm. Suriyanın Ümum Daxili Məhsulunun 2011-ci il, yəni vətəndaş müharibəsinin başladığı ildən əvvəlki səviyyəsinə çatması üçün 400 milyard dollardan çox vəsait və 55 il vaxt lazımdır. İkincisi, Suriyanın İsraillə münasibətlərini normallaşdırması inkişaf üçün sərmayədən də qiymətlidir. Suriyanın İsraillə münasibətlərin normalaşması isə mümkün görünmür. Ölkəsinin düşdüyü vəziyyəti çox yaxşı dərk edən Əhməd əş-Şarra buna cəhdlər etsə uğur qazanması mümkün görünmür. Suriyanın özündə Şaraanın bu cəhdlərinin güclü əleyhidarları var. Məsələn, Əhməd əş-Şaraanın atası Hüseyn əş-Şaraa Suriyanın İsraillə münasibətlərinin normalaşması təşəbbüsünün qəti əleyhinə çıxıb. Suriya prezidentinin tası deyib ki, normallaşma bizim üçün intihardır. “Colan da bizimdir, Fələstin də”. Öz doğma atasını inandıra bilməyən Əhməd əş-Şaraa radikal dinçi kütləni neçə inandıra bilər? Buna görə də İsraillə normallaşma mümkünsüzdür. Hətta Əhməd əş-Şaraa cəsarət edib, belə bir addım atsa onu həyata keçirmək mümkün deyil.

 

Suriyanın normal bir dövlətə çevrilməsini istisna edən üçüncü amil isə dini və etnik azlıqların hazırkı hakimiyyətin tətbiq etməyə çalışdığı siyasi rejim və dövlət idarəçiliyi ilə barışmaq istəməsidir.

İsrail də Suriyada gedən prosesləri diqqətlə izləyir və onun mövcudluğunu təhdid edə biləcək istənilən təhlükəni beşiyində boğacağını nümayiş etdirir. Şaara hökumətinə bağlı qüvvələrinin mövqelərinin zaman-zaman bombalaması da bunun nəticəsidir. Unutmaq olmaz ki, İsrailin təhlükəsizlik strategiyasına görə yəhudu dövlətinə ən böyük təhlükə radikal sünnü dövlətlərindən gələ bilər. Ona görə də İsrail radikal islamçıların hakimiyyəti ələ keçirdikləri Suriyanın güclənməsinə heç bir zaman imkan verməyəcək.

 

İranı dəyişikliklər ərəfəsinə gətirən xarici faktorların içərində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Türkiyədə iqtidarın “Terrorsuz Türkiyə”, terrorçubaşı Abdullah Öcalanın “Barış ve Demokratik Toplum” adını verdikləri prosesdir. Hər iki hadisə İran toplumuna çox böyük təsir etməkdədir və daxili faktoru tətikləyən katalizatora çevriliblər.
Göründüyü kimi İranda dəyişiklikləri qaçınılmaz edəcək iki faktordan biri, xarici faktor 1828-ci ildən bəri ən güclü səviyyəyə çatıb. Bu isə o deməkdir ki, daxili faktor da buna müqabil olsa, İranda dəyişikliklər hökmən baş verəcək. İranın daxili vəziyyətinin dəyişikliklər üçün yetişib-yetişmədiyinə növbəti yazıda aydınlıq gətirməyə çalışacağam.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusundan sərt həmlə: Rusiya əraziləri ələ keçirildi

admin

Naxçıvan – Bakı reysi ilə uçan təyyarədə oksigen maskaları açılıb

redaktor

Putinin yeni planı: Bakıya buna görə gəlibmiş…

redaktor