Həbsdə aclıq aksiyası edən ictimai fəal və “Gənc Qazilər” İctimai Birliyinin keçmiş sədri Hacı Vəliyevin səhhətində ciddi problem yaranıb.
Bu barədə iyulun 15-də onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, vəkil Fəxrəddin Mehdiyev müalicə müəssisəsində Hacı Vəliyevlə görüşüb. Görüş zamanı Vəliyev səhhətinin daha da pisləşdiyini, lakin aksiyanı dayandırmaq niyyətində olmadığını bildirib. O, həmçinin saxlanma şəraitindən, gözündəki problemə görə müalicə olunmamasından və müəssisədə izolyasiya şəraitində saxlanılmasından narazılığını ifadə edib.
Hacı Vəliyev iyunun 21-dən “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başladığını açıqlayıb. Vəkilləri daha əvvəl onun yeriməkdə çətinlik çəkdiyini bildiriblər.
Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirib.
O, martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.
Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir. (Abzaedia)