21 C
Bakı
14 İyul 2025 09:31
CəmiyyətŞikayətTəhsil

Deməli, 160 000 + valideyn uşağının savadsız olmasının könüllü tərəfdarıdır.

Təhsil naziri Emin Əmrullayev deyir ki, “Rus bölmələrində ciddi şəkildə müəllim çatışmazlığı var və müəllimləri yarıbayarı aşağı balla işə götürürük. Niyə? Çünki başqa adam yoxdur”.

Bu o deməkdir ki, rus bölmələrində dərs deyən müəllimlər (rus dilində ali təhsil müəssisələrinə giriş balları da çox aşağıdır) yarıbayarıdan da az savadlıdırlar. Yəni maksimal aşağı balla pedaqoji universitetə və ya BDU-ya daxil olan abituriyent həmin hazırlıqla da ali məktəbi bitirir. Deməli, ali məktəb məzunlarının müəllim işləmək üçün ən sadə bilikləri şübhə altındadır. Belə nəticə kütləvi savadsızlıq deməkdir. Ölkənin səlahiyyətli və məsuliyyət daşıyan insanlarının bu faktı sakit qarşılaması biabırçılıqdır.

Lakin faciə təkcə bunda deyil.

Azərbaycanda 340 rusdilli orta məktəb, rus dilində təhsil alan 150-160 min şagird var. Rus bölmələrində oxumaq istəyənlərin sayı artır. Deməli, 160 000 + valideyn uşağının savadsız olmasının könüllü tərəfdarıdır. Faciə həmin valideynlərin könüllülük təfəkküründən qaynaqlanır. Məsələ bununla da bitmir.

Bu valideynlər anlamırlar ki, Azərbaycanda dövlət və özəl qurumlarda bütün yazışmalar, sənədlər və danışıq rəsmi dövlət dilindədir, yəni Azərbaycan dilində. Onların uşaqları Dostoyevskinin dilini harda işlədəcəklər?

Qonşum uşaqlarını çağalığından rus dilinə kökləmişdi. Çox razı və qürurlu idi. Bir dəfə ondan soruşdum ki, uşaqlar işləməyə başlayanda ana dilində çətinlik çəkməyəcəklər ki? Gözlərini döydü. İndi ana dilini öyrənməyə başlayıblar. Repetitor yanına gedirlər.

Rus dilində təhsil əlbəttə ki, Dostoyevskiyə məhəbbətdən qaynaqlanmır. Bu daha çox Rusiyanın Azərbaycanda ab-havasının hiss edilməsindən irəli gəlir. Əksəriyyət belə düşünür: nə qədər ki, Rusiya mövcudluğu hiss olunacaq, nə qədər ki, qonşumuz “məğlubedilməzdir”, “nəhəngdir”, rus dili trend olaraq qalacaq.

Bu şüuru sıfırlamaq valideynlərin könüllülük davranışına, guya demokratik seçim haqqına bağlanmamalıdır. Elə məsələlər var ki, prinsipial olaraq konservativ yollarla həll edilməlidir.

Arzu Qazıyeva

Tacxeber.com

Oxşar xəbərlər

“Fərqi nədir ki, məşqçinin azyaşlının anası ilə münasibəti var, ya yoxdur”

redaktor

Əsir anası: “Soruşdum ki, oğul, nə yeyib-içirsən?”

redaktor

Traktor sürücüsünə sürət həddini aşmağa görə cərimə göndərilib – VİDEO

redaktor