İyul ayınının 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voronici Kiyevdə qətlə yetiriblər.
Bu gün qatillərin öldürülməsi haqqinda məlumat yayıldı.
Ukraynanın məşhur jurnalisti Yuri Butusov bu hadisə ilə bağlı bəzi detalları yayıb.
Jurnalistin yazısını təqdim edirik.
“Rusiya agentləri tərəfindən SBU polkovniki İvan Voroniçin qətli ilə bağlı bu vaxta qədər məlum olan bəzi faktlar.
Qətl iki rus agenti tərəfindən həyata keçirilib, onlar cinayətdən dərhal sonra isti izlərlə aşkarlanıblar. Onların bu işə qarışdığına dair sübutlar son dərəcə inandırıcıdır, çünki ruslar bu şəxsləri birdəfəlik istifadə olunacaq vasitə kimi istifadə ediblər. Onlar dəyişdirilmək üçün dəyərli deyillər və FSB üçün heç bir əhəmiyyət daşımırlar. Onlar bu işi yalnız pul qarşılığında görüblər və sifarişçidən başqa heç nə bilməyiblər. Bu səbəbdən hər ikisi silahlı müqavimət göstərib qaçmağa çalışarkən zərərsizləşdiriliblər. Onların külləri belə izsiz yox olacaq.
Cinayətkarların kimliyi: icraçı — Quləlizadə Xağani, təminat — Nərmin Quliyeva. Hər ikisi Azərbaycan pasportuna malikdir, lakin əslində Rusiyadakı kriminal qruplarla sıx əlaqələri var.
Quliyeva 15 may tarixində Moldovadan Mayaki-Udobne sərhəd-keçid məntəqəsi vasitəsilə Ukraynaya daxil olub.
Xağani isə 2025-ci ilin 27 fevralında həmin Mayaki-Udobne məntəqəsindən Ukraynaya rəsmi şəkildə daxil olmağa cəhd edib. Lakin Ukrayna hüquq-mühafizə orqanlarının məlumat bazasında onun mafiya üzvü olduğu göstərildiyinə görə, ona ölkəyə giriş rəsmən qadağan edilib və 2030-cu ilə qədər giriş yasağı tətbiq olunub. Yəni qatil Ukraynada qeyri-qanuni şəkildə olub və fəaliyyət göstərib.
Killerlərin əsas hədəfi məhz İvan Voroniç olub. İvan, 2015-ci ildə işğal olunmuş ərazilərdə diversiya əməliyyatları üçün yaradılmış SBU-nun 5-ci Kontr-kəşfiyyat idarəsinin rəhbərlərindən biri idi. Bu bölmə, Rusiyanın onlarla tanınmış hərbi və xüsusi xidmət komandirlərini məhv edib. Son illərdə Voroniç SBU-nun başqa bir strukturunda xidmət göstərsə də, düşmən uzun müddətdir ona qisas almaq istəyirdi və Voroniç Rusiya üçün hələ də ən böyük düşmənlərdən biri sayılırdı. O, Ukraynanın ən yüksək mükafatlarına layiq görülüb, karyerasını siyasi sifarişlərlə deyil, əməli işlərlə qurmuşdu və döyüş yoldaşlarının hörmətini qazanmışdı.
Əvvəlcədən məlum olan məlumatlara görə, təəssüf ki, polkovnik Voroniç qeydiyyatda olduğu ünvan üzrə öz mənzilində yaşayırmış və bu ünvan bütün məlumat bazalarında göstərilib. Nəticədə, rus agentləri binanın girişində müşahidə aparıb və qısa müddətdə zabiti izləyərək qətlini təşkil ediblər.
Bu, genişmiqyaslı işğal başlayandan bəri Kiyevdə dövlət vəzifəli şəxslərinə qarşı Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və sübuta yetirilmiş ikinci qətl cəhdidir. Bu ildən əvvəl, yenə Kiyevdə, rus agentləri ZSU hərbi qulluqçusuna sui-qəsd təşkil etmişdilər, həmin şəxs möcüzə nəticəsində sağ qalmışdı. Ukraynanın digər şəhərlərində də həm hərbçilərə, həm də qələbəyə töhfə verən tanınmış könüllülərə qarşı terror aktları törədilib.
Rusiya xüsusi xidmət orqanları uzun müddətdir Ukraynada terror kampaniyası aparır və görünən odur ki, kriminal mühitdən agentlərin cəlb olunması daha da artacaq. Rusiyada Azərbaycan vətəndaşlarına qarşı kütləvi hücumlar və qətllərin genişlənməsi də ehtimal olunur ki, Rusiya xüsusi xidmət orqanlarının bəzi şəxsləri Ukraynaya qarşı terror fəaliyyətinə məcbur etmək cəhdləri ilə əlaqədardır. (Azadlıq Qəzeti)