37 C
Bakı
13 İyul 2025 15:04
DünyaHadisəSiyasət

İndi məlum olur ki, hazırda həyata keçirilən proje elə o vaxtdan hazırlanırmış …..

AKP ilə MHP 2023-cü ilin seçki kampaniyasını DEM (o vaxtkı HDP), PKK, Öcalan, Dəmirtaş əleyhdarlığı üzərində qurdu.

“CHP gəlsə, PKK ilə masaya oturacaq, onlara hüquqlar verəcək, həbsdəki və dağdakı terrorçular əfv ediləcək, Öcalan azadlığa buraxılacaq… Dövlətimizə sahib çıxmaq, vətənin bölünməsini əngəlləmək istəyirsinizsə, bizə səs verin”, – dedilər. Nəticədə öz seçiciləri ilə bərabər tərəddüd edən (qərarsız) seçicilərin də bir qismini inandırıb, qalib gəldilər. Şübhəsiz ki, Kılıçdaroğlu və Akşenerin müxalifətin qələbə şansını baltalayan addımları (bəlkə də yazılmış ssenaridə şüurlu olaraq rol almaları) da Ərdoğanın qələbəsinə münbit zəmin yaratdı.

İndi məlum olur ki, hazırda həyata keçirilən proje elə o vaxtdan hazırlanırmış və AKP ilə MHP əslində özlərinin nəzərdə tutduqları planı CHP-nin adına yazırmışlar…

Prezident Ərdoğanın bugünkü çıxışından anlaşılan budur ki, Atatürkün qurduğu, ortaq kimliyə və ortaq dəyərlərə söykənən milli dövlət sistemini dəyişdirib, Osmanlı dövründəki millət sisteminə uyğun, fərqli kimliklərə əsaslanan hazırkı Orta Şərq modelinə bənzər dövlət modelinə keçid düşünülür. (Neoosmanist vizyonla böyük türk-kürd konfederativ birliyi ideyası da gündəmə gətirilə bilər. Projenin hansı xarici mərkəzdən tövsiyə edildiyi yəqin ki, hamıya aydındır). Bunun üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Konstitusiya dəyişikliyini parlamentdə həyata keçirmək üçün 400, referenduma çıxarmaq üçün 360 səs lazımdır. Eyni zamanda, Ərdoğanın təkrar namizəd ola bilməsi üçün parlament 360 səslə erkən seçki qərarı verməlidir. Hər iki varianta Cumhur İttifaqının səsi çatmır. Amma DEM-in dəstəyi ilə 376 səs alınır. Konstitusiya dəyişikliyini ümumxalq səsverməsindən keçirmək və Ərdoğanı təkrar seçdirmək üçün isə kürd seçicilərin dəstəyinə ehtiyac var. Belə görünür ki, qarşılıqlı güzəşt addımları ilə bu prosesi aparmaq üçün Öcalanla anlaşma əldə edilib.

Bütün bunları reallaşdırmağın AKP-MHP ittifaqı üçün siyasi riskləri də ola bilər. Konstitusiyadakı türk vurğusunu çıxarmağın, yaxud çıxarmayıb, kürd və digər anlayışları ora əlavə etməyin, eləcə də terrorçular üçün ümumi əfv verməyin və digər qeyri-populyar qərarların zəruriliyini xalqa izah etmək lazım gələcək. Əlbəttə ki, bunu yenə “vətən bölünməsin, bayraq enməsin, azan susmasın”, “milli birlik, qardaşlıq” ədəbiyyatı ilə izah etməyə çalışacaqlar. Amma hər ehtimala qarşı bu dönəmdə seçkiləri uda biləcək güclü müxalif mərkəz və alternativ fiqurlar siyasi meydanda olmamalıdır. Bu səbəbdən CHP-ni dövlət gücü ilə əzməyə çalışıb, daxildən qaynaqlanan siyasi riskləri minimallaşdırmağa çalışırlar. Əkrəm İmamoğlundan sonra Mansur Yavaşın da həbs, yaxud başqa bir üsulla səhnədən kənarlaşdırılması ehtimalından danışılır. ABŞ-dan və Britaniyadan Türkiyədəki repressiyalarla bağlı adi narahatlıq bəyanatlarının da eşidilməməsi, Avropadan isə cılız səslərin çıxması təsadüf deyil.

CHP Konstitusiya dəyişiklikliyinə dəstək verərsə, həmçinin mərkəzi hakimiyyətə iddiasından vaz keçərək “cib müxalifəti” roluna razılaşarsa, repressiya dayandırılacaq və onun yerli hakimiyyəti öz əlində saxlamasına icazə veriləcək…

Bu ssenarinin qarşısını ancaq türk xalqının iradəsi ala bilər.

P.S. Sual yarana bilər deyə qeyd edim: istər Türkiyədə, istərsə Azərbaycanda bütün etnik və məzhəb qruplarının tam bərabərliyinə tərəfdaram və hər cür ayrı-seçkiliyin əleyhinəyəm. Lakin bu bərabərlik hər qrupa “sənə bu, sənə bu, sənə də bu” məntiqi ilə ayrı-ayrılıqda hansısa hüquqlar vermək şəklində yox, istisnasız bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğu, demokratik, dünyəvi, sosial hüquq dövləti çərçivəsində reallaşdırılmalıdır. Bununla bərabər, heç şübhəsiz ki, bir şəxsin siyasi maraqlarını və istiqbalını təmin etməyə yönəlmiş hər hansı prosesdən də xalqa və dövlətə xeyir gəlməz.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

62 ildən sonra İLK DƏFƏ: Qadınlar kosmoka uçacaqlar, siyahıda dünya ulduzu da var – FOTO

redaktor

Şəxsiyyət vəsiqəsinin müddəti bitən uşağa görə ailəni qatardan endirdilər – Gəncədə ŞOK

redaktor

Məktəb yaxınlığında narkotik satan şəxs tutuldu

redaktor