2024–2025-ci illər ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan intensiv danışıqlar Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün real bir fürsət kimi təqdim olunur. Lakin bu sülh yalnız iki dövlətin daxili istəyi və ya ikitərəfli iradəsi ilə izah oluna bilməz. Əksinə, bu proses regionda dəyişən geosiyasi konfiqurasiyaların, qlobal güc mərkəzləri arasında yeni qarşıdurmaların və müxtəlif aktorların (Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ) bir-birinə zidd maraqlarının fonunda dəyərləndirilməlidir.
Bu analizin məqsədi Azərbaycan-Ermənistan sülhünün mümkünlüyünü, bu istiqamətdə yaranan yeni imkanları, qarşıdakı riskləri və regional güclərin rolu çərçivəsində bu sülhün nə dərəcədə real və dayanıqlı ola biləcəyini təhlil etməkdir.
Rusiya ilə qarşıdurma: Azərbaycanın “post-Moskva” yönümü
2024–2025-ci illərdə Azərbaycan və Rusiya arasında münasibətlərdə müşahidə olunan gərginlik, sadəcə iki dövlət arasındakı diplomatik anlaşılmazlıqlarla izah oluna bilməz. Bu gərginlik postimperial münasibətlərin dağılması, Kremlə yönəlik struktur etimadsızlıq və Azərbaycan hakimiyyətinin yeni geosiyasi strategiyası ilə sıx bağlıdır.
Xüsusilə 2024-cü ilin sonunda Yekaterinburqda iki azərbaycanlının Rusiya polisi tərəfindən öldürülməsi, bu hadisəyə rəsmi Bakının sərt cavabları – Rusiya səfirliyinə nota, Rusiya mədəniyyət tədbirlərinin ləğvi, “Sputnik Azərbaycan”ın fəaliyyətinin dayandırılması – artıq protokol böhranı deyil, strateji müstəvidə etimadsızlığın simvoluna çevrildi (Elman Fəttah. KHAR Center, 2025). Hadisələrin bu cür eskalasiyası həm də onu göstərdi ki, Azərbaycan cəmiyyətində və siyasi elitasında Rusiya ilə “qardaşlıq narrativi” tükənməkdədir.
Rusiya vasitəçiliyindən imtina: Azərbaycan, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlılarının bölgəyə daxil olmasına razılıq verməklə Moskvanın regionda “geosiyasi hakimi-mütləq” rolunu qısa müddətlik tanımışdı. Lakin bu razılığın texniki icrası zamanı – xüsusilə Rusiya sülhməramlılarının neytrallığını şübhə altına alan davranışlar, onların erməni separatçılarına dolaylı dəstək verdiyinə dair ittihamlar və 2023-cü ilin sonunda Qarabağa nəzarətin bərpası, ardınca da sülməramlıların çıxarılması – Bakının Moskva ilə bağlı strategiyasının əsasən dəyişməsinə səbəb olmuşdu.
Bu, təkcə taktiki seçimə bənzəmir, Azərbaycanın regional siyasətdə “post-Moskva konfiqurasiyası” dövrünə hazırlaşdığını göstərir. Bu konfiqurasiya çərçivəsində Bakı özünü Rusiya modelindən fərqli olaraq suveren, rasional, çoxvektorlu və normativ güc kimi təqdim etməyə çalışır.
Azərbaycan üçün yeni status–“Sabitləşdirici aktor” rolu: Rusiya ilə qarşıdurma Azərbaycan üçün yalnız geopolitik təhlükəni azaltmaq anlamına gəlmir. Bu, eyni zamanda öz beynəlxalq mövqeyini yenidən formatlamaq imkanı yaradır. Rəsmi Bakı Cənubi Qafqazda yeni təhlükəsizlik düzəni qurmaq, regionda normativ qaydalara söykənən hüquqi status-kvonu formalaşdırmaq və özünü həm Qərb, həm də region dövlətləri qarşısında “sabitləşdirici və qərarverici aktor” kimi təqdim etmək niyyətindədir (Stronski, 2023). Bu rol həm iqtisadi (enerji təchizatı, nəqliyyat dəhlizləri), həm təhlükəsizlik (anti-terror və sərhəd sabitliyi), həm də diplomatik (vasitəçi və nizamverici) sahələri əhatə edir.
Əgər Ermənistanla sülh müqaviləsi məhz Qərb vasitəçiliyi altında imzalanarsa, bu, Rusiya hegemonluğunun geridə qaldığını simvolizə edən önəmli normativ dönüş nöqtəsi olacaq. Azərbaycanın bu prosesi öz inisiyativi ilə irəlilətməsi onu regionda Kremlə alternativ aktor kimi təqdim edir və bu, Rusiya üçün təkcə strateji yox, həm də ideoloji məğlubiyyət olacaq.
Türkiyə–Ermənistan Yaxınlaşması: Tarixi açılım, yoxsa balans siyasəti?
Türkiyə ilə Ermənistan arasında son illərdə yenidən intensivləşən diplomatik təmaslar Azərbaycan-Ermənistan sülh prosesi üçün mühüm regional konteksti formalaşdırır. Tarixi olaraq 1993-cü ildə bağlanan sərhəd və diplomatik münasibətlərin olmaması iki ölkə arasında dərin bir siyasi uçurum yaradıb. 2009-cu ilin Sürix protokolları bu əlaqələri bərpa etmək məqsədi daşısa da, həm Türkiyə daxilindəki siyasi müqavimət, həm də Azərbaycanın sərt təpkisi nəticəsində proses iflasa uğradı (Chatham House 2010). Lakin 2020-ci il Qarabağ müharibəsindən sonra, vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.
Yeni konfiqurasiya–“Post-Qarabağ” dönəmi və diplomatik fürsətlər: 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın hərbi üstünlüyü və ərazi nəzarətini bərpa etməsi regiondakı siyasi status-kvonu dəyişdi. Bu, Türkiyə üçün Ermənistanla münasibətləri yenidən gözdən keçirmək üçün imkan yaratdı, çünki artıq Bakı ilə koordinasiyalı şəkildə hərəkət etmək və Ermənistanla münasibətləri Azərbaycanı narahat etmədən qurmaq daha asan görünürdü (Cornell, 2025). 2022-ci ilin əvvəlindən etibarən Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin birbaşa görüşləri, qarşılıqlı uçuşların bərpası və humanitar əsaslı sərhəd keçidlərinin müzakirəsi yeni bir mərhələyə keçidi göstərir (ICG, 2025).
Ermənistan üçün alternativ təhlükəsizlik və inteqrasiya yolu: Paşinyan rəhbərliyindəki Ermənistan üçün Türkiyə ilə yaxınlaşma həm iqtisadi çıxış, həm də Rusiya təhlükəsizlik modelindən uzaqlaşmaq üçün diplomatik alternativdir. Ermənistanda son illər Rusiya təsirinə qarşı ictimai narazılıq artıb və Türkiyə ilə normallaşma bu mənada həm sabit elektoratın dəstəyini möhkəmləndirmək, həm də strateji olaraq Qərb strukturlarına inteqrasiya yolunda ardıcıl addım kimi qiymətləndirilir (Giragosian, 2023). Bu yaxınlaşma Ermənistanın regionda “blokadasız diplomatiya” konsepsiyasına uyğun siyasət yeritməsinə şərait yaradır.
Türkiyənin strateji maraqları: İnteqrasiya və vasitəçilik: Türkiyə üçün Ermənistanla münasibətlərin bərpası yalnız ikitərəfli deyil, həm də geosiyasi məsələdir. Birincisi, bu addım Türkiyənin Cənubi Qafqazda etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir. İkincisi, Türkiyə bu kanaldan istifadə edərək Qərb qarşısında “sabitlik yaradan regional güc” imicini möhkəmləndirə bilər – xüsusilə, Ukrayna müharibəsi fonunda artan geosiyasi rolunu diversifikasiya etmək üçün (Vilsoncenter 2024). Eyni zamanda, bu açılım Ankaranın Ermənistan vasitəsilə İran və Rusiya ilə balanslaşdırılmış diplomatik oyun qurmasına şərait yaradır.
Azərbaycanın baxışı: Faydalar və narahatlıqlar: Azərbaycan üçün Türkiyə-Ermənistan yaxınlaşması ziddiyyətli bir hadisədir. Bir tərəfdən, bu proses Ermənistanın regiona daha dərin inteqrasiyasına, kommunikasiyaların açılmasına və normallaşmaya töhfə verə bilər. Lakin digər tərəfdən, Bakı üçün Türkiyənin regional siyasətində “Azərbaycan mərkəzliliyi” azalarsa, bu, strateji balansın dəyişməsi deməkdir. Ankara-İrəvan əlaqələrinin sürətli inkişafı Bakı-Ankara münasibətlərində “xüsusi münasibət” statusunu nisbətən zəiflədə bilər – xüsusilə də Ermənistanla yaxınlaşma Azərbaycandan asılı olmadan həyata keçirilərsə. Bu riskin qarşısını almaq üçün Türkiyə rəsmiləri daim bəyan edirlər ki, Ermənistanla normallaşma prosesi “Azərbaycanla koordinasiyalı” şəkildə aparılır (TRT World, 2022). Lakin rəsmi Bakıda Türkiyə–Ermənistan münasibətlərinin daha da dərinləşməsinin Azərbaycanın Cənubi Qafqazda yeganə geosiyasi prioritet statusuna xələl gətirə biləcəyi narahatlığı şübhəsiz ki, vardır.
Ermənistanın Qərbə doğru yönələn stratejisi və bunun sülhə təsiri
Baş nazir Nikol Paşinyanın rəhbərliyindəki Ermənistan hökuməti son illərdə açıq şəkildə Rusiya təhlükəsizlik arxitekturasından uzaqlaşmaq xəttini seçib. Bu dəyişikliklər özünü bir neçə fundamental istiqamətdə göstərir: Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə etimadsızlıq, Qərb strukturları ilə – xüsusilə, Avropa İttifaqı (Aİ) və ABŞ ilə – daha sıx əməkdaşlıq və Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi mühüm siyasi bəyanatlarla.
KTMT və Moskva ilə bağlılıqdan uzaqlaşma: Ermənistanın KTMT-yə qarşı tənqidi ritorikası 2022-ci ilin sentyabrında Azərbaycanla baş verən sərhəd toqquşmaları zamanı bu təşkilatın hərbi müdaxilədən imtina etməsi ilə gücləndi. Ermənistan cəmiyyətində və siyasi dairələrində KTMT-nin “təhlükəsizlik zəmanəti” statusu ciddi şəkildə sarsıldı və təşkilata üzvlüyün faydaları sual altına düşdü. 2023-cü ildə Ermənistan hökuməti KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etdi və 2024-cü ilin əvvəlində təşkilatdan çıxma ehtimalını açıq şəkildə gündəmə gətirdi (Eurasianet, 2024).
Bu fonda Ermənistanın Qərb strukturlarına yönəlməsi paralel şəkildə intensivləşib. Aİ ilə “Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” çərçivəsində siyasi və hüquqi islahatlara dair öhdəliklər artırılıb. 2023–2024-cü illərdə Avropa İttifaqının müşahidə missiyasının Ermənistan–Azərbaycan sərhədində yerləşdirilməsi və NATO ilə tərəfdaşlığın dərinləşdirilməsi Ermənistanın təhlükəsizlik konsepsiyasının əsas dönüş nöqtəsi oldu (EUMA Contracts 2024-2025).
Əlavə olaraq, Ermənistan hökuməti 2024-cü ildə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqla, postmüharibə reallıqlarını qəbul etdiyini və sülhə siyasi iradə göstərdiyini nümayiş etdirdi. Bu bəyanat Paşinyanın 2022-ci ilin oktyabrında Praqada verdiyi açıqlamalardan sonra daha konkret xarakter aldı (CivilNet, 2024).
Sülh müqaviləsi–Ermənistan üçün qurtuluş strategiyası: Yuxarıda qeyd olunan transformasiyalar fonunda Ermənistan sülh müqaviləsini təkcə Azərbaycanla münasibətlərin normallaşması kimi deyil, həm də Rusiya təsirindən hüquqi və siyasi şəkildə çıxışın əsaslandırılması kimi qəbul edir. Yəni bu sülh Yerevan üçün bir növ “qurtuluş aktı”dır – təkcə münaqişəyə son qoymaq deyil, həm də yeni bir geosiyasi orientasiyanın təməlini qoymaqdır (CMF 2024).
Bu strategiya Azərbaycanın maraqları ilə tam şəkildə üst-üstə düşməsə də – çünki Bakı Rusiyanın zəifləməsini dəstəkləsə də, Ermənistanın Qərb platformalarında daha güclü şəkildə mövqe tutması qarşısında ehtiyatlı davranır – yenə də qarşılıqlı qazanclı bir sülh üçün nadir tarixi imkan formalaşdırır. Azərbaycan üçün bu, Qərbin vasitəçiliyi ilə hüquqi statuslu razılaşmaya nail olmaq və Ermənistanı yeni hərbi balanslardan uzaq saxlamaq üçün mühüm fürsətdir.
Sülhün mümkünlüyü: Real, amma zəif bünövrəli ümid