20 C
Bakı
11 İyul 2025 09:36
CəmiyyətGündəmHadisəŞikayətSiyasət

Siyasi məhbusun cəza rejimi ağırlaşdırıldı: “Elə döymüşdülər, üç gün qulağımdan qan gəldi”

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejimi ağırlaşdırılıb. Onun ümumi rejimli cəzaçəkmə müəssisəsindən 6 aylıq həbsxana rejiminə köçürülməsinə qərar verilib. Bu qərarı iyulun 10-da Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev çıxarıb.

İctimai fəalın həbsxana rejiminə köçürülməsindən ötrü onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi məhkəməyə təqdimat verib. Təqdimatda cəzasının sonuna – 2026-cı ilin avqustunadək E.Mustafayevin bu rejimdə saxlanması istənilib. İddia olunub ki, gənc fəal daxili intizam qaydalarına əməl etmir, cəzaçəkmə müəssisəsində müxalifətçiliklə məşğul olur, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir və s. Bu üzdən, ona dəfələrlə töhmət verildiyi də təqdimatda əksini tapıb.

İyulun 10-dakı məhkəmədə E.Mustafayev təqdimatda yazılanların hamısının yalan və onu həbsxana rejiminə köçürməkdən ötrü uydurulmuş bəhanələr adlandırıb. Cəzaçəkmə müəssisəsinə köçürülən gündən orada müxtəlif təzyiqlərlə üzləşdiyini deyən ictimai fəalın sözlərinə görə, rəisin otağında döyülüb: “Samir və Əli adlı əməkdaşlar məni elə döymüşdülər, qulağımdan üç gün qan gəldi. Sonra 10 gün də çirk axdı”.

 

E.Mustafayev ona tibbi yardım göstərilmədiyini söyləyir

O, cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalmasından prokurorluğa, Penitensiar Xidmətə şikayət etsə də, indiyədək nə kiminsə gəlib dindirdiyini, nə də izahatı alındığını bildirib.

E.Mustafayev bunu da əlavə edib ki, cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər apreldə siyasi fəal Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyasına dəstək olaraq aclıq etməsinə, bir də müəssisədəki mağazada qiymətlərin həddindən artıq bahalığına etirazına görə olub: “Bananın kilosunu 6 manata satırlar. Ümumiyyətlə, hər şeyi iki-üç qat baha satırlar”.

Məhkəməyə cəzaçəkmə müəssisəsinin nümayəndəsi də qatılıb. Deyib ki, E.Mustafayev daxili qaydalara əməl etmədiyindən daim cəza kamerasında olub. O, təqdimatın təmin olunmasını təklif edib.

Vəkil Zibeydə Sadıqova isə məhkəməyə bir müddət öncə azadlığa buraxılmış jurnalist Əvəz Zeynallının E.Mustafayev haqqında müsahibəsi olan diski təqdim edib. Ə.Zeynallı da 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb. O, müsahibəsində E.Mustafayevin müəssisədə işgəncəyə məruz qalmasından danışır. Vəkil bildirib ki, şahid də E.Mustafayevin işgəncəyə məruz qaldığını və müəssisə rəhbərliyinin ona qarşı qərəzli olduğunu təsdiqləyir.

Prokuror təqdimatın qismən təmin olunmasını – E.Mustafayevin 6 aylığa həbsxana rejiminə köçürülməsini təklif edib. Qısa müşavirədən sonra hakim də bu təklifə uyğun qərar çıxararaq ictimai fəalın yarım il müddətinə həbsxana rejiminə köçürülməsinə qərar verib.

E.Mustafayevin ailəsindən AzadlıqRadiosuna bildirilib ki, Nizami rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

 

Xatırlatma

E.Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Özü isə iş materiallarında yazılanları yalan adlandırır, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

E.Mustafayev daha öncə xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuşdu. İctimai fəal o zaman da ittihamları qəbul etməmişdi.

Hazırda “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və daha iki üzvü – Ayxan İsrafilov və Möhyəddin Orucov da həbsdədir. Onlar da işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər.

Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs olunanların konkret faktlar əsasında saxlanıldığını bildirirlər. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

“İstəyirlər ki, uşaq göygöz, sarışın olsun“ – Süni mayalanma mütəxəssisi

redaktor

“Paşinyan yaxşı bilir ki, Putin onu satqın hesab edir” – Markov

redaktor

Makron Paşinyana təzyiq edir: Fransanın sensasion “Azərbaycan planı”

redaktor