Azərbaycanın siyasi hakimiyyəti uzun illərdir özünü “ənənəvi dəyərlərin müdafiəçisi” kimi təqdim edir. “Dəyərlər” deyəndə isə ilk növbədə “İslam”, “milli-mənəvi əsaslar” və “cəmiyyətin əxlaqi tərbiyəsi” vurğulanır. Lakin bu anlayışlar əməldə tam əksinə, ayaqlar altına atılır. Son hadisə isə bunu bütün çılpaqlığı ilə göstərdi: Nardaranda “Sea Breeze Casino” açılır, amma Aşura günü məscidlərə polis postları yerləşdirilir.
Əli Quranda, ruhu kazino otağında olan Prezident İlham Əliyevin son məscid ziyarəti zamanı Quranı öpməsi dövlət televiziyaları və hakimiyyətə yaxın media orqanlarında geniş yayımlandı. Lakin bu görüntülərin fonunda onun keçmiş kürəkəni, əyləncə sənayesindən milyonlar qazanan Emin Ağalarova qumarxana açmağa icazə verilməsi cəmiyyətin suallarını cavabsız qoydu. Onsuz da səssizliyə öyrəşmiş hakimiyyət tənqidi səsləri, azsaylı müstəqil jurnalistləri, ya həbs edir, ya da susdurur. İlham Əliyev Azərbaycanı şəxsi mülkiyyəti kimi idarə edir və ona “dur” deyənlərin çoxu hazırda müxtəlif qondarma ittihamlarla ölkə həbsxanalarında saxlanılır.
Bir zamanlar Bakının Nardaran kəndi müqavimətin simvolu idi. İndi isə ruletka masası. Nardaran Azərbaycanın dini kimliyinin, dindar təbəqəsinin və illərlə repressiyalara qarşı dirəniş göstərmiş insanların simvoludur. 2015-ci ildə bu kənd amansız repressiyalarla susduruldu. İndi isə bu tarixi və mənəvi məkanın adı “Nardaran Sea Breeze Casino” kimi təqdim olunur. Bu, təkcə dini dəyərlərə deyil, həm də xalqın kollektiv yaddaşına və keçmiş travmalarına qarşı açıq-aşkar hörmətsizlikdir.
Aşura günü, İmam Hüseynin şəhidliyinin anım günü, Azərbaycanın dindar əhalisi üçün mühüm mənəvi əhəmiyyət daşıyır. İnsanlar məscidlərə axışmaq istəyir, lakin həmin gün məscidlər polis nəzarətinə alınır və girişlərə məhdudiyyət qoyulur. Açıq deyim, mənim dini inanclarım yoxdur, amma uşaqlıqdan görmüşəm ki, məscidlər cəmiyyətin bir parçası olub.İnsanlar orada ibadət ediblər. Bu, bütün dünyada belədir.
Hazırda süründürməciliyə məruz qaldığım İsveçrədə belə görürəm ki, müsəlmanlar burada daha sərbəst ibadət edə bilirlər. Heç kim onları izləmir, məscidlərin qarşısında polis postu qoymur, ibadətləri qadağan etmir. Eyni qaydada burada digər dinlərə mənsub insanlar da öz inanclarını və qəhrəmanlarının anım günlərini sərbəst şəkildə qeyd edə bilirlər və buna görə onlara heç kim mane olmur.
Bu hadisə Azərbaycanda təkcə dini azadlıqların boğulması deyil, həm də Azərbaycan hakimiyyətinin “əxlaq” anlayışını bazarlıq predmetinə çevirməsinin simvoludur. Bir tərəfdə Quran tutan əllər, Həccə gedib “şeytan daşlayan” İlham Əliyev; digər tərəfdə isə ailəsinə kazino lisenziyası verən eyni adam…
Sual açıq qalır: Azərbaycanın gələcəyi nə olacaq?
İndi Azərbaycanda “şeytanı kim daşlayacaq?”
Bəli, gələcək haqqında danışmaq çətin ola bilər. Amma bir şeyi də deyim: keçmiş və bu gün haqqında susmaq mümkün deyil. Bu ölkədə artıq 23 ildir ki, ‘şeytan’ adlandırılası bir rejim hökmranlıq edir, və biz bu rejimin qurbanı olanların səsini duyurmaqdan vaz keçə bilmərik.