İran Prezidenti Məsud Pezeşkianın Aşura mərasimlərində fəal şəkildə iştirakı regionda geniş müzakirələrə səbəb olub. Siyasi şərhçilər hesab edirlər ki, ölkə rəhbəri bununla şəxsi səmimiyyətini və Tehranın dini ənənələrə olan bağlılığını vurğulamaq istəyir. Hətta Pezeşkianın bu cür hərəkətlərinin xalqla birliyi gücləndirmək və ölkənin dini kimliyini ön plana çıxarmaq məqsədi güddüyü qeyd edilir.
Bu şəbehlər İran xalqını daha da birləşdirə bilərmi?
Globalinfo.az-a danışan yazıçı, araşdırmaçı Həmid Herisçi bildirib ki, hazırda Güney Azərbaycanda ciddi bir inqilab baş verir:
“Bunu “qırmızı” yox, “ağ inqilab” adlandırardım. “Ağ inqilab” mövcud qayda-qanunlardan istifadə edərək vəziyyətdən faydalanıb öz maraqlarını ən yüksək səviyyədə təmin etmək deməkdir. Təbrizlilər həmişə bu üsuldan istifadə edir. Əslində, onlar Aşura günlərində Məhərrəmlik rituallarında iştirak etməklə öz birliklərini nümayiş etdirirlər. Bu, yalnız onların dindar olduqlarını göstərmir, eyni zamanda təbrizlilərin birgə səfərbərliyini də ortaya qoyur. Xalqın səfərbərlik modeli sayılan bu prinsip öz nəticələrini ən effektiv şəkildə göstərir”.
Araşdırmaçı qeyd edib ki, Pezeşkianın dini mərasimlərdəki fəallığı, həm fərqli idarəçilik üslubuna, həm də ictimai dəstəyi saxlamağa çalışmasına xidmət edir:
“İran dövlətinin öz qayda-qanunları mövcuddur. Son hadisələr göstərdi ki, münasibətlərimizi qarşılıqlı hörmət əsasında qurmalıyıq. Belə böyük bir ölkənin rəhbərinin azərbaycanlı olması və öz qardaşı İlham Əliyevlə ana dilimizdə danışması böyük bir uğurdur. Burada nöqsan axtarmaq düzgün olmazdı. Təbrizlilər və İran lideri sadəcə olaraq, köhnə adət-ənənələrə yeni bir məzmun əlavə ediblər”.