27 C
Bakı
06 İyul 2025 15:48
CəmiyyətGündəmHadisəİqtisadiyyatMaraqlı

Guya ki, hansısa dövlətlərin Azərbaycanla bağlı çox məkrli planları var və buna görə də quru sərhədlər bağlı saxlanılmalıdır.

Tofiq Yaqublu həbsxanadan yazır:

 

Rejimin təyin etdiyi qondarma, həm də yaltaq deputatlar, ekspertlər və jurnalistlər bu dəfə də İsrail-İran müharibəsinə istinad edərək ölkənin quru sərhədlərinin bağlı saxlanılmasını İlham Əliyevin uzaqgörən siyasəti kimi təqdim edirlər. Milyonlarla vətəndaşımızın, həmçinin qonşu ölkələrdə yaşayan soydaşlarımızın həyatını zəhərə döndərmiş, onları böyük məsrəflərə, vaxt itkisinə məruz qoymuş, bir sıra hallarda hətta faciələrinə səbəb olmuş bu qanunsuz, ədalətsiz və absurd qərarı müdafiə etmək tərbiyəsizlikdən başqa bir şey deyil. Əgər İlham Əliyev Kəlbəcərdə dəniz limanı tikərsə, həmin tiplər onun bu əməlini də alqışlayarlar.
Xatırlayırsınızsa, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra da bu cür eybəcər təbliğat aparılırdı. Dediklərinin məğzi də budur ki, əgər quru sərhədlərimiz açıq olsaydı, müharibənin yaratdığı qaçqın ordusu ölkəmizə axın edəcəkdi və bu da ciddi problemlərə gətirib çıxaracaqdı. Bu versiyanın nə qədər puç və absurd olduğunu izah edəcəm. Ümumilikdə quru sərhədlərin bağlı saxlanılmasını qonşu ölkələrdə baş verən hərbi münaqişələrlə yox, hansısa mücərrəd xarici təhlükə ilə əlaqələndirirlər. Guya ki, hansısa xarici dövlətlərin və mərkəzlərin Azərbaycanla bağlı çox məkrli planları var və buna görə də quru sərhədlər bağlı saxlanılmalıdır. Amma indi bir məqama diqqət yetirək. Belə çıxır ki, İlham Əliyev Rusiyanın Ukraynaya, İsrailin də İrana hücum edəcəyini xeyli əvvəldən bilirmiş, ona görə də sərhədləri bağlı saxlayırmış. Onda belə mənzərə yaranır ki, İlham Əliyev ABŞ-nin MKİ-dən, İsrailin Mosaddan, Böyük Britaniyanın M-6-dan  və s. daha artıq kəşfiyyatçıymış və Putinlə Netanyahunun beynində hansı planlarının olduğunu dəqiqliklə müəyyəm edibmiş. Gülünc deyilmi? Quru sərhədlərin bağlı saxlanılması haqda rəsmi məlumatlara  baxanda, yalan və həyasızlıq göz deşir. Nazirlər Kabineti quru sərhədlərin bağlı saxlanması rejimini koronavirusu səbəb göstərir, amma İlham Əliyev isə deyir ki, bunun səbəbi ölkənin təhlükəsizlik problemləri ilə bağlıdır və təbliğat da məhz ikinci versiya üzərində qurulur.

 

Artıq 3 ildən çoxdur ki, dünyanın heç bir yerində koronavirusla bağlı məhdudiyyətlər tətbiq edilmir. Yadınızdadırmı, pandemiya dövründə İlham Əliyev deyirdi ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan çox böyük uğur qazanıb, bu sahədə dünyanın lider dövlətlərindən biridir və başqa dövlətlərə də kömək əlini uzadır. Bəs onda necə olur ki, bütün dünya koronavirusu çoxdan unutduğu bir zamanda bu “lider ölkə” hələ də ona qarşı mübarizə aparır? Quru sərhədlərin bağlı saxlanılmasıının səbəbi haqda heç olmasa vahid bir bəhanə də uydura bilmirlər. Tutaq ki, koronavirus bəhanəsindən əl çəkdilər və Nazirlər Kabineti quru sərhədlərin bağlı saxlanılmasını daha onunla əlaqələndirmədi, ancaq yenə də saxtakarlığı gizlətmək mümkün olmayacaq. Ortaya onda belə bir sual çıxacaq. Necə olur ki, quru sərhədlərin açıq olması dünyada təkcə Azərbaycana təhlükəsizlik probleemi yaradır? Axı dünyada quru sərhədləri bağlı olan ikinci bir dövlət yoxdur. Hətta Şimali Koreyanın da quru sərhədləri bu səbəblə qapalı deyilsə, niyə Azətbaycan dünyada ağ qarğaya çevrilib? Necə olur ki, müharibə aparan Rusiyanın, Ukraynanın, İranın, İsrailin, Pakistanın, Hindistanın və s. ölkələrin quru sərhədləri bağlanmır, amma sülh və əmin-amanlıq içində yaşayan Azərbaycanın quru sərhədləri təhlükəsizlik səbəbi ilə bağlı saxlanılır? Belə çıxır ki, quru sərhədlərini bağlamayan bütün dünya dövlətləri dəli olublar, təkcə Azərbaycan ağıllı çıxıb. Məgər digər dövlətlərin təhlıükəsizlik qayğıları yoxdur?

Quru sərhədlərin bağlı saxlanılmasının Rusiya – Ukrayna və İsrail – İran müharibəsi ilə əlaqələndirilməsi praktiki şəkildə tam ifşa olundu. Deyilir ki, əgər quru sərhədlərimiz açıq olsaydı, ölkəmizə böyük qaçqın axını olacaqdı ki, bu da humanitar fəlakətə yol açardı, həm də həmin qaçqınların arasında təxribatçı elementler də ölkəmizə sıza bilərdilər. Putin Ukraynaya hücum edəndə, həqiqətən də Rusiyadan böyük qaçış dalğası başladı, amma nə Gürcüstan, nə də Qazaxıstan, bu ölkə ilə quru sərhəddini bağlamadı. Bu ölkələrdə Azərbaycan hakimiyyətinin iddia etdiyi hadisələr də baş vermədi. Əksinə, həmin ölkələr bundan ciddi fayda da götürdülər. Bunu Gürcüstan timsalında daha aydın görmək olar. Həmin dövrdə Gürcüstana onminlərlə rusiyalı gəlmişdi. Onların əksəriyyəti müharibəyə getmək istəməyən gənclər və onların ailə üzvləri idilər. Lakin Gürcüstana qaçan rusiyalıların sayı humanitar fəlakətə səbəb olacaq saydan dəfələrlə az idi. Müharibənin qorxusundan qaçmış rusiyalılar nisbətən imkanlı təbəqəyə aid idilər. Onların gəlişi ilə Gürcüstanda otellər dolub-daşdı, mənzil  və mənzil kirayəsi bazarı çiçəkləndi, ictimai-iaşə müəssisələrinin müştərilərinin sayı nəzərə çarpacaq dərəcədə artdı və s. Yəni, onlar özləri ilə gətirdikləri pulları Gürcüstan iqtisadiyyatına yatırdılar və ölkə bundan müəyyən qədər qazanc götürdü. Eyni proses Qazaxıstanda da getdi. Belə çıxır ki, bizim “uzaqgörən siyasətçi”miz quru sərhədlərimizi Azərbaycanı bu imkandan məhrum etmək üçün bağlı saxlayırmış. Digər tərəfdən, əgər raketlərin, bombaların, dronların və s. saçdığı ölüm təhlükəsindən qurtulmaq üçün qaçan insanların Azərbaycana kütləvi keçidi olacaqdısa, bu insanlar ilk növbədə Rusiyada işləyən bizim vətəndaşlar və Rusiya vətəndaşı olan soydaşlarımız olacaqdılar. Onlar öz doğma, həm də coğrafi yaxın olan ana vətənlərinə pənah gətirməyib hara getməliydilər ki? Belə çıxır ki, iddia edilən məqsədlə quru sərhədlərin bağlı saxlanılması əslində Rusiyada yaşayan və işləyən soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətdən başqa bir şey deyilmiş. Yəni, siz Rusiyada başınıza yağan bombalardan ölün, amma xilas olmaq üçün öz ana vətəninizə sığınmayın.

 

Fərz edək ki, qonşu dövlətlərdə bu tipli münaqişələr baş verdikdə hakimiyyətin iddia etdiyi səbəbdən quru sərhədləri bağlamaq zərurəti yaranır. Olsun, onda bunu hadisə baş verəndə edin də! Məsələn, İsrail – İran müharibəsi başlayandan sonra bunu etmək olardı. Amma bu müharibə sübut etdi ki, quru sərhədləri bağlı saxlamağın səbələri haqqında hakimiyyətin gətirdiyi arqumentin heç bir əsası yoxdur. İranın Türkiyə, Ermənistan, İraq, Türkmənistan və s. ölkələrlə quru sərhədləri var və heç biri də bağlı deyil. Müharibənin bütün dəhşətlərinə baxmayaraq iranlıların qonşu ölkələrə kütləvi qaçışı baş vermədi, hətta əksinə proses vaş verdi. Xaricdə səfərdə olan iranlılar vətənlərinin bu dar günündə evlərinə qayıtmağa başladılar. İndi məsələyə başqa yöndən baxaq. Fərz edək ki, məsələn, Suriyada olduğu kimi İran əhalisi də kütləvi şəkildə qonşu ölkələrə qaçmalı olmuşdu  və bu zaman qonşumuz Ermənistan da daxil olmaqla İranın bütün həmsərhəd dövlətləri insanlıq prinsiplərinə əməl edərək real ölümdən xilas olmaq üçün qaçmış insanları öz ərazisinə alırlar, təkcə Azərbaycan bunu etmir. Təbii ki, əgər İrandan ölkəmizə kütləvi qaçış olsaydı, onların əksəriyyətini güneyli soydaşlarımız təşkil edəcəkdi. Necə əcaib mənzərə yarandığını gözlərinizin önünə gətirə bilirsinizmi? Ermənistan güneyli soydaşlarımızı ölümün pəncəsindən alaraq qəbul edir, amma bu məsələdə yenə də ağ qarğa kimi görünən Azərbaycan bunu etmir. Bizə böyük ayıb olardı. Buna görə də quru sərhədləri bağlı saxlamaq üçün gülünc bəhanələr uydurmaq lazım deyil. Çünki quru sərhədlər tamamilə başqa səbəblərdən bağlı saxlanıldığından boş fərziyyələrdən başqa bir şey deyil və tərbiyəsiz təbliğatla ona haqq qazandırmaq mümkün deyil. Hakimiyyətin məntiqinə görə Azərbaycanın quru sərhədləri heç vaxt açılmamalıdır. Çünki onun bunun üçün uydurduğu absurd ehtimallar və arqumentlər heç vaxt aradan qalxmayacaq. İqtidar məsələni həm də elə təqdim edir ki, quru sərhədləri açmaq sərhəd darvazalarını taybatay açıb insanların hər iki istiqamətdə nəzarətdən kənar keçməsinə şərait yaratmaq deməkdir və belə olsa, xarici qüvvələrin casusları rahatca ölkəmizə daxil olacaqlar. İstər hava yolu olsun, istər dəniz yolu olsun, istərsə də quru yol olsun hamısında sərhəd-keçid və gömrük nəzarəti eynidir. Eyni dövlət strukturları eyni üsullarla və eyni avadanlıqlarla nəzarət buraxılış funksiyasını yerinə yetirirlər. Yəni, quru sərhədlərimizdən nəzarətsiz heç kim keçə bilməz. Və yaxud da quru sərhədlərin bağlı saxlanılması üçün göstərilən səbəblər hava və dəniz sərhəd-keçid məntəqələri üçün də eyni dərəcədə keçərlidir. Elədirsə, hava və dəniz yolunu da bağlayın və bununla da ölkəmiz mütləq təhlükəsizliyi təmin etmiş olsun. Axı həmin “casuslar” hava və dəniz sərhəd-keçid məntəqəsindən də keçə bilərlər. Və yaxud da guya ki, Azərbaycana casus göndərmək istəyən düşmən dövlətin quru sərhədi bağlıdır deyə, bu fikrindən vaz keçəcək? Axı ölkəyə daxil olan casusun nə alnında, nə da pasportunda onun casus olduğu yazılmır. Azərbaycana casus göndərmək istəyən düşmən qüvvə onu təyyarə ilə göndərə bilməzmi? Bəlkə təyyarə biletlərini ona görə fantastik dərəcədə baha ediblər ki, düşmən dövlətin ölkəmizə göndərmək istədiyi casus üçün bilet almağa gücü çatmasın? Çox gülünc mənzərə alınır, elə deyilmi? Daha bir məqam da iqtidarın quru sərhədləri bağlı saxlamaq haqqında arqument və iddialarını darmadağın edir.

 

  Quru sərhədlərin bağlı saxlanılması Azərbaycan vətəndaşlarına təkcə ciddi problemlər yaratdığı üçün hiddətə layiq deyil, o həm də onları ələ salır, alçaldır və təhqir edir. Bunun necə baş verdiyini aşağıdakı nümunədə izah edim. Qazağın İkinci Şıxlı kəndi demək olar ki, Gürcüstanla dövlət sərhəddində yerləşir. Sərhəddin o üzündəki birinci kənd isə gürcüstanlı soydaşlarımızın yaşadığı Girəc Muğanlı kəndidir. Kəndlər bir-birinə çox yaxındırlar, buradan qışqırsan, orada eşidilər. Tarix boyu bu iki kəndin çox sıx qohumluq və təsərrüfat əlaqələri olub. Təsəvvür edin ki, İkinici Şıxlıdan kimsə Girəc Muğanlıya toy və ya yasa getməlidir. Həmin adam əvvəlcə 500 km yol qət edib Bakı avtovağzalına, oradan da aeroporta getməlidir. Təyyarə ilə Tbilisiyə uçmalıdır, Tbilisidən də taksi ilə ilə düz Azərbaycanla sərhəddə yerləşən Girəc Muğanlı kəndinə getməldir. Sonra da eyni marşrutla İkinci Şıxlıdakı evinə qayıtmalıdır. Halbuki adi vaxtda bu, 10 dəqiqəlik piyada yoludur. İndi gördünüzmü İlham Əliyev Azərbaycan vətəndaşlarını necə ələ salır, təhqir edir və aşağılayır.

Elə Bakı – Qroznı sərnişin təyyarəsi faciəsinin əsas səbəbkarı da quru sərhədlərin bağlı olmasıdır. Sərhədlərin açıq olduğu vaxtda nə Qroznıya, nə də ki, Mahaçqalaya aviareyslər olmayıb, hamı yerüstü nəqliyyatdan istifadəö edib. Onun da xatırladım ki, İkinci Şıxlı – Girəc Muğanlı timsalındakı təsvir Azərbaycanın bütün sərhəd bölgələri üçün eynidir.

 

İndi də quru sərhədlərin niyə bağlı salanılmasının əsl səbəblərini deyim. Burada bircə məqsəd var, xalqı daha da çox soymaqla daha da çox sərvət toplamaq.

Səbəb 1: Bildiyiniz kimi ölkədəki aviasərnişindaşıma sektoru hakim ailənin inhisarındadır. Deməli, yaxın xaricə yerüstü nəqliyyatla səfər edən vətəndaşlarımız həmçinin bu yolla ölkəmizə gələn qonşu dövlətlərin vətəndaşları ən azı 6-7 dəfə şişirdilmiş qiymətə təyyarə bileti alaraq AZAL-la uçmalıdırlar. Bu, il ərzində yüzminlərlə sərnişin deməkdir. Gerisini özünüz hesablaya bilərsiniz.

Səbəb 2: Hamımıza məlumdur ki, ölkədəki klinikaların mütləq əksəriyyəti hakim ailəyə və oliqarxlara məxsusdur. Quru sərhədlər açıq olanda, hər il onminlərlə vətəndaşımız ucuz və keyfiyyətli müalicə üçün İrana və Gürcüstana gedirdilər. Quru sərhədlər bağlandıqdann sonra müalicə üçün həmin ölkələrə heç kəs getmədi. Çünki təyyarə ilə getmək heç cür sərf eləmir. Nəzərə alsaq ki, xəstələr əsas müalicə kursundan sonra müayinədən keçmək üçün həmin klinikaya yenidən qayıtmalı olurlar. Belə olan halda təyyarə variantı birdəfəlik istisna olunur. Nəticədə onminlərlə xəstələr hakim ailəyə və oliqarxlara məxsus klinikalara üz tutaraq bahalı və bir çox hallarda da keyfiyyətsiz müalicə almalı olurlar. Gerisini özünüz hesablayın…

Səbəb 3: Hamımız bilirik ki, ölkənin əsas turistik istirahət və əyləncə məkanları da hakim ailəyə və oliqarxlara aiddir. Yeni il bayramında və yay aylarında azərbaycanlılar Gürcüstana axın edirdilər. Məsələn, yay aylarında Batuminin və Kabuletinin küçələrindəki Azərbaycan nömrəli avtomobillər o qədər çox olurdu ki, adam bir anlığa hansı ölkədə olduğunu unudurdu. Otellər də eləcə. Quru yollar bağlandıqdan sonra turistlərimiz Azərbaycanda istirahət etməyə məcbur oldular. Gerisini özünüz hesablayın…

Səbəb 4: İqtisadçılar da  təsdiqləyirdilər ki, Azərbaycanın istehlak bazarının əhəmiyyətli hissəsini sərhəd ticarəti təmin edirdi. Belə ki, qonşu ölkələrə səfər edən fərdi xırda tacirlər gün ərzində ölkəmizə toplamda dəyəri milyonlarla manatla ölçülən ərzaq, məişət, geyim və s. mallar gətirirdilər. Quru yollar bağlandıqdan sonra bu məkik ticarətinə son qoyuldu. Deməli, hamı indi həımin malları hakim ailəyə və oliqarxlara məxsus “Bravo”, “Araz” və s. kimi ticarət şəbəkələrindən almalıdırlar. Gerisini özünüz hesablayın…

 

 Ola bilsin ki, quru sərhədlərin bağlı saxlanılması üçün mənim görə bilmədiyim daha başqa ciddi səbəb var. Ancaq onu qətiyyətlə deyə bilərəm ki, həmin səbəb hakimiyyətin iddia elədiyi kimi ölkəmizin təhlükəsizlik qayğıları ilə bağlı deyil. O, hakimiyyətin məkrli niyyətidir və xalqa daha çox zülm etməyə xidmət edir. Böyük ehtimalla quru sərhədlər “İpək yolu” avtomagistralı Gürcüstan sərhəıddinədək hazır olandan və onun açılış lentini İlham Əliyev kəsəndən sonra açılacaq. Onda bütün təhlükələr bir an içində sovuşmuş olacaq.

 

Tofiq Yaqublu

Tacxeber.com

Oxşar xəbərlər

Norveç Helsinki Komitəsi Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb.

admin

Bizim belə cılız qonşumuz var

admin

Zob xəstəliyindən əziyyət çəkən qadını niyə botoks ediblər? – VİDEO

redaktor