Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq daimi komissiyası Azərbaycan tərəfinə Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması təklifi ilə müraciət edib.
Bu müraciətə nə ehtiyac var idi? Onsuz da son iki gündə gərginlik nisbətən azalıb. Biz heç nəyi unutmamışıq, ancaq yenə də dialoq tərəfdarıyıq. Kremldən yayımlanan müraciət isə əksinə yeni gərginlik ocağına səbəb ola bilər.
Kremldə hazırlanan müraciətdə belə bir hissə var:
“Biz Azərbaycan tərəfinə ikitərəfli münasibətlərdə gərginliyin azaldılması və Rusiya vətəndaşlarına qarşı insan hüquqlarının pozulması faktlarının ədalətli araşdırılmasına şərait yaradılması təklifi ilə müraciət edirik”.
Bəs Yekaterinburqda azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasını, kütləvi işgəncələri və qətlləri kim ədaləti araşdıracaq? Müraciətdə münasibətlərdə gərginliyə səbəb olan Yekaterinburq hadisəsinin üstündən sükutla keçilib. Bu oxşar olayların gələcəkdə təkrarlanması ehtimalı yaradır. İndi Azərbaycan tərəfi də Rusiyanın ünvanına oxşar müraciət hazırlamaq məcburiyyətində qalacaq. Hörmət və normal münasibətlər qarşılıqlı olmalıdır.
Bu arada, Rusiyada Ukraynanın işğalına haqq qazandıran və Kremldən idarə olunan şovinist Z-blogerlər adlanan zümrənin Azərbaycanı və azərbaycanlıları aşağılamağı son ana qədər davam etdirdiklərini də xatırlamaq lazım gəlir.