25 C
Bakı
05 İyul 2025 14:06
CəmiyyətGündəmHadisəŞikayət

“Sərhədsiz Reportyorlar”: “Sevincin anası qızına tort gətirəcək, lakin onu ancaq dəmir barmaqlıqlar arasından ötürə biləcək”

“Sərhədsiz reportyorlar” Təşkilatı (RSF) “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının doğum günü ilə bağlı bəyanat yayıb.

Təşkilat bəyanatda Sevinc Vaqifqızı və daha 24 jurnalistin dərhal azadlığa buraxılmasını tələb edir.

“Bu gün – iyulun 5-də Sevinc Vaqifqızı 36 yaşını həbsdə qeyd edir. Onun anası qızına tort gətirəcək, lakin onu ancaq dəmir barmaqlıqlar arasından ötürə biləcək”–  təşkilatın bəyanatında deyilir.

RSF bu mənzərəni həm absurd, həm də ədalətsiz adlandıraraq onun və digər həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına çağırış edib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş redaktor Sevinc Vaqifqızı daxil olmaqla “Abzas Media işi” üzrə həbs edilən yeddi jurnalist 7 ildən 9 ilədək azadlıqdan məhrum edilib. Onlar əsassız olaraq “xarici valyuta qaçaqmalçılığı” və əlavə 7 maliyyə cinayətində təqsirli hesab ediliblər.

Məhkəmənin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistlər irəli sürülən ittihamları rədd edib və məhkəmədə hökm oxunan zaman hakimlərə etiraz olaraq onlara arxa çeviriblər.

Baş redaktor Sevinc Vaqifqızı çıxışında deyib:

“Hakimiyyətin qorxduğu şey məhz bizim qorumağa çalışdığımız həqiqətdir”.

O, hakimlərə müraciət edərək bildirib:

“Ümid edirəm nə vaxtsa daxilinizdə hördüyünüz həbs divarlarını uçurub azadlığa çıxarsınız. Biz isə onsuz da azadıq”.

Jurnalist Fərid Mehralızadə isə məhkəmə prosesinin mahiyyətini belə ifadə edib:

“Bu hökm hakimlərin yox, bizi həbs etdirməyi əmr edənlərin qərarıdır”.

RSF-nin redaksiya direktoru Ann Bokande bildirib ki, “Abzas Media” əməkdaşlarına qarşı irəli sürülən ittihamlar əsassızdır və bu proses Azərbaycanda müstəqil jurnalistikanın boğulması üçün sistematik repressiyaların bir hissəsidir:

“Sevinc Vaqifqızının və həmkarlarının cəsarəti jurnalistikanın ən ali dəyərlərini təcəssüm etdirir. RSF onların dərhal azadlığa buraxılmasını və beynəlxalq diplomatik dairələri Bakıya təzyiqləri artırmağa çağırır”.

İyunun 10-da keçirilən məhkəmə iclasında bütün vəkillər ittihamların əsassız olduğunu bildirərək təqsirləndirilən şəxslərin bəraətini tələb ediblər. Jurnalist Elnarə Qasımovanın vəkili Bəhruz Bayramov məhkəmədə deyib:

“Siz bu işi mühakimə etmirsiniz, sadəcə göstərişləri icra edirsiniz”.

Abzas Media əməkdaşları 15 aydan artıqdır ki, qanunsuz həbsdə saxlanılır. “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə isə 2024-cü ilin mayında saxlanılıb. “Abzas Media işi” ölkədə müstəqil medianın susdurulması məqsədilə aparılan repressiya dalğasının bir hissəsi hesab edilir.

Hazırda Azərbaycanda 25 jurnalist həbsdədir və onların əksəriyyəti eyni ittihamla – “xarici valyuta qaçaqmalçılığı” ilə təqsirləndirilir. 2025-ci ildə RSF-nin Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. (AbzasMedia)

Tacxeber.com

Oxşar xəbərlər

Satılmır, amma ucuzlaşmır: Daşınmaz əmlak bazarında durğunluqdur – Nə baş verir?

redaktor

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

redaktor

Bu ölkə 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmağı  qadağan edir

redaktor