Misirli hərbi vəzifəli şəxs, Qahirənin Rusiya istehsalı olan Su-35 qırıcı təyyarələrini almamaq qərarının, bir neçə kritik çatışmazlığı üzə çıxaran ətraflı texniki təhlilə əsasən verildiyini təsdiqləyib. Bu barədə Bulgarian Military məlumat yayıb.
Vəzifəli şəxsin sözlərinə görə, Su-35-in radio-elektron mübarizə sistemi nominal olaraq yaxşı göstəricilərə malik olsa da, müasir vasitələrə qarşı çox zəifdir və asanlıqla “aldadıla bilir”.
O əlavə edib ki, bu, informasiya üstünlüyünün həlledici olduğu müasir döyüş şəraitində ciddi çatışmazlıqdır.
Qeyd edək ki, radio-elektron mübarizə sistemləri təyyarəni düşmən təhlükələrindən, xüsusən də raketlərdən qorumaq üçün nəzərdə tutulub. Bu zəiflik Su-35-i Yaxın Şərqin mürəkkəb şəraitində, müasir silahlarla təchiz olunmuş düşmənlərə qarşı az effektli edə bilər.
Daha bir narahatlıq doğuran məsələ isə təyyarənin “İrbis” adlanan radar sistemidir. Bu, passiv fazalı anten qəfəsinə (PFAR) malik radiolokasiya stansiyasıdır. Yeni Qərb təyyarələrində quraşdırılan aktiv fazalı anten qəfəli radarlarla (AFAR) müqayisədə “İrbis” köhnəlmiş arxitekturadan istifadə edir.
Bu səbəbdən, rus radar sistemi AFAR texnologiyasına malik sistemlərə nisbətən hədəfləri ayırd etməkdə daha zəifdir və elektron maneələrə qarşı davamlılığı daha aşağıdır.
Nəhayət, Su-35 qırıcısının mühərrikləri də tənqid obyektidir. AL-41F1S mühərrikləri güclü olsa da, onların istilik izi yüksəkdir, bu isə Su-35-in daha asan aşkar olunmasına və hədəfə çevrilməsinə səbəb olur.