Türkiyə müdafiə sənayesində daha bir mühüm addım atıb.
Tacxeber.com yerli mətbuata istinadən xəbər verir ki, TÜBİTAK-SAGE tərəfindən hazırlanan və beşinci nəsil milli döyüş təyyarəsi KAAN-a inteqrasiya oluna bilən ilk yerli qanadlı raket ictimaiyyətə təqdim olunub. Yeni raket aşağı radarla görünmə qabiliyyəti, yüksək dəqiqlik və avtonom idarəetmə imkanları ilə fərqlənir və KAAN-ın hücum gücünü əhəmiyyətli dərəcədə artıracaq.
SOM-M adlandırılan bu yeni nəsil raket həm quru, həm də dənizdəki hərəkətli hədəflərə qarşı dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir. Kritik infrastrukturlar, hərbi bazalar və strateji obyektlər bu raket vasitəsilə neytrallaşdırıla bilər.
Raketin ən mühüm xüsusiyyətlərindən biri atışdan sonra məlumat bağlantısı vasitəsilə real vaxtda yenidən hədəflənə bilməsi və marşrutun dəyişdirilə bilməsidir. Bu texnologiya döyüş sahəsində əməliyyat elastikliyini artıraraq, KAAN-ın uğur nisbətini yüksəltmək potensialına malikdir.
SOM-M, TÜBİTAK-SAGE tərəfindən uzun illər ərzində toplanan mühəndislik təcrübəsinə əsaslanaraq hazırlanmış SOM raket ailəsinin ən son və ən inkişaf etmiş üzvüdür. Orta mənzilli bu raket, Türkiyənin müdafiə sənayesində yerli və milli imkanlarla əldə etdiyi nailiyyətlərin bariz nümunəsi kimi qiymətləndirilir.