22 C
Bakı
31 İyul 2025 03:23
CəmiyyətHadisəMaraqlıŞikayətSiyasətTəhsil

Rus dili qapıdan qovulsa da, pəncərədən girəcək – Bəhruz Əliyev

Son vaxtlar Azərbaycanda rus dilinin statusu ilə bağlı müzakirələr yenidən alovlanıb. Bəziləri rusdilli məktəblərin bağlanmasını, rus dilinin tədrisdən çıxarılmasını tələb edir. Lakin bu debatlarda bir mühüm sual əksər hallarda gözdən yayınır: rus dilinin Azərbaycandakı mövcud nüfuzu sadəcə dil olaraqmı izah edilməlidir, yoxsa onun arxasında dayanan ideoloji və sosial-iqtisadi reallıqlar niyə yetərincə görünmür?

Bir dilin gücü onun arxasında dayanan iqtisadi, siyasi və ideoloji qüvvələrlə sıx bağlıdır. Əgər həmin dili daşıyan ölkə iqtisadi baxımdan cazibədardırsa, yaşayış və qazanc imkanları daha genişdirsə, insanlar bu dili sadəcə ünsiyyət üçün deyil, sosial yüksəliş, həyat quran vasitə kimi də qəbul edəcəklər. Dil bu halda, seçim yox, məcburiyyətə çevrilir.

Bugünkü reallıq isə göz qabağındadır: milyonlarla azərbaycanlı Rusiya Federasiyasında yaşayır və işləyir. Onların əksəriyyəti ora mədəni maraqla yox, Azərbaycandakı sosial çıxılmazlıq və iqtisadi durğunluq səbəbilə üz tutur. Bəli, biz Vladimir Putinin avtoritar rejimini tənqid edirik, Rusiya imperializminin yaratdığı təhlükələri görürük. Amma bu dəyişmir ki, Azərbaycan vətəndaşları həmin rejimin ölkəsinə axın etməkdə davam edirlər. Çünki çoxları üçün doğma vətən daha az yaşanılandır.

Bu səbəbdən, rus dilinə qarşı yönələn kampaniyalar, məktəblərin bağlanması və ya tədrisə məhdudiyyətlər qoyulması ilə problemi kökündən həll etmək mümkün deyil. Əksinə, bu cür yanaşmalar insanlarda süni qadağalar hissi yaradacaq və azad seçim hüququnun pozulması kimi qiymətləndiriləcək. Dil qadağayla yox, alternativlə, seçim imkanları ilə unudulur.

Əgər Azərbaycan güclü iqtisadiyyat qurmağı bacarsa, keyfiyyətli və rəqabətqabiliyyətli təhsil sistemi yaratsa, gənclərə real gələcək və ümid vəd etsə, insanlar xarici dil öyrənməkdə seçim qarşısında qalacaqlar. Bu zaman onlar üçün rus dili yox, bəlkə də ingilis, alman, fransız dili daha cəlbedici olacaq. Çünki həmin dillərin arxasında daha ümidverici dünyalar görünür.

Deməli, məsələ təkcə rus dilini məktəbdən çıxarmaqda deyil, onu cəmiyyətin həyatından mərhələli şəkildə uzaqlaşdıracaq alternativlər yaratmaqda olmalıdır. Hazırda bu alternativ yoxdur. Ona görə də rus dili qapıdan qovulsa belə, pəncərədən girəcək. Çünki hələ də milyonlarla azərbaycanlı sərhədlərin o tayında rus dilində danışaraq dolanışıq tapır, ailəsinə pul göndərir və gələcəyini Rusiya ilə bağlamağa məcbur qalır.

Bu mənada, rus dilinə qarşı aparılan mübarizə təkcə dilə qarşı deyil, həm də reallığa qarşı bir savaşdır. Əsl mübarizə dilə qarşı yox, həmin reallığı yaradan səbəblərə qarşı aparılmalıdır. O səbəblər aradan qalxsa, rus dilinə olan asılılıq da təbii şəkildə azalacaq.

Unutmayaq: hər bir dilin kölgəsində bir güc dayanır. Həmin gücü aradan qaldırmadan kölgəni silməyə çalışmaq, sadəcə divara kölgə düşməsin deyə günəşi örtməyə bənzəyir.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyəni qarşıda çox çətin sınaqlar gözləyir” – Şahin Cəfərli

admin

Deputat: “Ən ciddi xəyanətkarları MN-dən uzaqlaşdırdıq, yenə də yeyinti var”

redaktor

Səddamı asdı, ABŞ-la vuruşdu, Tehrana qaçdı – ONU TANI

admin