Bu gün «Köroğlu» metro stansiyasının yaxınlığında dayağın üzərində bu cür orijinal şəkildə quraşdırılmış iki körpü örtüyünün birləşmə hissəsinə baxmaq imkanım oldu. Bu sahənin ixtisaslaşmış mütəxəssisi olmasam da, fikrimcə, həmin hissələri dərhal dayağın üzərində yerləşdirmək daha məntiqli olmazdımı? Belə qeyri-standart konsol tipli birləşmə bu qədər daimi və güclü yüklərə nə dərəcədə dözümlüdür?
Başa düşürəm ki, körpü örtüklərin arasındakı boşluq mövsümi dəyişikliklər zamanı statik yüklərə uyğunlaşmaq – yayda genişlənmək, qışda sıxılmaq – üçün zəruridir. Amma bu boşluq niyə bu qədər böyükdür? Beynəlxalq standartlara əsasən, bu cür boşluqların eni təxminən 10-12 mm (kiçik), 45-60 mm (orta), 120-130 mm (böyük) arasında dəyişir. Bizdə isə bu rəqəm aydın şəkildə 130 mm.-dən çoxdur, bəlkə də 250-300 mm. təşkil edir, bu da işlərin icrası və onların nəzarəti sahəsində mədəniyyətin olmadığını göstərir.
Hər zamankı kimi, yağıntı suları hər tərəfə axır və konstruksiyanı korlayır: drenaj sistemi ümumiyyətlə yoxdur, xüsusi rezin keçidlər, sıxlaşdırıcılar və suyun axın istiqamətini dəyişən metal lövhələr nəzərə alınmayıb. Təbii ki, layihədə bunlar mövcuddur və baha başa gəlir – amma reallıqda onlar yoxdur – bu da bizi artıq təəccübləndirmir…
Bütün bunlara baxmayaraq, körpünün konstruksiyası möhkəmdir və hərəkətin təhlükəsizliyinə heç bir təhlükə yoxdur.