Dominique Ansel 2011-ci ildə Nyu-Yorkda fəaliyyətə başlayan “Dominique Ansel Bakery” ilə qısa müddətdə dünya miqyasında tanınmağa başladı. 2013-cü ildə kruassan və donutun kombinasiyası olan “Cronut” adlı şirniyyatı təqdim etməklə o, sadəcə yeni bir desert yox, qlobal bir fenomen yaratdı.
Tacxeber.com Valyuta.az-a istinadən xəbər verir ki, hər gün yalnız 200–250 ədəd istehsal edilən bu şirniyyat üçün səhər saat 05:30-dan etibarən insanlar uzun növbələrə düzülür və saatlarla gözləyirdilər.
Bu desertin unikal dadı və məhdud mövcudluğu onu sosial mediada sürətlə məşhurlaşdırdı. “Cronut” adı patentləşdirildi və bu məhsul artıq bir brend kimi qəbul olundu. Anselin istəyi isə bu deserti heç vaxt kütləvi məhsula çevirməmək və onun eksklüzivliyini qorumaq olub.
Müxtəlif məlumatlara əsasən, “Dominique Ansel Bakery” şəbəkəsinin illik gəliri 10–21 milyon dollar (17–36 milyon manat) arasında dəyişir. Şirkətdə çalışan işçi sayının 60-dan 200-dək olduğu bildirilir ki, bu da orta hesabla işçi başına 270–283 min dollar (459–481 min manat) illik gəlir deməkdir. Anselin şəxsi sərvəti bəzi mənbələrdə 1–5 milyon dollar (1,7–8,5 milyon manat) arasında qiymətləndirilir. Lakin onun Los-Anceles, Las-Veqas və digər şəhərlərdə açdığı yeni filiallar, nəşr etdiyi kulinariya kitabları və onlayn satış gəlirləri bu rəqəmin daha yüksək ola biləcəyini göstərir.
Anselin biznes modeli aşağı qiymət və geniş yayım əvəzinə, məhdud sayda və yüksək keyfiyyətli məhsul təqdim etməyə əsaslanır. Bu, onun həm premium seqmentə daxil olmasına, həm də müştərilərlə emosional bağ qurmasına səbəb olub. O, məhsulun imitasiya olunmasına qarşı hüquqi addımlar atır və brendin intellektual mülkiyyətini qoruyur.
2024-cü ildə Las-Veqasda açılan “Dominique Ansel Marché” mağazası da onun brendinin genişlənməsinin tərkib hissəsinə çevrildi. Hətta ABŞ-da 5 dollara (8,5 manat) satılan “Cronut”un qara bazarda 40 dollara (68 manat) qədər təklif olunması bu şirniyyatın necə böyük bir tələbat yaratdığını açıq şəkildə göstərir.
Dominique Ansel qida sənayesində təkcə desert hazırlamaqla deyil, həm də məhsulu ilə yeni bir davranış modeli yaratmaqla fərqlənir. “Cronut” fenomeni onun strateji düşüncə tərzinin, sosial medianı effektiv istifadə etməsinin və brend dəyərini qoruma bacarığının nəticəsi kimi qiymətləndirilir.