“Dəliyəm, güclüyəm” prinsipi indi əsas aparıcı prinsipdir. Moskva ilə Bakı arasında başlamış münaqişə digər aktorları diqqətimizdən kənarda qoyub. Amma daha bir münaqişə dünənki dostlar – ABŞ prezidenti Donald Trampla milyarder Elon Mask arasında qızışmaqdadır. Milyarder və prezident yenidən döyüş yolundadırlar. Bu dəfə Tramp keçmiş dostunun tənqidinə cavab olaraq Truth Social-da yazıb ki, Maskın raketləri, peykləri və elektrik avtomobilləri olmasaydı, Amerika öz sərvətinə qənaət edə bilərdi: “Bu subsidiyalar olmasaydı, o, yəqin ki, biznesini bağlamalı və Cənubi Afrikaya evinə getməli olardı” – deyib prezident.
Musk da öz növbəsində prezidenti yeni partiya yaratmaqla hədələyib: “Əgər bu çılğın xərcləmə qanun layihəsi keçərsə, ertəsi gün Amerika Partiyası görünəcək” deyə, milyarder X platformasında qeyd edib.
Amma məsələ bununla tamamlanmayıb. Prezident Tramp bu dəfə milyarderə cinayət işinin qaldırılması və Elon Maskın mümkün deportasiyasına işarə edib. Elon Maskın mümkün deportasiyası ilə bağlı suala prezident Tramp bunu istisna etməyib: “Bilmirəm. Görəcəyik. Elona qarşı cinayət işi qaldırmalı ola bilərik. Bilirsən DOGE nədir? DOGE bir canavardır. Və o, qayıdıb Elonu yeyə bilər.”
Tramp həmçinin, xəbərdarlıq edib ki, Mask elektrik avtomobilləri üçün hökumət müqavilələrindən “daha çox itirə bilər” – deyərək, mümkün hüquqi və ya maliyyə nəticələrinə işarə edib. Tramp daha əvvəl də demişdi ki, o, Maskın şirkətlərini federal dəstəkdən kəsə və hətta, onu ABŞ-dan qova bilər. Bütün bunlar Maskın yeni siyasi partiya elan etməsi və Trampın imzaladığı böyük xərclər paketini tənqid etməsi fonunda baş verir.
Elon Mask deportasiyasına işarə edən Donald Trampla vəziyyəti gərginləşdirə biləcəyini, lakin hələlik münaqişəni gərginləşdirməmək qərarına gəldiyini bildirib. “Vəziyyəti gərginləşdirmək çox cazibədardır. Amma mən hələlik dayanacağam”, – o, X-də yazıb.
Göründüyü kimi, bu qarışıq dünyada heç kim digərinin kitabını oxumaq istəmir. Deyəsən, hamı ağlını itirib…