Deputat özünü rüsvay etməyib ee, ölkəni soxub yerin təkinə! Hazırda ermənilər sosial şəbəkələrdə bizim deputatı laga qoyub gülürlər!
Deməli, 2024-cü ilin dekabrında Rusiya ərazisində – Qroznuda Rusiya ordusu tərəfindən vurulmuş “Embraer E190AR” təyyarəsindən, qətl edilən 38, mənəvi, psixoloji və fiziki xəsarət alan 28 soydaşımızdan deputat Samir Vəliyevin xəbəri olmayıb. Hətta mandatına o qədər arxayın olub ki, prosesləri dövlət adamı olaraq izləməyib
Daha sonra Samir deputatın V.Putin Prezident İlham Əliyevə zəng edərək baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığından da xəbəri yoxdu.
Ən biabırçı durum: Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı yaradılan Dövlət Komissiyasının hesabatında deyilib ki, təyyarəmiz “Pantsir S-1” Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə vurulub. Bizim qanunverici orqanın- Milli Məclisin üzvünün ( VII çağırış deputat) bundan xəbəri olmayıb.
Özün olasan, 100-ə yaxın elmi məqalənin, 10 monoqrafiya və 4 dərsliyin, o cümlədən, prezident İlham Əliyevin həyat və yaradıcılığına həsr olunmuş “Bəsirətin Zəfəri” adlı kitabının müəllifi, hüquq elmləri doktoru, professor, İngilis və Rus dillərini sərbəst biləsən, amma bilməyəsən ki, ölkənin təyyarəsini kim vurub…
Samir deputat , sən bu bilgi ilə bu qədər haqq-hesabın, yazı pozunun öhdəsindən nətər gəlmisən?
Xəbəri oxuyandan əlim göydədi ki, ay Allah kaş Qazax qardaşlarımız bu açıqlamadan xəbərdar olmayaydı. 38 nəfərin xatirəsinə olan sayğılarına, dənizə buraxdıqları gül çələnglərinə, xəstəxana qapıları ağzında qan vermək üçün sıralandıqlarına görə inciməsinlər.
Ya Həzrəti Abbasın qələm qolları, Putin Samir professorun bu açıqlamasını oxumamış olsun. Qazaxıstanı “niprav” çıxardıb, yenə qoşunu -ləşkəri ora itələyəcək. Təyyarənin qisasını almağa!
Ay Allah, sən böyüklüyün və qüdrətin xatirinə rəhmli Tokayevin və qatil Putinin əlindən, gözündən Samir professoru gizlət! Harda, özün bilərsən! Ya Rəbiiiim!
(Bilmirəm, nə məqsədlə adam ANAMA-nın 25 illik yubiley medalı ilə təltif olunub. (Yəni, nə dəxli də?)
Yeri gəlmişkən
Bir gun 2 dost restoranda oturub yeyib- icirlər birdən dostun biri bilmədən acı bibər yeyir və gözündən yaş gəlir, pörtür, qulaqlarına qədər qıpqırmızı olur.
Tez o biri dost soruşur ki, qardaş niyə aglayırsan?
İstiotdan içi bişən, gözündən sel axan dost özün sındırmır, deyir ki, ehh, qəflətən rəhmətlik bacım yadıma düşdü, ona görə…
Aradan bir az keçir, o biri dost da açı olduğunu bilmədən bibərdən yeyir ve bunun da gözündən sel-su axır, pörtür, qulaqlarına qədər qıpqırmızı qızarır , içi od tutub yanır.
Tez dostu soruşur ki, ayə, bəs sən niyə aglayırsan?
Gözünün selini -suyunu silib yığışdıra bilməyən qəzəblənmiş dost astaca cavab verir: Sənin rəhmətlik bacın indi də mənim yadıma düşüb.
Bax bu dəqiqə özümü 2-ci adam var ha, istiot içini bişirən… bax ,o adam kimi hiss eliyirəm…