Son illərdə Azərbaycanda yüksək vəzifəli məmurların Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqələri barədə narahatlıqlar artmaqdadır. Bir çox rəsmi şəxsin Rusiyanın müxtəlif orden və medalları ilə təltif olunması bu narahatlıqları daha da gücləndirir.
Məsələn, Cavid Qurbanov Rusiya dəmiryol sahəsindəki xidmətlərinə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunub, fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə Rusiya Fövqəladə Hallar Nazirliyinin medalı ilə mükafatlandırılıb. Hətta prezident və onun ailə üzvlərinin də Rusiyanın yüksək mükafatları ilə təltif olunması faktı mövcuddur.
Bu kimi hallar Azərbaycanın suverenliyi və müstəqilliyi baxımından ciddi təhlükə kimi qiymətləndirilməlidir. Dövlət rəhbərliyində, xüsusilə də mühüm vəzifələrdə çalışan şəxslərin başqa bir ölkə tərəfindən təltif olunması onların həmin dövlətin təsiri altında ola biləcəyi ehtimalını doğurur. Bu ölkə Rusiya olduqda isə təhlükənin miqyası ikiqat artır. Belə bir vəziyyət Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirməsi üçün ciddi maneələr yaradır.
Dövlət idarəçiliyində bu cür asılılıq riskinin mövcudluğu milli maraqların qorunmasına böyük zərbə vurur. Xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri olan yüksək vəzifəli şəxslər ölkənin qərar qəbuletmə prosesinə müdaxilə edə, hətta dövlət sirrlərinin sızmasına səbəb ola bilərlər. Belə bir durumda kiminsə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədiyinə tam zəmanət vermək isə olduqca çətindir.
Azərbaycan üçün sağlam idarəçilik və müstəqil siyasət yalnız milli maraqlar əsasında mümkündür. Bu baxımdan, illərlə yüksək vəzifələri tutaraq postlarında “kök atmış” şəxslərin istefası və onların yerinə vətənpərvər, milli maraqlara sadiq, gənc və peşəkar kadrların gətirilməsi zəruridir. Bu, eyni zamanda, dövlət idarəetməsində şəffaflığın və ictimai hesabatlılığın gücləndirilməsi deməkdir.
Ölkə rəhbəri İlham Əliyevin və onun ailə üzvlərinin Rusiya tərəfindən verilmiş medallardan imtina etməsi həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə güclü və prinsipial bir mesaj olardı. Belə bir addım Azərbaycanın suverenliyinə və müstəqilliyinə ciddi şəkildə önəm verdiyini göstərər.
Əks halda, sadə vətəndaşları susdurmaq, həbsə atmaq və ya ləyaqətini alçaltmaqla dövlət idarə etmək mümkün deyil, bu, nə hüquqa, nə əxlaqa, nə də sağlam dövlətçilik prinsiplərinə sığar.