ABŞ prezidenti Donald Trampın USAID (Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi) fəaliyyətini dayandırması və maliyyələşməni kəskin şəkildə azaltması dünya üzrə xüsusilə yoxsul ölkələrdə kütləvi insan tələfatına səbəb ola bilər.
Tacxeber.comxəbər verir ki, bu barədə Bloomberg “The Lancet” jurnalının araşdırmasına istinadən məlumat yayıb.
Mütəxəssislər 2001–2023-cü illər arasında az və orta gəlirli 133 ölkənin məlumatlarını təhlil ediblər. Onların hesablamalarına görə, USAID-in müxtəlif səhiyyə və humanitar proqramları son 20 ildə təxminən 91 milyon insanın, o cümlədən 30 milyon uşağın həyatını xilas edib.
Ancaq Trampın bu agentliyin “demontajı” ilə bağlı planı və maliyyənin azaldılması davam edərsə, təkcə 2025-ci ildə 1,8 milyon, 2030-cu ilə qədər isə ümumilikdə 14 milyon insan həyatını itirə bilər. Bu rəqəmlərdən 4,5 milyonu beş yaşınadək uşaqlardır.
USAID-in daha yüksək səviyyədə dəstək verdiyi ölkələrdə ümumi ölüm halları 15%, uşaq ölümü isə 32%, QİÇS-ə bağlı ölüm halları 65%, malyariyadan ölüm 51%, tropik xəstəliklərdən ölüm isə 50% azalıb.
Qeyd olunur ki, agentliyin son illərdə maliyyəsi azaldılsa da, USAID bu ilin martında Myanmada baş vermiş dağıdıcı zəlzələ ilə bağlı yardım missiyası həyata keçirib.
Digər tərəfdən, Ağ Ev USAID-in bəzi layihələrini “lüzumsuz və mənasız xərclər” kimi təqdim edərək, bəzilərinin “terrorçulara dəstək” məqsədilə istifadə edildiyini bildirib.
Bu mövzu ABŞ-da həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi müzakirə mövzusuna çevrilib. Humanitar təşkilatlar Trampın bu addımının bəşəriyyətin ən müdafiəsiz təbəqələri üçün fəlakətli nəticələr doğuracağını vurğulayırlar.