Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ətrafında yaranan böhran postsovet məkanında mərkəz–periferiya münasibətlərinin əvvəlki kimi işləmədiyinin bariz nümunəsidir. İlham Əliyev artıq Putinin himayəkar, hegemon və tərbiyəedici mövqeyini qəbul etmir. Hesab edir ki, onun özü də, ən azı regionun lider şəxsiyyətidir və heç kim onunla yuxarıdan aşağıya danışa bilməz. Xüsusilə də Putin onunla şaquli münasibət vərdişini dəyişməlidir.
Sputnik Azərbaycan bağlanıb. Rusiya tədbirləri ləğv olunub. Diplomatik münasibətlər soyuyur.
Bu hadisə göstərir ki, Bakı Moskvanın informasiya və təsir infrastrukturunu dayandıra bilir. Kreml artıq post sovet coğrafiyasında hərbi medaxilənin xaricində effektiv təsir gücünə sahib deyil.
Əlbəttə, bu, sadəcə reaksiya deyil – yeni dövrün başlanğıcıdır. Ancaq bu qarşıdurmadan Putin-Əliyev avtoritar maraqlarının sarsıdıcı zədə alacağını düşünmək sadəlövhlükdür. Sadəcə olaraq İlham Əliyev düşünür ki, yaxın dövr üçün onu Qərbdən gələcək hansısa ardıcıl təzyiqlər gözləmir. Əksinə Qərb onun lider kultunu legitimləşdirməsinə dəstək olur. Bu şərtlər altında Putinlə də münasibətləri mərkəz-preferiya müstəvisindən iki güclü lider müstəvisinə daşımağa çalışır. Doğru edir. Vaxtilə Qəddafi də, Səddam da Qərblə çox yaxşı münasibətlərə sahib idilər və çox güclü lider olduqları qənaəti ilə heç kimlə hesablaşmırdılar.
Yəni hazırda baş verənlərdən geopolitik nəticə çıxaranlar (Bakı Kremldən uzaqlaşır, deməli qərblə yaxınlaşır) yanılırlar. İlham Əliyev güc eyforiyasındadır və O, hamıyla dalaşır. Hesab edir ki, bunun üçün onun resursları var.