27 C
Bakı
30 İyun 2025 16:45
CəmiyyətDünyaKriminal

Gömrükdə rüşvət qalmaqalı – Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?

Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.

Tacxeber.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. A.Aslanov da Baş İdarənin əməliyyatçıları tərəfindən həbs edilib.

İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu “Nissan” və “Toyota” olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.

Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib: “Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar 1 ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi.

Qərar çıxarılarkən kifayət qədər vətəndaşın avtomobili yolda gəlməkdə idi. Dövlət Gömrük Komitəsi rəhbərliyi məsələyə obyektiv yanaşmaq və vətəndaşların məmnuniyyətini qaldırmaq məqsədilə müəyyən sənədlər formalaşdırdı. İçərisində invoys, gəmi daşımaları ilə bağlı sənədlər var idi. Avtomobilin həmin qərarın qəbul olunmasından əvvəl alındığını təsdiq edən müəyyən sənəd mövcud olduqda ölkə ərazisinə buraxılmasına icazə verilirdi. Digər vətəndaşlar kimi Ramil də avtomobil idxalı ilə məşğul idi və onun avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı sənədləri Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən tələb olunan formaya uyğun idi. Mən Ramildən pul götürmüşəm, amma bu hal avtomobillər ölkə ərazisinə gətirildikdən sonra baş verib. O, dəfələrlə mənə pul təklif edib, amma imtina etmişəm. Avtomobillər ölkə ərazisinə gətirildikdən, rəsmiləşdirildikdən və sahiblərinə təhvil verildikdən sonra isə Ramil pul qazandığını, mənə şirinlik vermək istədiyini dedi. Bundan sonra onun təklif etdiyi pulu qəbul etmişəm. Mənə ümumilikdə 55 000 manat pul verib”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, o, bütün işləri Dövlət Gömrük Komitəsi rəhbərliyinin göstərişinə uyğun həyata keçirib. Əsas probləmlərdən biri də yerli bankla ödəniş etməyən vətəndaşların ölkəyə avtomobil keçirməsində yaranıb: “Yerli banklardan ödəniş etməyən şəxslərin postlarda problem yaşadıqları ilə bağlı rəhbərliyə məruzə etdikdə əvvəl ancaq yerli bank köçürmələri olduğu təqdirdə avtomobillərin buraxılmasını tapşırdı. Bir həftədən sonra əksər vətəndaşların avtomobilləri yerli bankdan ödəniş etmədikləri üçün yolda qaldı. Bu da komitəyə ünvanlanan şikayətlərin sayını artırdı.

Komitə rəhbərliyi bu şikayətlərə baxdıqdan 7-10 gün sonra mənə e-mail vasitəsilə göstəriş göndərib əvvəlki qərarı ləğv etdi. Artıq digər ölkələrin bank köçürmələri olduğu təqdirdə də avtomobillər ölkəyə buraxılırdı. Bu iş mənə həvalə olunana kimi Ramil özü Dövlət Gömrük Komitəsinə gedirdi və onun avtomobilləri komitənin qərarına əsasən ölkəyə keçirilirdi. Vətəndaşlar “Meyvəli” postuna və ya birbaşa Dövlət Gömrük Komitəsinə müraciət edirdi, sənədləri məqbul və rəhbərliyin təqdim etdiyi siyahıya uyğun idisə, biz sənədləri “Balakən” və ya “Qırmızı Körpü” sərhəd buraxılış məntəqələrinə göndərirdik”.

Ramil də təqsirləndirilən şəxsin dediklərinə uyğun ifadə verib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin dediklərinin çoxunu özünü müdafiə kimi qiymətləndirib. Toplanmış sübutlar əsasında bir neçə gün əvvəl Anar Aslanova 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynadakı müharibəni dayandırmaq barədə düşünmək lazımdır – Putin

redaktor

Əkizlərdən birində problem olanda, digəri də HİSS EDİR?

redaktor

Elvüsal Məmmədov: “İftar süfrəsi bizim üçün ziyafət olmamalıdır”

redaktor