Ötən il Ermənistan hökumətinə qarşı kütləvi aksiyalar təşkil edən keşiş Baqrat Qalstanyanın iki gün öncə həbs edilməsindən sonra Nikol Paşinyan erməni Apostol kilsəsində “təmizləmər”i davam etdirmək qərarına gəlib.
Tacxeber.comerməni mediasına istinadla xəbər verir ki, erməni xüsusi xidmət orqanları Şirak yeparxiyasının rəhbəri Mikael Ajapaxyanın iqamətgahında axtarış aparmağa gəlib. Hadisə yerində təxminən 30 maskalı təhlükəsizlik əməkdaşının olduğu bildirilir.
Bundan öncə keşiş Baqrat Qalstanyanla birgə Ajapaxyana qarşı da hakimiyyəti zor yolu ilə ələ keçirməklə bağlı çağırışlar əsasında cinayət işi açılmışdı.
Ajapaxyanın özü erməni mətbuatına bildirib ki, təhlükəsizlik qüvvələri həqiqətən onun iqamətgahına gəliblər. Lakin o özü orada olmayıb.
Qeyd edək ki, Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsinə cəhd işi ilə bağlı 15 nəfər, o cümlədən “Müqəddəs mübarizə” hərəkatının başçısı arxiyepiskop Baqrat Qalstanyan, eləcə də qatı millətçi Daşnaksütyun partiyasının rəhbərliyində təmsil olunan şəxslər həbs edilib. (AzPolitika.info)