İrandakı dairələr başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla rəsmilərimizin, diplomatlarımızın, ictimaiyyət nümayəndələrimizin “biz heç zaman başqa ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə icazə vermərik” açıqlamalarına əhəmiyyət verməyərək, ölkəmiz əleyhinə təxribatlarına davam edirlər.
Prezident İlham Əliyev iyunun 27-də İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən belə bir ifadə işlədib: “Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb”.
İlham Əliyevin nəzərdə tutduğu “bəzi dairələr” elə İran hakimiyyətinin içindədir. Azərbaycan Prezidentin bu sözlərindən bir neçə sonra İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı açıqlama verib. Halbuki, İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilun İlham Əliyevlə görüşdə deyib ki, “İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”. Belə çıxır ki, Tehrandakılar Azərbaycandan “əmin” deyillər.
Beləliklə, İsrail və ABŞ-la müharibədə böyük itkilər verən qonşu ölkə Azərbaycana qarşı təxribatçı siyasətindən əl çəkən deyil. İranın Ermənistandakı səfiri ilk dəfə deyil ki, Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirir. İranın mötədil Prezidenti Məsud Pezeşkian və onun komandasının üzvü olan xarici işlər naziri Abbas Araqçı İrəvandakı səfirlərinin ağzının üstündən vurmurlarsa, deməli elə onlar da onun kimi düşünürlər.