28 C
Bakı
27 İyun 2025 12:22
CəmiyyətGündəmİqtisadiyyatŞikayət

Dövlət paylayıcı şirkətləri heç vaxt effektiv olmayacaq, daim yeyinti və korrupsiya içində boğulacaqlar.

Azərbaycanda yüksək mərtəbəli binalarda (ən azından, yeni tikiləcək) qaz əvəzinə elektrik enerjisindən istifadə edilməsi planlaşdırılır. Mənzillərin, suyun qızdırılması, yemək bişirmək – bütün sahələrdə elektrik enerjisi istəfadə olunacaq. Azərbaycan elektrik enerjisinin istifadəsini artırmaqla, təbii qaza qənaət rejiminə keçmək istəyir. Çünki, ölkəmiz AB və Avropa Birliyinə daxil olmayan digər Avropa dövlətrinə yaxın 2 ildə qaz tədarükünü 2 dəfə artırma öhdəliyi götürüb. Qaz gəlirlərinin artması gözlənilir, amma bu artım əhaliyə əlavə yükə çevrilməməlidir.

 

Bir çox ölkələrdə belə bir praktika var – yüksək mərtəbəli binalarda qaz təhlükə yaratdığına görə elektriklə əvəz olunur, hətta SSRİ-də də belə qayda mövcud idi. Amma, hökumətlər belə qərar alırsa, o zaman sırf elektriklə təmin edilən, qaz xəttləri olmayan binaların sakinlərinə, mənzil sahiblərinə elektrik enerjisi, ən azı, 50% güzəştlə satılır. Yəni, dövlət qərar verirsə ki, vətəndaşın evində qaz olmayacaq, o zaman bu qərarın bədəlini də ödəməli, elektrik enerjisinin qiymətini həmin mənzillər üçün ucuzlaşdırmalıdır.

Görünən odur ki, hökumət kommunal xidmətlər göstərən, təbii inhisarçı olan dövlət şirkətlərinə subsidiyaların verilməsini azaltmaq, sonra isə tamənən ləğv etmək istəyir. Məntiqini anlayıram, hətta doğru da sayıram – amma…

 

Dövlət şirkətlərinə subsidiya niyə verilirdi? Çünki həmin inhisarçı şirkətlər iddia edirlər ki, xərcləri çoxdur, qazancları xərclərni qarşılamır. Xub, ola bilər, biznes məntiqi, iqtisadiyyat elmi belə vəziyyətdə nə deyir? Bəli, ilk növbədə xərclər kəskin azaldılmalıdır. Yaxşı, xərclər niyə çoxdur? Çünki, tenderlər şəffaf deyil, satınalmalarda, təmir işlərində qiymətlər şişirdilir, mənasız ştatlar açılır, işçi sayı rəhbərliyin qohum-əqrabası hesabına artırılır. Deməli, ilk addım kimi məhz xərclər azaldılmalıdır, amma, hökumət isə ilk addım kimi “sabit tarif siyasəti” elan etmək istəyir. Bu nə deməkdir? Qaz, işıq, su, istilik alan abunəçilər istifadə etdikləri, sayğacın göstərdiyi sərfiyyat qiymətindən əlavə aylıq abunə haqqı da ödəyəcəklər. Yəni, məsələn, vətəndaş ayda 20 manatlıq elektrik enerjisi istifadə edirsə, 20 manat + aylıq abunə haqqı ödəyəcək. Məhz buna görə mediada xəbərlər yayıldı ki, vətəndaş yaşamadığı mənzilə görə də ödəniş edəcək – bəli, sırf abunə haqqını ödəməli olacaq. Daha aydın olsun deyə, ev telefonu kimi düşünün – ev telefonundan istifadə etsəz də, etməsəniz də aylıq abunə haqqı ödəyirsiniz.

 

Gələk bizim şanlı təbii inhisarçılara: son məlumatlara görə “Azərqazın” 2,6 mln., “Azərişığın” 3 mln.-a yaxın, “Azərsu”-nun (köhnə adı ilə yazdım) 1,9 mln.-a yaxın abonenti var. Yəni, ölkə üzrə bu 3 təbii inhisarçının 7,5 mln. abonenti var. Əgər “sabit tarif” hər üçündə 2 manat olsa, aya 15 mln., ilə 180 mln. manat bizdən, vətəndaşdan əlavə pul yığacaqlar ki, büdcədən hər 3 quruma ödənilən subsidiyaları azaltsınlar.

Problem odur ki, dövlət paylayıcı şirkətləri heç vaxt effektiv olmayacaq, daim yeyinti və korrupsiya içində boğulacaqlar, deməli paylayıcı şəbəkələr özəlləşdirilməli, dövlət ancaq istehsal, saxlanma və topransatışla məşğul olmalıdır.

Özəl şirkətlər də vətəndaş qarşısında məsuliyyətli olmalı, fərdi müqavilələr bağlamaqla öz günahlarından baş verən kəsintilərə görə vətəndaşa kompensasiyalar ödəməlidir. İndi dövlət şirkətlərinə vətəndaşın 5 manat borcu olsa qazın-işığın verilməsini dayandırırlar, amma özləri vətəndaşa xəbər etmədən belə saatlarla, bəzən sutkalarla suyu, işığı, qazı kəsirlər, bəzən vətəndaşın məişət avadanlıqlarına da ziyan vururlar, amma, fərdi müqavilələr olmadığına görə məsuliyyət daşımırlar, kompensasiya ödəmirlər…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Neftçi”nin idman direktoru istefa verib

admin

Psixiatriya xəstəxanasının baş həkimindən yeniyetmə ilə bağlı ŞOK AÇIQLAMA: “Gördük ki, normal uşaqdır…”

redaktor

“TikTok”da at oynadan Adəmin valideynini hansı cəza gözləyir? – VİDEO

redaktor