Şah rejiminin son günləri – şahid nələr yazır…
Mixaıl Krutixinin “Şah İranının son günləri” adlı kitabı, şah Məhəmməd Rza Pəhləvinin rejiminin sürətli çökməsi və ayətullah Xomeyninin rəhbərliyi ilə müsəlman ruhanilərinin diktaturasının qurulması dövründə Tehranda yaşamış TASS müxbirinin gündəliklərinə əsaslanır. Hadisələrin mərkəzindən reportajlar yazan müəllif, güclü orduya və amansız gizli polisə söykənən qüdrətli dövlətin tədricən necə çökdüyünü günbəgün izləyib. Şahın ölkədən qaçmasından və Xomeyninin təntənəli qayıdışından sonra, ordunun formal “neytrallıq” elan etməsi fonunda generalitetin “xalqın”, yəni Xomeyni tərəfdarlarının tərəfinə keçməsi həlledici rol oynadı. “The Insider” bu kitabdan şahənşahlığın süqutunun ən həlledici anlarını təsvir edən parçaları dərc edir.
1 fevral 1979-cu il
Həmin gün — İran təqvimi ilə 22 bəhmən 1357-ci il — Tehran qiyamının həlledici mərhələyə keçdiyi gündür.
Gecə saatlarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Abbas Qarabaği uzun illərdir toplanmayan Ali Hərbi Şuranın 50 nəfərlik komandan heyətini çağırdı. Qısa müşavirə zamanı o, “xalq kütlələri ilə qardaşlıq” əsasına söykənərək ordunun bitərəfliyini elan etmək barədə həmkarlarının razılığını aldı.
Şura qərarının mətni radio ilə yayımlandıqdan sonra Qarabaği öz missiyasını tamamlanmış hesab etdi. Digər generallar hərbi hissələrə hücumlar, həbslər və toqquşmalar barədə onu telefonla məlumatlandırdıqda isə eyni cavab verdi: “Ordu bitərəfliyini elan edib. Mən sizə zəmanət verirəm ki, heç kim sizə toxunmayacaq”.
Ali Hərbi Şuranın təcili toplanmasının səbəbi küçələrdəki kortəbii aksiyalar idi. Qarabaği əvvəlcə 11 fevral axşamı İslam İnqilabı Şurasının üzvləri ilə gizli görüşə qatılmağı, səlahiyyətlərin ötürülməsi və silahlı qüvvələrin toxunulmazlığının təmin olunması barədə razılıq əldə etməyi planlaşdırırdı.
Ordunun neytrallıq elan etməsi küçələrdə qələbə kimi qarşılandı. Bir sıra rayonlarda nümayişçilər əsgərləri alqışlayaraq, şüarlar səsləndirirdilər. Lakin şah əleyhinə hərəkatın bəzi xadimləri üçün Qarabağinin bu addımı yarımçıq görünürdü. “Combeş” təşkilatının lideri Əli Əsğər Hacı Seyyid Cavadi “Ettelaat” qəzetində çıxan şərhində ordunun sadəcə neytrallıq elan etdiyini, xalqın tərəfinə keçdiyini bildirmədiyini vurğuladı. Bu isə radikal müxalifət qruplarını qane etmirdi.
[…]
Müxbir məntəqəsinə baş çəkib, uzun məşəqqətdən sonra yeni məlumatları TASS-a göndərdikdən sonra, mən Lavizan ərazisində yerləşən qvardiya kazarmalarına tərəf yollandım. Hərbi maşınlar heç yerdə görünmürdü, yalnız yük maşınları və pikaplar ötüb keçirdi, içində də silahlı gənclər. Yenicə peyda olan yaraqlılar üç-beş nəfərlik qruplarla motosikllərdə yanımızdan ötürlər. Danışmağa və müsahibə verməyə vaxtları yox idi — jurnalistləri zəhlətökən milçək kimi əlləri ilə qovurdular.
Yolda Səltənətabad kazarmalarını keçmək üçün böyük dövrə vurmalı oldum: buranı dəstə-dəstə gənc mühasirəyə almışdı. Lavizana daxil olmaq da mümkün olmadı — inqilabçıların postu maşını saxladı. Çox qətiyyətlidirlər, təhdid edirlər ki, geri qayıtmasam, güllələyəcəklər.
Axşam saat beşdən sonra üsyançılar televiziya mərkəzinə hücum edib, studiyaları ələ keçirdilər. Eyni zamanda Tehranın bütün radiostansiyaları nəzarətə alındı. Digər tətilçilərlə birlikdə bir neçə aydır işə çıxmayan gənc diktor Əli Hüseyni, şəhərin qərbindəki kazarmalardan birini zəbt edərkən televiziya mərkəzinin tutulacağı xəbəri alır. Tez bir zamanda Pəhləvi küçəsinə qaçır və ilk silahlı dəstə ilə birlikdə öz studiyasına daxil olur.
Silahını bir kənara qoyan Hüseyni döyüşün həyəcanı ilə bütün İrana elan edir ki, artıq informasiya vasitələri inqilabi xalqın nəzarətindədir. Efirə inqilabi mahnılar və marşlar verilir.
Əli Hüseyni və onun silahdaşları — Məsud Ayyaz və Cəmşid Adili tezliklə televiziya və radionu bir növ üsyanın koordinasiya mərkəzinə çevirirlər. İlk xəbərlərdən biri uzun adı olan yeni hakimiyyət orqanının, “İran xalqının İslam inqilabi hərəkatının müvəqqəti operativ qərargahı”nın bəyanatı olur
Polkovnik Nosrətullah Təvəkkülinin imzası ilə yayılan bəyanatda generalların neytrallıq qərarı xatırladılır və əsgərlərə kazarmalara qayıtmaq əmri verilir. Qərargah hər bir bölgədə asayiş orqanlarının yaradılmasını, yerli qüvvələrlə əhalinin təchizatının təşkilini, küçə hərəkətinin tənzimlənməsini və “İslam hərəkatı düşmənlərinin təxribatçı fəaliyyətinin qarşısının alınmasını” tələb edir.
Görünür, Xomeyni tərəfdarları təşəbbüsü üsyanı başlayan sol təşkilatların əlindən almaq və mömin kütlələrə söykənərək, ləğv olunmuş şah strukturlarının yerinə öz hakimiyyət orqanlarını qurmaq qərarına gəlmişdilər. İnqilabı şiə ruhanilərinin tərəfdarları sona çatdıracaqdı.
Radio və televiziyada ordu rəhbərliyinə yönəlik çağırışlar səslənir: Qəsr-e Firuz, Baharıstan meydanı və Fərəhabad ətrafında baş vermiş atışmalarda günahkar olan şəxslərin dərhal müəyyən edilməsi tələb olunur. Diktorlar müxtəlif rayonlardan inqilabi dəstələrin telefonla göndərdiyi kömək çağırışlarını oxuyur, Tehran qərbində baş vermiş böyük yanğınlar barədə məlumat verir, su təchizatına zəhər qatıldığı ilə bağlı şayiələri təkzib edir və ev şəraitində suyun yoxlanması üçün “reseptlər” səsləndirirlər. Tez-tez hərbi hissələrə əmrlər, müxtəlif dəstələrə göstərişlər verilir.
[…]
Evə qayıtdıqdan sonra televizorun qarşısında əyləşirəm. Ekranda vilayətlərdən xəbərlər verilir. Dizfulda iki nəfərin öldürülməsindən sonra əhali zirehli tank briqadasının şəxsi heyətini silahsızlaşdırıb. Həmədan şəhərində meriya, İlamda vilayət general-qubernatorunun ofisi, Babolda isə uzunmüddətli hücumdan sonra şahın yay iqamətgahı ələ keçirilib. Xeyli hərbi bazanın (Hərbi Hava Qüvvələrinin bazası, desant briqadası, piyada və mənim də bir neçə ay xidmət etdiyim tank qoşunlarının təlim mərkəzi) yerləşdiyi Şirazda şiddətli küçə döyüşləri gedir. Burada 40 nəfər öldürülüb, 350 nəfər yaralanıb. Günün sonunda silah anbarlarını açan hərbçilərin çoxu üsyançılara qoşulub. Abadanda da döyüşlər gedir, Bəndər-Abbasda isə şəhər sakinlərinə hərbi dənizçilər də qoşulub. Cəmi bir gün ərzində vilayətlərdə 230 nəfər öldürülüb.
Paytaxtda iki gün ərzində baş verən toqquşmalarda ölənlərin sayı artıq 654-ə çatıb. Yaralıların sayı isə 2700-dən çoxdur. Xəstəxanalar radio və televiziya vasitəsilə kömək üçün əhaliyə müraciət edərək, qan, sarğı materialları və könüllü tibb işçiləri istəyirlər.
Ordu Xomeyninin çağırışları ilə güclənən passiv neytrallıq mövqeyində dayanmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Radio və televiziya vasitəsilə yayımlanan fətvada ayətullah bütün hərbi qulluqçuları şah qarşısında anddan azad etdi. Nəticədə, bir çox qarnizonlar ağ bayraq qaldıraraq, təslim oldu.
12 fevral 1979-cu il
Tehranda hakimiyyət tamamilə Xomeyni tərəfdarlarının əlinə keçdi. Şapur Bəxtiyar müəmmalı şəkildə yoxa çıxdı, onun ofisinə isə Mehdi Bazərqan köçdü. O, verdiyi ilk fərmanla general Məhəmməd Vəli Qaranini Silahlı Qüvvələrin Birləşmiş Qərargahının rəisi təyin etdi. Eyni zamanda üç baş nazir müavini və müvəqqəti polis rəisi təyin olundu. Bundan sonra Bazərqan ölkədəki bütün hava limanlarının 24 saat müddətinə bağlanması əmrini verdi.
Silahlı Qüvvələrin rəhbər heyəti və qoşun növlərinin komandanları bəyan etdilər ki, ordu artıq xalqın tərəfindədir. Həqiqi xidmətdə olan zabit və generallara sabah mülki geyimdə (küçədə insidentlərin qarşısını almaq məqsədilə) öz hissələrinə gəlmək əmr olundu. Həmin əmrdə eyni zamanda qərargahlardakı əks-kəşfiyyat bölmələrinin, eləcə də hərbi tribunalların tabeliklərindəki istintaq orqanları ilə birlikdə ləğv edildiyi elan edildi.
Silahlı dəstələr strateji obyektləri ələ keçirməyə davam edirdi, lakin təşəbbüs artıq sol təşkilatlardan polkovnik Təvəkkülünün başçılıq etdiyi Müvəqqəti Operativ Qərargaha keçmişdi.
Jurnalistlər bu polkovnikin kim olduğunu yalnız bir neçə həftə sonra, amerikalı ictimai xadim Robert Şonmanın “İnterkontinental” otelində keçirdiyi mətbuat konfransında öyrəndilər.
Robert Şonman polkovnik Təvəkküli ilə apardığı söhbətlərin maqnitofon yazısını sübut kimi təqdim edərək, sensasiyalı məlumatlar yaydı. Şonmanın sözlərinə görə, o, şah rejiminin hərbi cinayətlərini araşdırmaq məqsədilə İrana gəlmişdi, lakin Təvəkküli onu Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı hesab edib və Vaşinqtona iranlı hərbçilər tərəfindən hazırlanmış planların məzmununu çatdırmağı xahiş etmişdi.
Polkovnik Təvəkkülinin – inqilabdan bir ay əvvəl lentə alınmış – dediyinə görə, silahlı qüvvələr kütləvi etirazları yatırmaq gücündə deyildi, çünki 10-15 min nəfərin fiziki məhvinə qədər ordu mənəvi baxımdan dağılacaqdı. Polkovnikin təklifinə əsasən, ABŞ bütün inqilabi sarsıntılara baxmayaraq, İran hərbçilərinə ordunu qorumaqda kömək etməli idi. Şah dövründə Amerika yönümlü tərbiyə olunmuş ordunun nüvəsi saxlanılardısa, hərbi dairələr 6-7 ay ərzində geniş təbliğat və diversiya kampaniyası apararaq, sol qüvvələri və dini elitanı nüfuzdan sala bilərdi. Bu mərhələdən sonra, zərurət olsa, yarım milyon insanın qırğınını həyata keçirməklə belə ordu dağılmazdı. Nəticədə, Təvəkküli deyirdi ki, həm İranda, həm regionda ABŞ maraqlarını təmin edəcək hərbçilər hakimiyyətə gələcəkdi.
Sonralar ABŞ ilə əlaqələri ifşa edilən bəzi hökumət üzvləri Şonmanı CIA casusu elan edib, ölkədən çıxartdılar. Təvəkküli isə təqaüdə göndərildi, mən özüm onu Tehranın mərkəzi küçələrində sərbəst gəzərkən görmüşdüm. Təvəkkülinin həmfikir adlandırdığı general Qarani 1979-cu ilin aprelində “Forkan” adlı terror qrupunun sui-qəsdi nəticəsində həlak oldu və Tehranda bir küçəyə onun adı verildi.
Qayıdaq 12 fevral 1979-cu ilə. Təvəkkülinin qərargahından göndərilən dəstələr onlara verilmiş tapşırıqları yerinə yetirirdilər: solçu qrupların möhkəmlənməsinə və silahlanmasına imkan verməmək, mühüm obyektlərdə öz nümayəndələrini yerləşdirmək. Bu missiyaya çoxsaylı mollalar da cəlb olunub.
Solçuların fəallığı Xomeynini ciddi şəkildə narahat edirdi. O, radio və televiziyada çıxış edərək şəhərliləri cəbbəxanalardan götürdükləri silahları yeni hökumətə təhvil verməyə çağırdı (mütəvazi hesablamalara görə, iki gün ərzində əhalinin əlinə təxminən 300 min atıcı silah keçib). Ayətullah vurğuladı ki, bu silahlar “ictimai mülkiyyətdir” və heç kimin onları saxlayıb satmaq və ya toplamaq ixtiyarı yoxdur. Hökumətin xüsusi icazəsi olduğu hallar istisna edilməklə silah tətbiqinə dini qadağa qoyulur. Xomeyni “Ordu inqilabın əlindədir” deyə davam edir, qətiyyətlə hərbi hissələrə və əsgərlərə hücum edilməməsinə çağırır.
Söhbət arasında şah rejiminin süqut etdiyini bildirdi və əlavə etdi: “Qələbə yaxındadır”. O qeyd etdi ki, ölkə həssas tarixi mərhələdən keçir və ciddi böhranla üz-üzədir: “Düşmənin sizin sıralarınıza sızmasına imkan verməyin, birliyinizi qoruyun. Qarışıqlığa son qoyulmalıdır”.
Xomeyninin bu müraciəti və inqilabi hakimiyyət orqanlarının analoji çağırışı gün ərzində radio və televiziyadan dəfələrlə səsləndirildi. Yeni hökumət hətta xəbərdarlıq etdi ki, silahları təhvil verməyənlərə qarşı ordudan istifadə edilə bilər: yəni, “Kayhan International” qəzetinin yazdığı kimi, yeni hökumətin hakimiyyətə gəlməsinə yardım edənlərə qarşı.
Həmkarlarım mənə bildirdi ki, bəzi yerlərdə silahlar əllərdən alınmır, əksinə, paylanır. Hətta deyilənə görə, bu, Xomeyninin birbaşa göstərişi ilə həyata keçirilir. Məsələni aydınlaşdırmaq üçün ayətullahın qərargahına yollandım.
Mətbuat mərkəzində pəncərələr pərdələrlə örtülüb, hər pəncərədə “Ehtiyatlı olun, pəncərədən boylanmayın” yazılmış vərəqlər asılıb. Əlbəttə, bir neçə jurnalist gözünü çəkmədən oraya baxır. Həyətdə avtomatik tüfənglərin paylanması gedir. Bir yerə tüfənglərin qundaqları, başqa yerə çaxmaqlarla lülələri, bir az aralıda patron daraqları, daha uzaqda isə kəmərlər və müəyyən dəmir-dümür yığılıb.
Mətbuatla əlaqələr üzrə məsul şəxs Nasir Həqquya suallarımızı veririk. Məlum oldu ki, solçu qruplardan silahları toplamaq üçün çalışan xomeyniçilər eyni zamanda öz tərəfdarlarını silahlandırırlar. Silahlar təkcə burada deyil, bəzi məscidlərdə də paylanır — bunun üçün əsgərlikdə xidmət etdiyinə dair sənəd və məhəllə mollasının imzası ilə verilmiş tövsiyə məktubu təqdim edilməlidir. Beləliklə, dəstələr formalaşır və sonra yerlərdəki “inqilab komitələri”nin, ya da mərkəzi operativ qərargahın tabeçiliyinə verilir.
Xomeyninin “ordulara və əsgərlərə hücum etməyin” çağırışları isə reallığı tam əks etdirmirdi. Gün ərzində Səltənətabad və Lavizanda hərbi hissələri, həmçinin şahın Sədabad və Niavəran sarayları, Mehrabad bazası ələ keçirildi. Ayətullahın çağırışları əhalinin solçulara yardımının qarşısını almaq və hakimiyyətin müstəsna şəkildə klerikal yönümlü şəxslər tərəfindən inhisara alınmasına hesablanıb.
Silah almaq üçün növbəyə düzülənlər arasında qvardiya diviziyasının şevronlarını daşıyan çoxlu sayda əsgər gördüm. Onlar lap yaxın günlərdə şah əleyhinə çıxışları yatıran və nümayişləri atəşə tutan əsas qüvvə sayılırdı. Nə deyəsən, bu, İran inqilabının yeganə paradoksu deyil. Artıq alışmaq vaxtıdır.
Səltənətabad və Mehrabad hərbi obyektlərində bir neçə amerikalı zabit, o cümlədən üç general həbs edildi. Onları təntənə ilə Xomeyninin hüzuruna gətirdilər. O da əcnəbi əsirləri sərbəst buraxmaq barədə göstəriş verdi.
Lavizan qvardiya qarnizonunda “ölməzlər” adlandırılan bölmələr dairəvi müdafiəyə keçərək, ətraflarını tank və zirehli texnika ilə dövrəyə almış, mövqelərini qum torbaları ilə möhkəmləndirmişdilər. İnqilabçı dəstə iki saat hücuma keçməyə cürət etmədi. Nəhayət, hücum başladıqda, qvardiyaçılar bir güllə belə atmadan ağ bayraq və əllərini qaldırıb təslim oldular. Qorxuducu paradlar artıq tarix olmuşdu.
Şahın son iqamətgahı olan Niavəran sarayının qarşısını kəsmiş beş ağır tank da bircə atəş açmadı. Şahidlər deyir ki, qonşu məscidin mollası olan Xomeyni nümayəndəsinə silahları təhvil verən əsgərlər şok vəziyyətində idilər. Səhər saat 7-də bu əsgərlər sevimli monarxları uğrunda canlarını fəda edəcəklərinə təntənəli and içmişdilər. İndi isə onları sadəcə 40 nəfərlik mülki dəstə tərksilah edirdi. Saray parkından qvardiyaçıları çıxaranda girişdə dayanmış “Chieftain” tanklarının qüllələrində uşaqlar rəqs edirdi.
Səltənətabadda SAVAK qərargahının tutulması zamanı bir neçə nəfər həyətə basdırılmış minalara düşərək həlak oldu. SAVAK-ın qərargahında maraqlı tapıntılardan biri də yaxın vaxtlarda çəkilmiş nümayişçilər kolonlarının fotolarından ibarət albom kolleksiyası oldu. Aksiyaların bir çox iştirakçıları artıq tanınıb və hər bir şəkil üçün ad, soyad və ünvanlardan ibarət siyahılar tərtib olunmuşdu.
Evin həbsxanasının dəhlizlərindəki qapılar asetilen kəsiciləri ilə açıldı – elektron qıfıllar adi yollarla açılmırdı. Yeraltı labirintlərdə irəliləyən qruplara kömək etmək üçün həbsxana planlarını bilənlərdən televiziya vasitəsilə dəfələrlə yardım istənildi. Evində aşkar olunanlar arasında işgəncə kameraları və məhbuslara işgəncə vermək üçün avadanlıqlar vardı: əllər və ayaqlar üçün qandalı olan, elektrik şəbəkəsinə qoşulan dəmir çarpayılar, elektrik naqili qoşulmuş qamçılar və başqa çox şey.
TASS-a telefonla son məlumatları ötürdükdən sonra yenidən Xomeyni tərəfdarlarının mərkəzinə yollandım. Orada jurnalistlər Yəzdi ilə görüşə bildilər. O dedi ki, bütün şəhər boyu silahlı dəstələr çox sayda əsgər, polis və SAVAK informatorunu əsir götürür. Hərəkatın qərargahına tez-tez zənglər gəlir — “bu tutulanlarla nə edək?” sualına cavab isə eynidir: “Silahlarını alın, öpün və deyin ki, bu andan etibarən onlar şaha yox, xalqa xidmət edirlər”.
Lakin bəzi əsirlərin birbaşa buraya gətirildiyinə əmin oluram. Açıq pikapda bir SAVAK-çının gətirildiyini gördüm. Ədyala bürünmüşdü, amma yenə də titrədiyi görünürdü – küçədə hərarət sıfırın altında idi. Onun yanında oturan silahlı döyüşçülər nazik gödəkçələrində donmurlar. İnqilabda iştirakla qızınaraq soyuq hiss etmirdilər. Tutulan şəxsin üzündə məna və ifadədən uzaq, süst qoyun baxışı vardı. Silahlıların əhatəyə aldığı 11 qvardiyaçının da siması eyni idi. Onlar xalqa atəş açan sonuncu qruplardan bir idilər.
Xomeyninin qərargahına, inqilab zamanı Cəmşidiyə hərbi polis qarnizonunda həbs altında saxlanılan şah rejiminin bir neçə vəzifəli şəxsi də gətirilmişdi. Onlardan bəziləri ilə müsahibə axşam Tehran teleproqramının əsas xəbəri oldu.
Budur, ekranda SAVAK-ın keçmiş rəhbəri, general Nematullah Nəsiri peyda olur. Başı və boğazı səliqəsiz sarınıb, danışa bilmir — ələ keçərkən boğazından süngü ilə yaralanıb. Sözlər əvəzinə fısıltı eşidilir. Şahın sinif yoldaşı və həmyaşıdı olan, işgəncə və repressiyaların əsas təşkilatçısı Nəsiri kamera arxasında gizlənən adamların israrlı və acıqlı sualları qarşısında qıvrılır.
Deyir ki, SAVAK-ın büdcəsi və əməkdaş sayı çox az idi, özü isə yalnız inzibati vəzifələri yerinə yetirirdi və guya işgəncələr, edamlar və idarəsində baş verən qanunsuzluqlardan xəbəri olmayıb. Ürəkbulandıran mənzərə idi.
Hərbi administrasiya rəhbəri general Mehdi Rəhimi isə əksinə, özünü sakit və ləyaqətli aparırdı. Görünür, bu, general Qarabaği tərəfindən verilmiş təhlükəsizlik zəmanətinin nəticəsi idi. O, şaha verdiyi anda və hərbi borcuna sadiq qaldığını bəyan etdi. Amma həm o, həm də Nəsiri iki gün sonra Xomeyninin iqamətgahının damında formallıqsız, istintaqsız güllələndilər.
Bu vaxt paytaxt hələ də sabitlikdən uzaq idi. Gecə yarısına qədər küçələrdə silahlı maşın karvanları şütüyürdü — həm solçu qrupların, həm də şəxsən Xomeyniyə tabe olan İslam İnqilabı Şurasının Təvəkküliyə tabe qərargahının dəstələri. Bəzi monarxist hərbçilər hələ də şəhərin strateji obyektlərinə hücum edir, atışmalar törədirdilər.
Xəstəxanalara yaralılar, ölüxanalara isə ölülər daşınırdı. Gecə saat 11-dən sonra yenidən yanğınlar başlandı — bu dəfə Tehranın şərq hissəsində. Söz-söhbətlərə görə, eyni vaxtda 1500-ə qədər tikili yanırdı, aralarında yaşayış evləri də vardı. Küçələrdə özfəaliyyət patrulları və postları peyda olmuşdu. Məni də maşında iki dəfə silahlı şəxslər saxlayıb yoxladılar – hansı təşkilata məxsus olduqlarını deməkdən imtina etdilər.
13 fevral 1979-cu il
Şah ordusunun sərkərdələri özləri üçün də gözlənilmədən iki gün ərzində “islam silahlı qüvvələri”nin tərkibinə düşərək yeni şəraitdə xidmətlərini bərpa etdilər. Kəsr qarnizonundakı qərargah binasında, inqilabçı gənclər tərəfindən qorunan bu yerdə, səhərdən etibarən mülki geyimdə zabitlər toplaşmağa başladılar. Onlar indiyə qədər tanınmayan polkovnik Əsgər Qayimməkaninin imzaladığı əmrə tabe olaraq gəlmişdilər. Polkovnik özünü belə təqdim edirdi: “İran inqilabçılarının hərbi məsələlər üzrə sadiq müşaviri, heç bir təşkilata mənsub deyil”.
Qərargahda bütün işlərə general Məhəmməd Vəli Qarani rəhbərlik edirdi. Ona generallar Bəxşiyazar və Cənab yardım edirdilər. Onların kabinetinin yaxınlığında polkovnik Təvəkküli Xomeyni tərəfdarlarının silahlı qüvvələrinin fəaliyyətini fasiləsiz əlaqələndirir. “İnqilabın hərbi qanadı” adlandırılan bir qrup istefada olan zabit isə ayrıca otaqda yerləşmişdi.
İnqilabçılarla qarşıdurmada məğlub olmuş şah rejimi generallarının gözlədiyinin əksinə, onları qərargahda çay və pirojnalarla mehriban qarşıladılar – bu barədə “Ayandegan” qəzetinə hadisənin şahidi məlumat vermişdi. Onun sözlərinə görə, vaxtilə şah rejiminin sarsılmazlığı barədə mühazirələri ilə tanınan general Təbatəbai-Vəkili növbətçidən dəstəmaz üçün su istəmiş, sonra isə qəbul zalının küncündə nümayişkaranə şəkildə namaz qılmağa başlamışdı.
General Vəcadi isə qərargaha girər-girməz qarşısına çıxan ilk adama sarılıb yalvarırdı:
— İnanın, mən şəxsən heç bir pislik etməmişəm!
Digər bir general isə düzəliş verdi:
— Zati-aliləri, siz zabitlər tualetinin növbətçisi qarşısında tövbə edirsiniz!
Qarani qorxu içində olan və yeni rejimə sədaqətlərini cani-könüldən bildirən generalları iclas zalında toplayaraq bildirdi ki, xidmətini davam etdirmək istəyənlər 16 fevralda qərargaha gələ bilərlər, qalanlara isə istefaya çıxmaq və pensiya almaq üçün raport verməyə icazə verilir.
Həmin zalda o zaman nümayişçilərə atəş açmaq əmrini vermiş komandanlar, əks-kəşfiyyat zabitləri və monarxist qvardiyaçılar da var idi. Yeni hakimiyyətin ordu daxilindəki keçmiş düşmənlərlə belə davranması Qarani və Təvəkkülinin planının həyata keçdiyini göstərirdi: bu plan şah ordusunun saxlanılmasına və gələcəkdə inqilabi qüvvələrin məhv edilməsində istifadəsinə hesablanmışdı. Xomeyninin silahdaşları sol təşkilatların təklif etdiyi şəkildə köhnə ordunun əvəzinə “xalq ordusu” yaratmaq fikrində deyildilər.
Faktiki ölkə rəhbərinə çevrilmiş dini lider son müraciətində bütün fərariləri kazarmalara qayıtmağa çağırdı. Daha sonra dərc olunmuş məlumata görə, 13 fevrala qədər silahlı qüvvələrin tərkibində cəmi 40 faiz şəxsi heyət qalmışdı, qalan əsgər və zabitlər xalq üsyanına qoşulmuşdu. Hərbi texnika və silah-sursatın təqribən 85 faizi ya oğurlanmış, ya da yararsız vəziyyətə düşmüşdü.
Xomeyni bir daha çağırış edərək, əhalinin əlindəki silahların Tehranın on beş məscidində açılmış xüsusi məntəqələrə təhvil verilməsini tələb etdi. Ancaq bu çağırışa verilən reaksiya olduqca zəif oldu. “Tehran Journal”ın yazdığına görə, cəmi 1100 tüfəng və avtomat təhvil verildi. Silahla açıq-aşkar öyünən gənclər küçələrdən yox oldular, amma odlu silahlar gizli yerlərə köç etdilər.
Döyüş dəstələrinin təlimi üçün universitet ərazisində böyük mərkəz yaratmış fədailər təşkilatı isə tərəfdarlarını tərki-silah etməkdən qəti boyun qaçırdı. Onlar Xomeyniyə göndərdikləri məktubda bildirdilər ki, birtərəfli şəkildə silahları verməyəcəklər, lakin İslam İnqilabı Şurasının üzvləri ilə birgə vətəndaşlardan silahların yığılması məsələsini həll edəcək birgə komissiyada iştirak etməyə hazırdırlar. Xomeyni isə cavabında onun əmrlərinə tabe olmamağı “inqilab sıralarında parçalanma” adlandırdı və vurğuladı ki, belə bir parçalanma İran xalqını qəti qələbə ümidlərindən məhrum edə bilər. “Fraksiya tərəfdarları — ya axmaqlardır, ya da xarici agent. Bütün iranlılar dərhal ölkənin bərpasına başlamalıdırlar — bu ölkə zəlzələlərdən, yadelli müdaxilələrdən və düşmənlərdən əziyyət çəkmişdir”, — deyə əlavə etdi.
Üsyandan bərpaya keçidin uzun və çətin olacağı artıq aydındır. Hələlik isə əksəriyyəti sürətli hadisələr qarşısında heyrətlənən və hakimiyyətə gələn şəxslərin kimliyini tam anlamayan iranlılar son günlərin ağır nəticələrini dəyərləndirirlər.
Yeni rejimin rəsmi statistikasına görə, antişah inqilab zamanı 65 minə qədər adam həlak olmuş, 100 mindən çox insan isə xəsarət almışdır. Qərb mənbələri ölənlərin sayını 10-20 min arasında qiymətləndirir. “Tehran Times” jurnalistləri, demək olar ki, hər gün qurbanların sayını sayaraq, 15 ay davam edən inqilabi çıxışlar ərzində ən azı 10 min iranlının öldüyünü, Tehran üsyanının 48 saatı ərzində isə 860 nəfərin öldüyünü, 3500 nəfərin yaralandığını müəyyən ediblər (paytaxt və əyalətlərdə). Hər halda, bütün məlumatlar göstərir ki, iranlı vətənpərvərlər despot monarxiyadan azad olmaq naminə dəhşətli bədəl ödəyiblər.
Burada şah rejiminin məğlubiyyəti və süqutu barədə hekayəyə nöqtə qoymaq olar. Yeni hakimiyyət öz dövlət aparatını qurmağa başladı. İranı düşmən düşərgələrə bölüb inqilabi partlayışa səbəb olmuş barışmaz qarşıdurmaların yerini indi yeni ziddiyyətlər aldı, bu dəfə antişah hərəkatın iştirakçılarının özləri arasında. Daxili mübarizənin bu yeni mərhələsində xomeyniçilər uzunmüddətli qələbə qazandılar.