“26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə ordumuzun bütün mənsublarını təbrik edirəm. Bu gün bölgəmizdə baş verənlər onu göstərir ki, hər bir dövlət üçün əlahiddə institut məhz ordudur.
Diqqət edirsinizsə, bu gün biz döyüş meydanında çox sayda əsgər görmürük, kompüter arxasında oturan zəkaları görürük, kosmosda, səmada sayrışan raketləri görürük. Bu, o deməkdir ki, ordunun əsas bazası savadlı insanlardan, mütəxəssislərdən ibarət olmalıdır.
Bunun üçün də ölkədə həm təhsil sistemi, həm də universitet mexanizmi o dərəcədə güclü olmalıdır ki, biz ordumuz üçün də keyfiyyətli mütəxəssislər hazırlaya bilək”.
Tacxeber.com xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, biz dünyanın məşğul olduğu məsələlərdən çox geri qalmışıq:
“Amma bu gün təəssüf ki, bizdə ən çox müzakirə olunan məsələ yasda ehsan verilib, verilməməsi, məktəbə uşaqları daşımaq üçün avtomobilin olub, olmaması kimi məsələləridir. Peşə məktəblərinə hələ də insanların cəlb olunmasını stimullaşdıra bilmirik.
Televiziyalarda xanım müğənnilərin kulturoloji debatı gedir, elm adamlarının debatlarına az sayda rast gəlirik. Biz dünyanın məşğul olduğu məsələlərdən çox geri qalmışıq. Bunu biz mütləq ortadan qaldırmalıyıq. Sevinirik ki, bəzi universitetlərimiz tarixi məsuliyyətlərini dərk edərək özlərini inkişaf elətdirirlər. Bu sahədə ətalət içərisində olan universitetlərimiz də var. Ruzvelt deyirdi ki, biz müharibəni qazandıq, amma əsas məqsədimiz qələbəni qazanmaqdır. Bu gün qələbə informasiya, kommunikasiya texnologiyalarda irəli olanlar qazanacaq”.
Deputat elmi-kütləvi əsərlərin tərcüməsinə və nəşrinə vəsaitin ayrılmasını təklif edib:
“Elmi-kütləvi ədəbiyyatların tərcüməsini, nəşrinin müəyyən elementlərini görəndə sevinirəm. Bu sahəyə pul ayrılmalıdır. Bu sahədə yazan, tərcümə edən insanlara vəsait ayrılmalıdır. Ali Attestasiya Komissiyasında görürük ki, müdafiə edənlərin 90 faizi humanitar elmlər, filologiyadır.
Təbiət elmlərindən cüzi sayda müdafiə var. Bu sahəyə diqqət ayrısaq insanları bu sahəyə yönəltmək mümkün olacaq”.