Direktor Ülvi Həsənli:
“Biz azad söz, müstəqil mətbuat uğrunda azadlığımızdan məhrum olmuşuq. Həbs olunduğuma görə heyfslənmirəm. Bu da bir təcrübədir. İlham Əliyev bizim fiziki azadlığımızı əlimizdən ala bilər, amma düşüncə, ifadə, söz azadlığımızı əlimizdən ala bilməz. Biz hansısa məsələdən yazanda özümüzü bir çox cəhətdən xoşbəxt hiss edirik. Həm mənəvi rahatlıq tapırıq, həm də hansısa problemin həllində az da olsa rolumuz olduğuna görə bir daha peşəmizə minnətdarlıq duyuruq”.
Baş redaktor Sevinc Vaqifqızı:
“İstintaq materiallarında Abzasçılara qarşı əməliyyatın “mötəbər mənbə”nin məlumatı əsasında başladıldığı yazılır. Bəs kimdir o “mötəbər”? İstintaq orqanı, məhkəmədə o adı bizə açıqlamaqdan imtina etdi. Amma biz o adı bilirik. O “mötəbər mənbə” prezident İlham Əliyevdir. Çünki araşdırdığımız korrupsiya cinayətləri ona və yaxın çevrəsinə toxunurdu”.
Məhəmməd Kekalov:
“Bu gün mən hakimlərə və dövlət ittihamçısına Corc Oruellin “1984” kitabını hədiyyə edirəm. Narahat olmayın, qaçaqmalçılıqla alınmayıb, qardaşım öz pulu ilə alıb. Oxuyun, bu gün yaşadıqlarımızı görəcəksiniz. Son söz isə öləndə olur, bu, mənim son sözüm deyil hələ”.
Nərgiz Absalamova:
“Hakim Rasim Sadıxov proseslərin birində demişdi ki, “gülün, görəcəyik axırda kim güləcək”. Bu gün axırdır, amma yenə biz gülürük. Belə hakimlərə ancaq gülmək olar. Bu yaşda nəinki həqiqəti deyə bilmirlər, hətta biz gənclər həqiqəti deyəndə də qorxudan rəng alıb, rəng verirlər. Biz onların bu vəziyyətə düşməsini görəndə, əlbəttə, gülürük. Rasim Sadıxov, bir az da ehtiyat edirik ki, ürəktutmasından ölərsiniz. Ona görə sizə ürək dərmanı gətirmişəm, buyurun, götürün. Bunu ona görə sizə vermədim ki, ürəktutmasından ölməyinizi istəmirəm, ona görə verirəm ki, ölsəniz, ehtiyat hakim də yoxdur, proses uzanacaq”.
Jurnalist Elnarə Qasımova:
“Sizə verilən sifarişlər sizin üçün həm də əmrdir və siz müstəqil olmaq yerinə, qanunsuz əmrə tabe olmağı seçirsiz. Bununla da, sifarişçilərinizdən heç nə ilə fərqlənmirsiniz. Ona görə də “əmr quluyam” deyib yaxanızı kənara çəkməyə, vicdanınızı bu yolla rahatlatmağa çalışmayın”.
“Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə:
“Onlar istəsə, barəmizdə ömürlük həbs qərarı çıxara, hətta cinayət məcəlləsini dəyişib, ölüm hökmünü bərpa edib bizi edama göndərə bilərlər. Çünki qanunun aliliyinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət edilməyən ölkələrdə məhkəmə prosesləri avtoritar hökumətlərin saxta gülümsəməsindən başqa bir şey deyil. Ancaq yarımçıq həqiqət olmur. Həqiqət tamdır və həqiqət ondan ibarətdir ki, mən heç bir cinayət törətməmişəm! Biz gec-tez hüquqi olaraq bəraət qazanacağıq”.