“Tarix Əliyevin siyasi məhbus ailələrini təhqir etməsi hakimiyyətin direktividir”
Siyasi məhbus kimi tanınan bir sıra jurnalist anaları ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə televiziya aparıcısı, “Tolik” ləqəbi ilə tanınan Tarix Əliyevin bu yaxınlarda siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvlərini təhqir etməsinə toxunulub.
Bəyanatda bildirilir ki, “Tolik” Azərbaycan cəmiyyətində hakimiyyətin qeyri-rəsmi təbliğat simalarından biri kimi çıxış edir və iqtidarın mesajını televiziya üzərindən cəmiyyətə ötürür.
“Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən, həm Tarix Əliyevi, həm də onun vasitəsilə cəmiyyətə nifrət ritorikası aşılayan siyasi hakimiyyəti bu hadisədə məsuliyyət daşıyan tərəflər kimi tanıyırıq”, – bəyanatda deyilir.
Ardınca Əliyevin təhqirləri ilə 1937-ci il Stalin repressiyalarında şəxslərin qohumluq əlaqələrinə görə cəzalandırılması arasında analoq olduğu fikri irəli sürülüb.
“Fərdi siyasi mövqeyinə görə cəzalandırılan şəxsin yaxınlarına qarşı hücumlar, onların cəmiyyətdən təcrid olunmasına yönəlik addımlar həmin repressiv təfəkkürün davamı kimi qiymətləndirilməlidir. Halbuki həbs edilən şəxslərin hər biri hüquqi cəhətdən yetkin, azad iradəyə malik fərdlərdir və onların şəxsi qərarları üçün ailə üzvlərinin məsuliyyət daşıması nə hüquqi, nə də əxlaqi cəhətdən əsaslandırıla bilər”, – müraciətçilər qeyd edib.
Jurnalist anaları bildirir ki, onlar T.Əliyevin təhqirlərinə hüquqi qiymət verilməsi üçün bu yaxınlarda məhkəməyə müraciət edəcəklər.
“Tarix Əliyevin bütün siyasi məhbus ailələri qarşısında açıq şəkildə üzr istəməsi tələblərimiz arasındadır. Biz, mövcud hakimiyyəti 1937-dən dərs çıxarmağa, tənqidçilərinə qarşı təhqir və repressiya dili ilə deyil, ləyaqətli və demokratik yollarla cavab verməyə çağırırıq. Azərbaycanın demokratik gələcəyi naminə mübarizəsini həbsxanada davam etdirən övladlarımızın yanında olduğumuzu, onların haqq işinə sonadək dəstək verəcəyimizi bəyan edirik”, – deyə qeyd edilib.
Bəyanata “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq, Aysel Umudova, Ramin Cəbrayılzadə, Fatimə Mövlamlı və Ülviyyə Əlinin anası imza atıb. (Toplum)