26 C
Bakı
21 İyun 2025 16:38
CəmiyyətDigərGündəmŞikayətSiyasət

Tofiq Yaqublu yazır:

 İlham Əliyev dünyadakı bütün diktatorlar kimi müxalifətçiləri, tənqidi jurnalistikanı, ictimai fəalları və s. sevmir, onlara nifrət edir və repressiyaya məruz qoyur. Necə deyərlər, bütün diktatorlar kimi. Bir də var ki, konkret olaraq bir repressiya aktını sifariş vermək üçün diktatoru qıcıqlandıran konkret bir amil olur. Bu mənada sonuncu həbsimin səbəbi aşağıda sizə təqdim olunan fikirlərimdir. Bu fikirləri azadlıqda olarkən müxtəlif platformalarda demişəm. Dostlardan xahiş etdim ki, onları toplayıb, bir yazı halına salsınlar. Təbii ki, son tövsiyyələrimi də verdim. Bilmirəm, bu işi necə bacaracaqlar, amma onlara inanıram.

 

Ermənistan öz Konstitusiyasındakı Azərbaycanın ərazisinə qarşı təhdid və iddia doğuran müddəanı ləğv etməlidir. Bu istiqamətdə Azərbaycanın tələbləri tamamilə qanuni və ədalətlidir. Lakin sülh müqaviləsinin bağlanması üçün əsas  şərt kimi qoyulması çox yalnışdır və daha çox sülh müqaviləsinin bağlanmasını yubadan populizmin tərkib hissəsidir. Rəsmi təbliğat deyir ki, tutaq ki, Paşinyan dövründə Konstitusiyadakı həmin bədnam müddəadan istifadə edərək Ermənistanın Azərbaycana hücum etməyəcəyinə inandıq, amma sonra onun yerinə revanşist qüvvələr gəlsələr, bu müddəaya əsaslanaraq müharibəyə başlaya bilərlər. Bir şeyi qəti bilmək lazımdır ki, hakimiyyətdə olan mürtəce qüvvələr daxili və beynəlxalq qanunvericilikdə nə yazıldığına məhəl qoymurlar, onlar hiss edəndə ki, güclüdürlər və haranısa işğal etməyə qadirdilər, heç bir sənədə, qanuna və müqaviləyə baxmadan bunu edirlər. Məgər İraqın Konstitusitasında Küveytə, Almaniyanın Konstitusiyasında Avropa ölkələrinə və SSRİ-yə, Rusiyanın Konstitusiyasında Ukraynaya və s. qarşı ərazi iddiaları var idi ki, sonra da bu müddəa hərbi təcavüz üçün əsas oldu?

 

Tam əminəm ki, əgər bu gün Ermənistanın Konstitusiyasında həmin müddəa ləğv edilərək yerində “Azərbaycanın qadasını alaq, o, bizim başımızın tacıdır” kimi fikirlər yazılsa belə, Rusiya Ukrayna müharibəsində qalib gəlsə və Ermənistanda Moskvaya bağlı Koçaryan tipli revanşistlər hakimiyyətə gəlsələr, mütləq Azərbaycana hücum edəcəklər. Bu tipli rejimlər üçün bəhanə uydurmaqdan asan heç nə yoxdur. Onda neyləyəcəyik? Dünyaya deyəcəyik ki, Ermənistan öz Konstitusiyasını pozub və buna  görə bizi müdafiə etməli, təcavüzkar Ermənistanı isə cəzalandırmalısınız? Bir də var ki, beynəlxalq mərkəzlərin və güclərin iştirakı, həm də dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanır, imkan daxilində bu müqaviləyə beynəlxalq qərarlar verilir və bundan sonra Ermənistanda nə vaxtsa hakimiyyətə gələcək mürtəce hakimiyyət bu müqaviləni pozaraq Azərbaycana hücum edir. Sizcə, hansı variantda daha çox beynəlxalq dəstək və himayə qazanarıq?

 

Unutmaq olmaz ki, Erənistandakı revanşist qüvvələri ümidləndirən faktorlardan biri də məhz hələ də sülh müqaviləsinin imzalanmamasıdır. Onlar düşünürlər ki, hələ də hər şey itirilməyib. Əminəm ki, sülh müqaviləsi imzalansa, revanşistlərin əksəriyyət hissəsi “bitdi, daha geridönüş şansları qalmadı” əhval-ruhiyyəsinə qapılaraq bu mənasız iddiadan uzaqlaşacaqlar.

Bu məsələnin daha da ciddi fəsadlı tərəfi var. Konstitusiyada dəyişiklik etmək üçün Ermənistanda referendum keçirilməlidir. Rusiyanın demokratik Qərbin bir sıra ölkələrində, hətta ABŞ-nın özündə belə seçkilərə ciddi müdaxilə etdiyi açıq və təkzibedilməz faktdır. Hətta buna görə Rumıniyada keçirilmiş prezident seçkilərinin nəticələri də ləğv olundu. İndi özünüz təsəvvür edin, oturuşmuş demokratiya və vətəndaş cəmiyyəti mövcud  olan Qərb ölkələrində keçirilən seçkilərə müdaxilə edən Rusiya, hələ də onun orbitindən tamamilə ayrıla bilməmiş, ondan ciddi aslılığı davam edən və demokratik inkişaf yolunun hələ lap başlanğıcında olan Ermənistanda keçirilən referenduma müdaxilə etməzmi? Əgər bu günlərdə Ermənistanda referendum keçirilsə, onun nəticələrinin Rusiyanın istəklərinə uyğun olacağı ehtimalı çox yüksəkdir. Elə isə bu tələb üstündə israr etməklə özümüz üçün problem yaratmırıqmı? Mən tam əminəm ki, bizim hakimiyyət bu tələbi Putinin göstərişi ilə ortaya atıb və israrını davam etdirir.

 

Ümumiyyətlə, Azərbaycan–Ermənistan münasibətlərinin müharibədən sonrakı dövrü haqqında danışarkən bu münasibətlərə yanaşmada İlham Əliyevin söylədiyi həqiqətlə uzaqdan-yaxından əlaqəsi olmayan bir məsələnin sülh prosesinə çox ciddi ziyan vurduğunu qeyd etməliyik. Təbii ki, 44 günlük savaşda cəsur və şərəfli Azərbaycan ordusu işğalçı Ermənistan ordusunu darmadağın etdi. İlham Əliyev hələ də cəmiyyətə izahat verməyib ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək prosesi niyə Şuşanın işğaldan azad edilməsindən sonra dayandırıldı. Axı o vaxt bütün dünya bir-iki əhəmiyyətsiz etirazları nəzərə almasaq, Azərbaycanın apardığı müharibənin ədalətli və qanuni olduğunu qəbul edirdi.

 

Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan ordusu tamamilə demoralizə olmuşdu və müqavimət göstərmək imkanı yox idi. O vaxt Qarabağdakı erməni hərbiçilərinin bircə qayğısı var idi, o da əsir düşmədən Ermənistana qaça bilmək. Belə bir vaxtda ordumuzun müvəffəq irəliləyişinin qabağını almaq nəyə xidmət edirdi? Əlbəttə bu,  Putinin tapşırığı ilə edilmişdi. 10 noyabr sənədi atəşkəs haqda birgə bəyanatdır, hansına ki, Paşinyan hamıdan sonra imza atmışdı. İlham Əliyev isə deyir ki, Paşinyan Kapitulyasiya sənədinə imza atıb. Kapitulyasiya o yana dursun, həmin sənədin heç bir yerində, hətta Ermənistanın uduzan tərəf olduğu qeyd olunmur. Əgər Ermənistan kapitulyasiya etmişdisə, onda niyə həmin sənədə Azərbaycan eni 5 km, uzunluğu təxminən 40 km olan Laçın dəhlizinin təmin edilməsinə və öz pulu hesabına Laçından yan keçməklə Gorusdan Xankəndinə avtomobil yolu çəkməyi boynuna götürürdü?

 

Gərək ki, belə şərt bizə qarşı yox, kapitulyasiya etmiş Ermənistana qoyulaydı və Zəngəzur dəhlizi ilə bağlı onun öhdəlikləri qeyd ediləydi. Kapitulyasiya haqqında deyilənlərin həqiqətlə heç bir əlaqəsi yox idi. Kapitulyasiyanın nə olduğunu anlamaq üçün 2-ci Dünya Müharibəsində Almaniyanın və Yaponiyanın imzaladıqları kapitulyasiya aktlarını oxusalar, yaxşı olar. İqtidarın bu qədər jurnalist, ekspert, politoloq, deputat və s. tipli insanlardan ibarət təbliğat ordusunda bircə nəfərin də həqiqəti deməyə cəsarəti çatmır və bu yalançı versiyanı təkrarlamaqla məşğuldurlar. Onlardan biri də “Zəngəzur dəhlizini xoşluqla açmasalar, zorla alacağıq” bəyanatları qarşısında demədi ki, ay müzəffər, elə bu Zəngəzur dəhlizi məsələsini həmin “kapitulyasiya aktı”na yazdırardın da!

 

Ermənistan dəhlizi açmağa çoxdan hazırdır. Sadəcə olaraq onun bəyanatlarından yapışaraq bunu rəsmiləşdirmək lazımdır. Arada neçə illər boşuna getdi, halbuki bu məsələni tezləşdirərək ən azından Naxçıvanı zülmdən, əzab-əziyyətdən qurtarmaq olardı. İnsanlar rahatca şəxsi avtomobilləri və avtobuslarla gedib-gəlməklə İran ərazisi ilə üzücü səfərlərdən və təyyarə ilə bahalı, özü də bir çemodanlıq baqajla uçuşlardan xilas olardılar. Bununla həm də haqqında çox danışılan “Orta dəhliz” layihəsi daha da real əhəmiyyət kəsb edərdi və Orta Asiyadakı türk dövlətlərinin Türkiyə və Avropa ilə nəqliyyat infrastrukturu ilə bağlanması əhəmiyyətli bir gerçəklik olardı. Dolayısı ilə olsa da Ərdoğan dəfələrlə sülh müqaviləsinin imzalanmasının və Zəngəzur dəhlizinin açılmasının tezləşdirilməsinin vacib olduğunu bildirib. Təbii ki, o, bunu Türkiyə-Azərbaycan münasibətlərinə xələl gəlməsin deyə, xeyli ustalıqla və bayaq dediyim kimi dolayısı ilə bildirməli olur.

 

Həqiqətin üzünə vurulan sillələrdən  biri də “mən nəyi və nə vaxt etməyi bilirəm” bəyanıdır. Guya ki, İlham Əliyev bilirmiş ki, 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün real imkan yaranacaq. Ona görə də 2003-cü ildə İsa Qəmbərə böyük fərqlə uduzduğu seçkilərin nəticələrini polis gücünə ləğv edərək hakimiyyəti ələ keçirib və azadlıqları məhv edərək rahatca ölkəni talamağa başlayıb. Yeri gəlmişkən, bu talama prosesində Azərbaycan ordusundan da az oğurlanmayıb. “Otkat” əməliyyatları ilə Rusiyadan çoxlu sayda köhnəlmiş hərbi texnikanı çox baha qitmətlərə alıblar və elə bunun nəticəsidir ki, 2-ci Qarabağ savaşında canlı qüvvə itkilərimiz olmalı olduğundan daha çox oldu. Sonrakı seçkiləri də lazımi məqamı gözləmək naminə saxtalaşdırırmış. Saxta referendumlar keçirərək özünün istədiyi qədər hakimiyyətdə qalmasını və rəsmi olaraq ailə hakimiyyəti formlaşdırılmasıını da torpaqlarımız işğaldan azad etmək üçün lazımi məqamın yetişməsini gözləmək naminə edibmiş. Əlbəttə ki, yalandır.

 

Hələ 2009-cu ildə o, yenilənmiş Paris prinsiplərinə imza atmaqla faktiki olaraq Dağlıq Qarabağın müstəqilliyinə yol açmışdı. Həmin sənədə görə Dağlıq Qarabağın statusu orada yaşayan əhalinin səsverməsi ilə müəyyənləşməli idi. Bundan sonra o, Soçidə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana 5 milyard dollar təklif etmişdi ki, işğal edilmiş rayonlarımızdan cəmi 5-dən çıxılsın və sülh imzalayaq. Sadəcə olaraq iş elə gətirdi ki, 2018-ci ildə Ermənistan xalqı korrupsioner və saxtakar Qarabağ klanı hakimiyyətini devirdi, yerində legitim, demokratik hakimiyyət qurdu. Paşinyan hakimiyyətə gələn kimi korrupsiyaya qarşı müharibə elan etdi və bu prosesdə Putinin şəxsi dostu, keçmiş prezident Robert Koçaryanı həbs etdi. Putin onun həbsdən azad edilməsinə çox çalışdı. Yerevana emissarlar göndərdi, amma heç nə alınmadı. Nəhayət, MDB tədbiri çərçivəsində özü Yerevana işğüzar səfərə gəldi, Koçaryanın evinə gedib onun anası ilə görüşdü və Paşinyandan onun həbsdən azad edilməsini şəxsən xahiş etdi. Lakin Paşinyan mövqeyindən geri çəkilmədi və onu həbsdə saxladı.

 

Üstəlik də Paşinyan hakimiyyəti ilk gündən xırda-xırda olsa da Rusiyadan aralanıb, Qərbə doğru üz tutmaq yönündə ilk addımlarını atmağa başladı. Təbii ki, Putin kimi birisi bunu həzm edə bilməzdi, ona görə də Paşinyanı devirmək haqqında düşünməyə başladı. Onun müdafiə etdiyi qüvvələr Ermənistanda tamamilə nüfuzdan düşmüşdü, bunun əksinə olaraq yeni hakimiyyətə böyük sevgi və etimad var idi. Deməli, təkcə müxalifətin gücü ilə heç nə əldə etmək mümkün deyildi. Düşündü ki, Paşinyana qarşı ümümxalq nifrətini və etirazını təşkil etmək üçün bir zamanlar Koçaryanın və silahdaşlarının Rusiyanın yardımı ilə işğal etdiyi Dağlıq Qarabağın ətrafındakı əraziləri Azərbaycanın geri qaytarması kifayət edəcək. Odur ki, İlham Əliyevə Türkiyənin köməyi ilə müharibəyə başlamağı tövsiyyə etdi və onu əmin etdi ki, Ermənistanı meydanda tək buraxacaq. Bax, “mən nəyi və nə vaxt etməyi bilirəm” adlı “həqiqət”in  mahiyyəti qısaca olaraq belədir.

 

Elə 2023-cü ildə Azərbaycan ordusunun rəşadəti və möhtəşəm qələbəsi ilə başa çatmış antiterror əməliyyatının başlama səbəbi də eynidir. Putin 44 günlük müharibədə azad edilmiş torpaqların Paşinyanın devrilməsinə gətirib çıxarmadığını görüb düşündü ki, yerdə qalan torpaqlar da azad edilsə, bu dəfə xalq onu mütləq devirəcək. Ona görə də növbəti hərbi əməliyyatları lazımlı bilmişdi. Təbii ki, həm 44 günlük müharibədə, həm antiterror əməliyyatında Azərbaycan haqlı idi. Çünki öz torpaqlarını işğaldan azad edirdi. Azərbaycan ordusunun şücaəti də ki, bir başqa aləm. Amma İlham Əliyevin dediklərinin bu məsələyə heç bir aidiyyatı yoxdur.

 

 Hamımıza bəllidir ki, Ermənistan Rusiyanın birbaşa hərbi yardımları olmasaydı, Azərbaycanın ərazilərinin 20 faizini işğal edə bilməzdi. Eyni zamanda Rusiyanın dəstəyi olmasaydı, Ermənistan bu qədər əraziləri az qala 30 ilədək işğal altında saxlaya bilməzdi. Yəni, Rusiya Ermənistana nəinki torpaqlarımızı işğal etməyə yardım etmişdi, həmçinin həmin ərazilərin işğal altında saxlaya bilməsi üçün hər cür hərbi və siyasi dəstək vermişdi. Məsələn, rusiyalı general Lev Roxlin etiraf etdi ki, 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından illər sonra Rusiya Ermənistana 1 milyard dollarlıq hərbi texnika hədiyyə etmişdi. Bu açıqlamasından qısa zaman sonra onun Moskva yaxınlığındakı bağ evində meyiti tapıldı, amma bununla belə artıq hamının bildiyi həqiqətlərin faktiki etirafı baş vermişdi.

 

Təbii ki, mən düşünmürəm ki, Rusiyanın bizə qarşı etdiyi mərdimazarlıqlara görə onunla əlaqələri kəsməliyik, düşmənçilik etməliyik və ya savaşmalıyıq. Amma bütün bunları görməzdən gələrək və Azərbaycan üçün uydurma başqa bir xarici düşmən obrazı yaratmaq çox absurd və gülüncdür. Fransanın Ermənistanla yaxşı əlaqələrinin olması, ona rəğbət duyması heç kimə sirr deyil və burada qəbahətli heç nə yoxdur. Biz də daxil olmaqla dünyadakı bütün dövlətlərin başqa bir dövlətlərlə münasibətində belə hallar var. O da faktdır ki, 44 günlük savaşdan sonra Fransada Ermənistanı müdafiə edən və Azərbaycanı qınayan bir sıra qətnamələr və bəyanatlar qəbul edilib. Lakin bütün bunlar həm hüquqi, həm də siyasi baxımdan ciddi əhəmiyyətli olmaylıb. Heç Fransa hökuməti də  heç bir qəti addım atmayıb. Bütün bunlar bayaq dediyim kimi Ermənistana olan rəğbətdən doğan emosional reaksiyadan başqa bir şey deyil. Rusiyadan fərqli olaraq Fransa torpaqlarımızı tam azad olunanadək Ermənistana bir boş giliz, bir ov tüfəngi belə verməyib. Üstəlik də BMT TŞ-nin daimi üzvü olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qınayan, qoşunlarını çıxartmağı tələb edən və ərazi bütövlüyümüzü dəstəkləyən məlum 4 qətnamə hamısına səs verib. Azərbaycan və Ermənistan sülh sazişinin mətnini razılaşdırdıqlarını bəyan edən kimi bunu ilk alqışlayan və dəstəkləyən dövlətlərdən biri də Fransa idi. Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəməyən Ermənistanda sülh müqaviləsinin imzalanmasına qarşı olan dövlət belə edərdimi?

 

Yeri gəlmişkən, Rusiya da TŞ-nin üzvü kimi həmin qətnamələrə səs verib, amma bunu Yeltsin dönəmində edib. Əminəm ki, əgər o vaxt Putin hakimiyyətdə olsaydı, bu baş verməyəcəkdi. 44 günlük savaşdan sonra “kapitulyasiya etmiş” Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadı və Qarabağla bağlı iddialarından əl çəkmədi. O, bunu ilk dəfə 6 oktyabr 2022-ci il tarixində Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitində etdi. Bu hadisə məhz Makronun və AB Şurasının preizdenti Şarl Mişelin Paşinyana təzyiqi nəticəsində baş vermişdi. Elə isə Makron və Fransa niyə bizim üçün düşmən kimi təqdim edilir? İndi gəlin bu hadisədən sonra Putin və onun komanda üzvlərinin dediklərinə diqqət yetirək. Paşinyanı, həm də Avropanı gözdən salmaq üçün dəfələrlə deyiblər ki, baş verənlərə görə təqsirkar Paşinyandır, məhz o, Avropanın təzyiqi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağın statusu ilə bağlı iddialardan əl çəkdi. Putin canlı efirdə dedi ki, Paşinyan Qarabağdan imtina etdi, amma hesab edirdik ki, orada ermənilər yaşamalıdırlar və xüsusi statusa malik olmalıdırlar. O, başqa bir canlı yayımda dedi ki, Paşinyan Ermənistanın Qarabağ iddiasını ləğv etdi, amma biz düşünürdük ki, hətta Laçın və Kəlbəcər rayonları da Ermənistana aid olmalıdır. Bir başqa toplantıda Putin belə dedi:

“Ümid edirəm ki, bu məsələni açdığıma görə İlham Əliyev məndən inciməz. Biz onunla razılaşmışdıq ki, Şuşa Ermənistana qalacaq. Mən Paşinyana zəng edib mənim şərtlərimi qəbul edirsənmi deyə, soruşdum. O, mənə rədd cavabı verdi. Bundan sonra Əliyevə Şuşanı da götürməyi təklif etdim”.

 

İlham Əliyev isə “Şuşanı qaytarmaq atamın vəsiyyəti idi” yalanını demişdi. Digər tərəfdən, bu yalan çox məntiqsiz idi. Legitimlik məsələsini qoyaq bir kənara, İlham Əliyev faktiki olaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra edirdi və ölkənin ərazi bütövlüyü məsələsi onun vəzifə borcu idi. Belə şeylər ata vəsiyyəti ilə həll oluna bilməz. Özü də ki, vəsiyyət niyə bircə Şuşa ilə bağlı olmalıydı axı? Bəs digər rayonlarımız? Onları qaytarmaq o qədər də vacib deyilmiş? 10 noyabr üçtərəfli atəşkəs bəyanatı hüquqi sənəd olmasa da , faktiki nəticələrə gətirib çıxardı. Bu bəyanat Putin tərəfindən hazırlanmışdı və birbaşa Ermənistanın xeyrinə olan sənəd idi. Bu atəşkəs razılaşması Azərbaycanın bütün ərazilərinin tamamilə işğaldan azad edilməsi prosesini dayandırdı. Putin hesab edirdi ki, Ermənistanın işğal altında saxladığı ərazilərin əhəmiyyətli hissəsini itirməsi onun planına uyğun olaraq xalqı ayağa qaldıracaq və Paşinyan devriləcək. Ona görə də həmin sənəddə hakimiyyətə gələcək Koçaryan (və ya bu tipdə başqa birisi) münbit şərait yaratmağı nəzərdə tuturdu. Plana görə Gorusdan Xankəndinə qədər eni 5 km olan dəhlizi ruslar qoruyacaqdılar və Qarabağa “sülhməramlı” adı altında yerləşdirilmiş Rusiya qoşunları faktiki olaraq qondarma Artsax respublikasını qorumalı, sonra da Azərbaycan əldə edilənlərlə qane olaraq bu qurumu tanımağa vadar edilməli idi. Beləliklə, qoşunları yenidən Azərbaycana qayıtmaqla Rusiya Güney Qafqazda daha da möhkəmlənməliydi.

 

 İşğal dövründə AŞPA, AB parlamenti, Almaniya Bundestaqı və s. dəfələrlə Ermınistanın Azərbaycanın ərazilərini işğal etməsi və ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi haqda qətnamələr qəbul ediblər, amma Rusiya bir dəfə də olsun işğalı pisləyən bir sənəd qəbul etməyib. Əliyev rejimi isə bütün bunlara rəğmən Rusiyanı özünə dost ölkə sayır, onunla strateji müttəfiqlik haqqında müqavilə imzalayır, amma Avropanı, əsasən də Fransanı düşmən elan edir və ona qarşı çirkin təbliğat aparır. Çünki Azərbaycana qarşı hansı pisliklər etməsinə baxmayaraq, Putin Əliyev iqtidarının himayəçisi və qarantıdır.

 

Yadınızdadırmı, rusiyalı jurnalist Solovyova müsahibə verərkən Əliyev demişdi ki, Putinə çox inanır və o, heç vaxt onu satmaz. Bütün münasibətlərin mahiyyətində də məhz elə bu durur. Putin və Əliyev, eləcə də postsovet məkanındakı bütün avtoritar rejimlər Qərbə, o cümlədən Avropaya nifrət edirlər. Sırf iqtisadi əlaqələr xaricində bu geopolitik məkanın onların səltənətlərinə yaxınlaşmasının və təsirlərinin əleyhinədirlər. Elə Azərbaycan hakimiyyəti Ermənistanın AB ölkələri ilə əlaqələri və bu birliyin Azərbaycan–Ermənistan sərhəddinə göndərdiyi mülki müşahidə missiyası ilə bağlı isterikası da bununla bağlıdır. Qafqazda sülhün, o cümlədən Azərbaycanın maraqları Rusiyanın Ermənistandan birdəfəlik çıxmasını tələb edir. ABŞ və AB-nin Ermənistanda mövcudluğu bizim üçün heç bir təhlükə törətmir, əksinə onun zəmanətidir ki, daha Rusiya Ermənistanı bizə qarşı düşmən hərəkətlərinə təhrik edə bilməyəcək. Buna görə də nəqliyyat kommunikasiyalarının açılacağı təqdirdə 10 noyabr razılaşmasına istinad edərək onların təhlükəsizliyini Rusiyanın FTX-nə həvalə edilməsini tələb etmək çox ciddi səhvdir.

 

Azərbaycan–Ermənistan sülh müqaviləsinin imzalanması üçün 3+3 formatı və “regiondan kənar dövlətlərin bu prosesə müdaxilə etməsinə yol vermək olmaz” çağırışları da məhz Moskva tərəfindən ortaya atılıb ki, onu da Azərbaycan iqtidarı həvəslə dəstəkləyir. İşə baxın, bir sıra postsovet ölkələrində etnik və dövlətlərarası münaqişəni qızışdıraraq qanlı müharibələrə və bunun da nəticəsində dəhşətli faciələrə yol açmış Rusiya mələk, amma bu ölkələri sülh içində yaşayan, demokratik və azad cəmiyyətlər olmasını istəyən Qərb isə araqarışdıran imiş. Azərbaycan AB-nin mülki müşahidə missiyasına niyə etiraz etdiyini izah edim. Məsələ bundadır ki, bununla da Azərbaycan özünü “xain xoflu olar” durumuna salmış oldu. Üstəlik də müxtəlif səviyyələrdə “Zəngəzur dəhlizini xoşla açmasalar, zorla açacağıq”, Qərbi Azərbaycandakı “dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq” və s. tipli bəyanatlar da bu vəziyyəti daha da qəlizləşdirir.

 

30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan müharibəni uduzduqdan sonra birmənal Avroatlantik məkana inteqrasiya kursu götürməklə, ölkədaxili demokratiyanı daha da genişləndirməklə tərəqqipərvər dünyanın simpatiyasını qazanmağa başladı. Bu işğala məruz qalmış və apardığı haqlı müharibədən qalib çıxmış Azərbaycan isə antiqərb, həm də təhdidedici ritorikası ilə, üstəlik də ölkə daxilində bütün azadlıqları tam şəkildə sıradan çıxardaraq diktatura idarəçiliyinə keçməklə həmin dünyanın antipatiyasını qazanmış oldu.

 

Axı avropalı müşahidəçilərə niyə etiraz edilməliydi? Onlar öz xərcləri ilə gəlib sərhədin hər iki tərəfində yerləşərək atəşkəs rejiminə nəzarət edəcəkdilər. Hərgah atəşkəs pozulacağı təqdirdə, onu hansı tərəf etdiyini qeyd edəcəkdilər. Azərbaycan nəinki həmin müşahidəçilərin sərhədin özünə aid tərəfində yerləşməsinə icazə vermədi, üstəlik onların Ermənistanı tərk etmələrini tələb kimi irəli sürdü. Niyə? Bu, bəri başdan atəşkəsin pozulacağı təqdirdə bütün ittihamların bizə tərəf yönələcəyi deməkdir axı. Elə bilin ki, kiminsə pulu oğurlanıb və otaqdakı adamların ciblərinə baxılmasını tələb edir. Hamı razılaşır, amma bir nəfər deyir ki, mən ciblərimin yoxlanılmasına icazə verməyəcəm. Belə olan halda hətta pulları həmin adam  oğurlamamışdısa da bütün şübhələrin onun üzərinə yönələcəyi şəksizdir.

 

Hakimiyyət də Azərbaycanı belə bir vəziyyətə saldı və Ermənistanın “Azərbaycan Ermənistana hərbi təcavüzə hazırlaşır” təbliğatı üçün çox münbit şərait yaratmış oldu. Əminəm ki, əgər Kremldən sərhədin hər iki tərəfində MDB-dən olan mülki müşahidəçilərin yerləşdirilməsi təklifi gəlmiş olsaydı, Azərbaycan buna ikiəlli razı olacaqdı. AB-nin mülki müşahidəsinə münasibət təkcə ona razılıq verməməklə bitmədi, bundan sonra daha gülünc və isterik təbliğata başladılar. Sən demə, sərhədə yaxınlaşıb binoklla Azərbaycan tərəfə baxan müşahidəçilər hərbi məqsədli kəşfiyyat aparırlarmış. Neçə-neçə hərbi və siyasi ekspertlər özlərinə zərrə qədər də hörmət etmədən bu qeyri-ciddi versiyanı müxtəlif platformlarda durmadan təkrarlayırlar. O, necə kəşfiyyatçıdır ki, maşınla, üstündə də aid olduğu ölkənin və ya AB-nin bayrağı olmaqla düz Azərbaycan sərhədçilərinin gözü qarşısında iş aparır. Axı həmin sərhəd boyunca Ermənistan sərhədçiləri yerləşiblər, onlar da səhərdən axşamadək binoklla bizim ərazimizə baxırlar. Necə ki, bunu bizim sərhədçilərimiz də edirlər.

 

Dünyanın bütün ölkələrinin sərhədçiləri binkolla qarşı tərəfə baxırlar və bu adi bir şeydir. Məsələn, Azərbaycan–Gürcüstan sərhədində tərəflərin sərhədçiləri binokolla qarşı tərəfə, bizə tərəf baxmırlar? Axı bu, onların işidir. Binokolla bizə tərəf baxan avropalı müşahidəçilərin topladıqları məlumatları Ermənistan sərhədçilərinə ötürməsi kimi absurd ittihamlarla tozanaq qaldrımaqdan utanmırlar da. Belə bir mənasız tozanağı Qərbi Azərbaycan İcmasının (QAİ) əli ilə də qaldırırlar. Hamı bilir ki, bu qonqo təşkilatdır. Orada hakimiyyətdən gələn tezislər üzrə danışırlar və bəyanatlar verirlər. Laçın yolundakı “ekofəal”ların aksiyalarını xatırlayın. Azərbaycanda sərbəst toplaşmaq azadlığının tamamilə ləğv olunduğu bir vaxtda birdən-birə yüzlərlə “ekofəal” laçınlıların və Laçıını azad etmiş qəhrəman əsgərlərimizin gedə bilmədiyi bu xüsusi rejimli ərazidə peyda olurlar və aylarla gecəli-gündüzlü davam edən aksiya keçirirlər. Onlar üçün orada çadırlar qurulur, işıq çəkilir, televizorlar quraşdırılır, hər gün isti yeməklərlə təmin olunurlar, televiziyalar birbaşa bağlantılarla aksiya yerindən reportajlar verirlər və s. Təbii ki, bunu hakimiyyətin özünün təşkil etdiyini bütün dünya görürdü. Elə isə bu əllaməlik nəyə lazım idi?

 

Bu, bir faktdır ki, ötən əsrin 80-ci illərinin sonunda ermənilər Ermənistanda yaşayan yüzminlərlə soydaşımızı öz tarixi vətənlərindən, dədə-baba yurd-yuvalarından qovdular. Əksəriyyətinin evi, malı-mülkü orada qaldı, ancaq canlarını götürüb xilas ola bildilər. İndi QAİ bəyanatlar verir ki, biz mütləq həmin dədə-baba yurdlarımıza qayıdacağıq və bununla bağlı BMT də daxil olmaqla beynəlxalq qurumlara müraciət edir. Əvvəla, razılaşmalıyıq ki, bizim soydaşlarımızın vaxtı ilə Ermənistanda yaşadıqları bölgələr tarix boyu “Göyçə”, “Dərələyəz”, “Vedibasar” və s. adlandırılıblar və heç vaxt “Qərbi Azərbaycan” adlanmayıb. İndi bütün dünyanın QAİ-nin hakimiyyətin yaratdığı bir qonqo olduğunu bildiyi halda onun verdiyi bəyanatlar və irəli sürdüyü iddialar Azərbaycan hakimiyyətinin qeyri-rəsmi mövqeyi kimi qəbul edilir. Ermənistan da bunu bütün dünyaya Azərbaycanın Ermınistana qarşı ərazi iddiası və təhdidi kimi təqdim edir. Heç olmasa bu təşkilatı Ermэnistandan qovulmuş soydaşlarımızın haqlarının müdafiəsini assosasiya edən bir adla adlandırmaq lazım idi ki, problem dünya tərəfindən aydın dərk edilsin və Ermənistanın məsuliyyəti aktuallaşdırılsın.

 

Məsələ burasındadır ki, “biz dədə-baba yurdumuz olan Qərbi Azərbaycana qayıdacağıq” şüarları və bəyanatları çox qeyri-real olmaqla yanaşı, olduqca populistdir. Məsələni dərindən bilməyənlər üçün bu tələb olduqca patriotik və doğru tələb kimi görünə bilər, amma reallıq başqa cürdür. O torpaqlara necə qayıdacağıq? Azərbaycanın bu məsələni hərbi yolla həll etməsi qeyri-mümkündür. Heç vaxt bunu etməz və dünya da buna imkan verməz. Deməli, hərbi variant istisna edilir. İkinci variant odur ki, Ermənistan deyər ki, vaxtı ilə sizə qarşı haqsızlıq edildiyini qəbul edirik, buyurun dədə-baba yurd-yuvanıza və orada yaşayın. Amma bunun üçün Ermənistan vətəndaşlığını qəbul etməlisiniz, çünki bunun başqa hüquqi yolu yoxdur.

 

Sizcə, kim Azərbaycan vətəndaşlığından imtina edərək evini, işini, təhsilini, biznesini, digər əmlaklarını, kariyerasını və s. buraxııb gedib Ermənistanda yaşayacaq? Təbii ki, heç kim. Üçüncü yol isə belədir ki, sülh müqaviləsi imzalanır, üstündən müəyyən qədər vaxt keçir, qarşılıqlı etimad və dözümlülük mühiti yaranır və bundan sonra hər iki ölkə arasında gediş-gəliş, biznes və turistik səfərlər başlayır. Onda Ermənistan vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları da Ermənistana səfər edə biləcəklər. Bu isə QAİ-nin bəyan etdiyi kimi dədə-baba yurdlarına həmin yerlərin sahibləri kimi qayıtmaq olmayacaq. 5 ildir ki, Azərbaycanın quru sərhədlərini heç bir səbəb olmadan bağlı saxlayaraq xalqa  zülm edən iqtidar elə Zəngəzur dəhlizinin tez açılması məsələsinə də həmin zehniyyət və məsuliyyətlə yanaşır.

 

Tofiq Yaqublu

Tacxeber.com

Oxşar xəbərlər

Nərimanovun başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal düşdü

redaktor

“Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək – Premyer Liqa

admin

“Ukrayna bayrağı bir həftədən sonra Donbasda dalğalanacaq” – ZELENSKİ

redaktor