İran – meydanda tək qalmış sərgərdan ölkə. Onu əsl sahiblərindən alıb taleyini iki dəfə alt-üst etdilər, genlərini büsbütün dəyişdilər, zamanın cəzasından qaçmaqsa alınmadı: İran onu Kvazimodoya çevirmiş dünyanın özünə qarşı bir vahiməyə çevrildi. İndi dünya özünün yaratdığı bu çirkin bədheybətin ölümünə tamaşa edir.
İranın ərazisi 1,648,195 km², əhalisinin sayı 86,758,304 nəfərdir. Dünyanın ən böyük təbii qaz ehtiyatlarına (16%) və təsdiqlənmiş dördüncü ən böyük neft ehtiyatlarına sahibdir. Kömür, mis, dəmir, manqanlı və sink-qurğuşun filizləri, alüminium təbii sərvətləridir. UNESCO-nun Ümumdünya irsi siyahısında 28 mədəni mirası var. Bu, Asiyada üçüncü, dünya üzrə isə səkkizinci ən yaxşı göstəricidir.
İran sonuncu Azərbaycan türk Qacarlar sülaləsinin 1925-ci ildə devrilməsilə hakimiyyətə gətirilmiş fars Pəhləvilər sülaləsinə nəhəng göstəricilərilə təhvil verilmişdi. Onun resurslarından ağılla istifadə edərək ölkəni inkişafa aparıb regionun bir nömrəli dövlətinə çevirmək, dövrün tələblərinə cavab verən şəkildə idarə etmək olardı. Lakin şah rejimi İranı həbsxanaya çevirdi, xalqa zülm etdi, sərvətlərini mənimsədi. Nəticədə, devrildi və yerini özündən də pis olan teokratik rejimə verdi.
İranın molla rejimi o qədər iyrənc rejimdir ki, müttəfiqi də yoxdur. Hətta illərlə bir siyasi dalğada olduğu Rusiya belə İrandakı eskalasiyanın qalmasına tərəfdardır, çünki neft bahalaşır və bu da Kremlin əl-qolunu açır. Çin isə ömründə müharibəyə girişməz.
İsfahanda “Şahed” PUAları istehsal edən zavod da artıq yoxdur. Bəs bu müharibə nə zaman bitəcək?
İsrailin İranın energetika infrasturkturunu da sıradan çıxarmasına yönəlik zərbələri onu göstərir ki, Netanyahu əslində İranda həm də iqtisadiyyatını çökdürməklə rejimin dəyişikliyini hədəfləyib. Hətta Tehran nüvə razılaşmalarına getsə belə, bu, Təl-Əvivi qane etməyəcək. İsrail paytaxtında haqlı olaraq düşünürlər ki, İran rejimi ara sakitləşəndən bir müddət sonra razılaşmanı pozub gizli şəkildə yenidən uranın zənginləşdirilməsinə başlayacaq. Mövcud rejim istənilən halda bütün mahiyyətilə İsrailə təhlükədir. Odur ki, Netanyahu İranla problemini birdəfəlik həll etmək istəyir.
İran İsrailin sonuncu səngəridir. O, İran xalqına rejimə qarşı ayağa qalxmasna çağırışlar edir. Bəs Netanyahu İranda necə bir hakimiyyət görmək istəyir? Əlbəttə ki, İranda kimin hakimiyyətə gəlməsinin Netanyahunun vecinə olmadığını və onun işini görüb bitirəndən sonra üzünü çevirib gedəcəyini söyləsək düzgün olmaz. İsrail İranda da Suriyada olduğu kimi öz nəzarətində olacaq bir rejim istəyir. Yeri gəlmişkən, İsrail hava zərbələrini Suriya səmasından həyata keçirir. Suriya hökuməti İsrailə etiraz edə bilmir, çünki hakimiyyətə gətirilən şəxs İsrailin yaradıcılıq emalatxanasından çıxıb. İsrail İrana hücumlarını Suriyanın hava məkanından edəcəyini planlaşdıranda Türkiyənin Suriyada hərbi bazalarını qurmasına mane oldu. İranda da rejim dəyişikliyinə çalışan İsrailin baş maziri İsrailə loyal bir hakimiyyət arzusundadır. Pəhləvilərin sonuncu nümayəndəsi Rza Pəhləvi meydanda təsadüfən peyda olmayıb.
1925-ci ildən hakimiyyəti ilə yanaşı bütün hüquqları əlindən alınmış, milli kimliyi aşağılanmış azərbaycan türkləri iki dəfə rejim dəyişikliyində iştirak etsə də, bu dəyişikliklərin yükünü çiynində daşısa da ölkəsinə sahiblənmək haqqından məhrum oldu.
İranda baş verənlərin nə ilə nəticələnəcəyini söyləmək çətindir. Hakimiyyət dəyişikliyi də baş verə bilər, hətta dövlətin parçalanması da. Hər halda rejimin mövcud simasında geriyədönüş nöqtəsi əldən çıxıb. Tarix o qədər də səxavətli deyil ki, bir şansı həmişə yaratsın. Azərbaycan türklərinin qarşısında taleyüklü bir mərhələ başlayır: gözləmə mövqeyini buraxaraq toparlanmaq, pərakəndəlikdən çıxıb bir mərkəzdə təşkilatlanmaq, hədəfləri dəqiqləşdirmək. Bu yolda onları birləşdirib doğal haqlarının qaytarılmasına nail olacaq qətiyyətli liderə ehtiyac var.
Azərbaycan dövləti yeni proseslərə hazır olmalı və güneyə beynəlxalq tribunalardan dəstək verməlidir. Bunu özümüzdən başqa heç kim etməyəcək.