Azərbaycan demokratik ölkə deyil.
Azərbaycanda siyasi məhbuslar var.
Azərbaycanda xalqın rifahı elə də ürəkaçan deyil (açığı, bu, mənə görə xeyli mübahisəlidir).
Bütün bu şeyləri rahatca deyə də bilərəm, yaza da bilərəm. Heç vaxt da bu şeylərin əksini deməmişəm.
Bircə dəfə də demokratik ölkədə yaşadığımı deməmişəm.
Bircə dəfə də ölkəmizdə siyasi məhbusların olmadığını deməmişəm.
Açığı, xalqın maddi vəziyyətinin deyildiyi kimi bərbad olmadığını bir neçə dəfə öz arqumentlərimlə demişəm, hələ də belə düşünürəm, amma yuxarıda yazdığım şeyləri demək, yazmaq mənim üçün problem deyil. Məncə, siz də bu şeyləri rahatca deyə bilirsiniz.
Hə, ölkəmizdəki bütün qüsurları sizdən də yaxşı görürəm, bilirəm.
Amma qonşu ölkələrə baxıram, yaşadığımız regiona baxıram, bir dənə də salamat ölkə qalmayıb. Bizdən qat-qat güclü olan ölkələrin, bizdən qat-qat çox təbii sərvəti olan ölkələrin hamısını yerlə yeksan eləyiblər, ya da edirlər. Bir dənə sakit günləri yoxdur, bomba partlamayan bir səhərləri, gecələri yoxdur. Müharibə, terror…
İran bombalanır, videoları, ölüm xəbərlərini gülə-gülə, məzələnə-məzələnə paylaşırsınız, Ukrayna-Rusiya müharibəsi gedir, o müharibəni də oyun-oyuncaq kimi müzakirə edirsiniz, videolar paylaşırsınız. Bilmirəm, bəlkə də, sizə, doğrudan da, zarafat gəlir bu şeylər.
Yaşadığınız evə, şəhərə qəfil bomba düşə biləcəyini təsəvvür etmirsiniz. Ağlınıza belə gəlmir belə şey. Halbuki 44 günlük müharibə zamanı Gəncəyə, Bərdəyə bombalar atıldı. Xırdalan tərəfdə nəsə partlayış eşidildi. Necə olmuşduq?
Nə bilim… Düşündüyünü deyəndə də olursan “yaltaq”.
Neynəmək olar? Olaq yaltaq.
Guya bu camaat üçün “yaltaq”la “qəhrəman” arasında nə fərq var?
Hə… Qonşu ölkələrə baxıram, bizdən qat-qat güclü və varlı olan ölkələrə baxıram, sonra da öz ölkəmə.
30 il müharibə şəraitində olan, imperialist ölkələrin maraqları arasında salamat qalmağa çalışan ölkəmə baxıram və başa düşürəm ki, bu höküməti, İlham Əliyevi dəstəkləməliyəm.
Bu qədər sadədir hər şey.
Elə bilirsiniz ki, qara qaşımıza, qara gözümüzə görə belə rahatıq?
Yoxsa o yerlə-yeksan edilən Liviyadan, Suriyadan, İraqdan güclüyük, varlıyıq?
Nə bilim…
Höküməti, hökümətin qurumlarını, məmurlarını, nazirlərini, elə lap prezidentin özünü də tənqid etmək, nələrəsə etiraz etmək olar və olmalıdır. Xalq və hökümət arasında bu münasibətlər qaçınılmazdır.
Mütləq edin etiraz! Gördüyünüz hər ədalətsizliyə, səhvə qarşı etiraz edin, amma bütün bu sadaladığım şeylərin necə böyük uğur olduğunu danmayın. Nankorluq olar.
Azərbaycanda nə vaxtsa hakimiyyət dəyişəcək, ölkəni başqa adam, başqa hökümət idarə edəcək, heç kim və heç nə əbədi deyil, amma başqa hökümət, başqa prezidentin zamanında necə olacaq ölkəmizin halı? Bilmirəm.
Təki həmişə yaxşı olsun!
Ulucay Akif Məmmədov