“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əli saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub göndərib:
“Bildiyiniz kimi, mayın 7-də mənə məxsus kompüterin və telefonların şifrələrini verməkdən imtina etdiyim üçün Bakı Şəhər Baş Polis İdarəsinin 3 əməkdaşı tərəfindən zorakılıq görmüşəm, həmçinin zorlama ilə təhdid olunmuşam. Bu barədə ətraflı yazdığım üçün təkrara yol verməyəcəm.
Zorakılıq və zorlama təhdidləri ilə bağlı vəkillərim hadisədən dərhal sonra aidiyyatı qurumlara şikayət ediblər. Həmçinin müayinə olunmağım üçün də ailəm Ombudsman Aparatına müraciət edib.
29 may tarixində qarlı dağlar aşaraq, çox ellər dolaşaraq Bakı Şəhər Prokurorluğunun müstəntiqi Fərid Əsədli və ekspert Bakı İstintaq Təcridxanasına gəlib çatdı. Görüş zamanı onlara da “Hadisədən 23 gün ötür, tez deyilmi?”, – deyə kinayəli sual verdim. Müstəntiq isə şikayətin ona təzəlikcə gəlib çatdığını əsas gətirdi. Ekspert özü də dərk etdi ki, 23 gün sonra müayinə ediləsi nəsə yoxdur, həm də müayinə üçün ancaq əllərini gətirmişdi. Nə MRT, nə də KT üçün şərait var idi. Sadəcə dediklərimi bir dəftərçəyə yazıb getdi.
Daha sonra izahatımda detallı formada polislərin geyimlərindən tutmuş, fiziki görünüşlərinədək baş verənlər barədə 3 vərəqə yazdım.
Həmin gün başqa qadın dustaqlardan biri də BŞBPİ-də zorakılıq göstərildiyinə dair izahat yazmışdı. Bu yaxınlarda öyrəndim ki, şikayətin əsassız olduğuna dair cavab alıb. Eyni gündə izahat yazdığımıza baxmayaraq, mənim şikayətimə hələ də cavab verilməyib.
Mən şikayətin qərəzsiz şəkildə araşdırılacağına inanacaq qədər sadəlövh deyiləm. Bunları da Azərbaycanda zorakılıq iddiasının necə araşdırıldığını göstərmək üçün yazıram və jurnalist olaraq sənədləşdirirəm. “Qarlı dağlar aşan” Şaxta Babalara inancım yoxdur.
Mənim şikayətim artıq araşdırma başlamadan, zorakılıq araşdırması standartının pozulmasından başlayıb. Zorakılıq iddiasının araşdırma standartının qızıl qaydalarından biri operativlikdir.
Lakin prokurorluq araşdırmağa başlamadan 23 gün sonra izahat almağa gəlməklə bu standartı pozub.
Bundan əlavə, mənimlə eyni gündə həbs olunan “Yoldaş Media”nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli də polis tərəfindən zorakılığa məruz qaldığını bildirib.
Məmmədli yaxın günlərə qədər təcridxana dəhlizində üzü-gözü şişmiş vəziyyətdə gəzirdi. Yəni zorakılıqla bağlı müayinə məsələləri qəsdən, xəsarət izlərinin itməsi üçün yubadılır. Hadisədən artıq 41 gün (14 iyun üçün) keçib, lakin heç bir səmərəli araşdırmadan söhbət gedə bilməz.
Əhməd Məmmədli və mənim başıma gələnlər nümunəsində görmək olar ki, Azərbaycanda polis zorakılığı, həmçinin bu faktların araşdırılmaması sistematik şəkildə insan hüquqlarının pozulmasının nəticəsidir.
Məmmədli ilə mən imtiyazlı qrupa aidik, çünki biz polis zorakılığını ictimailəşdirə bilirik. Lakin bu hadisələri ictimailəşdirə bilməyən, əli mediaya çatmayan saysız insan var. Görün, ictimailəşdirə bilənlərin səsi belə eşidilirsə, diqqətdən kənar insanların vəziyyətini təsəvvür etmək elə də çətin deyil.
Dövlət nəinki pis rəftarın qarşısını almır, o həm də qərəzsiz və şəffaf şəkildə istintaq aparmaq məsuliyyətindən də yaxasını çəkir və əsl mahiyyəti olan zorakılıq aparatının təşəbbüskarına çevrilir”.