Bəzi səhifələr və şəxslər İlham Əliyevin İsrailin İrana hücumu ilə bağlı “sadəcə narahatlıq” ifadə etməsini qınadı.
Həqiqətən deyirəm, siz nə gözləyirdiniz? Nə olmalı idi ? İlham Əliyev nə deməli idi ki, demədi? Deməli idi ki, “Ey İsrail lənət olsun sənə, bir gecə ansızın gələcəyik?”
Azərbaycan dünya geosiyasətinə yön verəcək ölkə deyil. İlham Əliyevin sözü Azərbaycanın mövqeyidir, yəni məsuliyyətsiz ifadə edilən fikrin “faturasını” kim ödəyəcəkdi. Müdafiə Naziri isə hətta aylar öncə Azərbaycanı hərbi müstəvidə hədələyən, barmaq silkələyən İranın qərargah rəisinin ölümü ilə bağlı öz başsağlığı təziyələrini bildirdi. XİN isə öz növbəsində vəziyyətin gərginləşməsini qətiyyətlə pislədiyini açıqladı. Bundan artıq nə olmalı idi?
Geosiyasət, müharibə, ədalət konflikt demirsiniz? Okay, Bu o İran deyilmi, 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasına sırf geosiyasi maraqlarından dolayı sadəcə “narahatlıqlar” ifadə etməkdən o tərəfə keçməyən?
Sanki ikinci Qarabağ müharibəsindən sonra Zəngəzur bizim qırmızı xəttimizdir deyib hədələyən, roketlərini Azərbaycan tərəfə tuşlayıb barmaq silkələyən, Azərbaycan sərhədlərində hərbi təlimlər keçirərək göz qorxusu verməyə çalışan, səfirliyə terrora göz yuman, əslində koordinasiya eləyən, öz ana medialarında Bakı cümhuriyyəti deyib əslində Azərbaycanın müstəqilliyini qəbul etmədiyini göstərən, aşağılayan, Azərbaycanda müxtəlif adlarla dini-şəriət dövlət quruculuğu üçün agentura şəbəkəsinə milyonlarla pul axıdan İran deyil.
Bu konflikt, məhz bu konflikt sizin ədalət axtaracağınız savaş deyil. Bu sıradan geosiyasi güc savaşıdır. Çünki on illərdir İsrail tərəfini hədəf alan bir çox terrorist qruplaşmalarını məhz birbaşa İran maliyələşdirmiş, təlim keçmiş nəticədə İsrail də öz növbəsində müxtəlif hərbi vasitələrlə İran tərəfinə və onun proksi güclərinə zərbələr endirmişdir.
Yəni, bir daha qeyd edirəm, bu sadəcə sıradan beynəlxalq aktorların güc savaşıdır, geosiyasi konfliktdir, burada ədalət axtarmaq absurddur. Mülki əhali ölümü isə pisdir və bu itki hər iki tərəfdən baş verir və verəcək də çünki müharibədə mülki əhali ölür, müharibənin iyrəncliyi və lənəti də budur, hətta Rusiya tərəfdən də mülki əhali ölür, indi nə edək Ukraynanı qınayaq ki, niyə Rusiya əhalisi ölür? Şərhdə İranın ağına-bozuna baxmadan Tel Avivin yaşayış binalarına küçəlırinə atılan bombaları görə bilərsiniz.
Ədalət axtarılacaq savaşmı axtarırsınız?
Ədalət axtarılacaq savaş Rusiya-Ukrayna savaşıdır. Çünki orada açıq aşkar olan budur ki, Ukrayna tərəfi heç bir formada Rusiya tərəfinə nə proksi vasitələrlə, nə də birbaşa zərbələr endirib, lakin Rusiya çarlıq dövründən bu gününə kimi öz işğalçı, zorakı imperiya siyasətindən əl çəkməyərək 2014-cü ildən bu yana Ukraynalıların qanını tökməkdə, ərazilərini işğalda saxlamaqdadır və daha da irəliləmək Ukraynanı tam işğal etmək fəaliyyətindədir. Rusiya o imperialist qaniçən ölkədir ki, ətrafında olan hamıya hücumlar edib, Qarabağ, Dnesteryanı ərazi, Abxaziya, Osetiya, Luqansk, Donetsk və s kimi süni münaqişə əraziləri yaradıbdır.
Məhz bu sizin ədalət axtaracağınız, məzlumu və cəlladı çox açıq və rahat şəkildə müəyyən edəcəyiniz, ədaləti müdafiə edəcəyiniz savaşdır, ancaq İsrail-İran savaşı sadəcə geosiyasi güclər arasındakı geosiyasi rəqabətin hərbi müstəviyə daşınmasından o tərəfə deyil. Azərbaycan isə öz geosiyasi çıxarları nisbətində hansı sərfəlidirsə onun üçün “dua” edə bilər, zatən yuxarıda da qeyd etdiyim kimi dəstək verəsi bir geosiyasi güc deyil.