Nə Rusiya, nə də İran texnoloji baxımdan kiçik görüləcək dövlətlər deyil. Biri nüvə sahibidir, digəri isə nüvə inkişaf etdirir. Burada “problem” qarşı tərəflərdədir. Ukraynanın son Rusiyaya etdiyi dron hücumu və İsrailin dünənki hücumları eyni texnoloji xarakter daşıyır. İki güclü dövlət sadəcə hücumu izləyiblər.
Nə ediblər, necə ediblər, nəyi bağlayıblar, necə müdafiə sistemlərindən yayınıblar – bunu yalnız kəşfiyyatçılar və əməliyyatı həyata keçirənlər bilir. Məni qətiyyən inandıra bilməzsiniz ki, bu əməliyyatlar təkcə Ukraynanın və İsrailin öz texnologiyası və gücü ilə həyata keçirilib.
Bu işin arxasında, planında, kəşfiyyatında bildiyiniz bir güc var. O da məlumdur. Donald Trump da az əvvəl açıqlama verib ki, “mən xəbərdarlıq etmişdim.” Məsələnin dəhşətli tərəfi odur ki, Trump 12 Apreldə İrana 60 gün vaxt vermişdi, ultimatum göndərmişdi. Dünən isə həmin 60 gün tamam oldu.
Görünən odur ki, Donald dünya ilə zarafat etmir. O, göründüyü qədər əyləncəli deyil və olduqca qətiyyətlidir. Bütün texnologiya dünyasını əlinə alan ABŞ, dünya hərb tarixinə dərs olacaq nöqtə atışlarının arxasındakı əsas gücdürmü? Bax, sual budur.