İndi də qaz təchizatında sabit tarif oyununu atıblar ortalığa. Məqsəd əhalinin cibinə girməyin “kreativ” üsulunu tətbiq etməkdir. İşığa və qaza da bu taarifin tətbiqi gözlənilir. Vaxtı ilə pensiya islahatı “əhalinin pensiya təminatını yaxşılaşdırmaq” adı altında keçirilsə də, nəticədə az pensiya alanlar çox alanların səviyyəsinə deyil, çox alanlar az alanların səviyyəsinə “uyğunlaşdırıldı”.
İndi dirəniblər ki, vətəndaş evində yaşadı-yaşamadı Azərbaycan xalq nağıllarında yer almış “Xəsis Culfa və Keçəl” nağılında olduğu kimi sabit taarif deyilən padşah fərmanına görə “dinməver” ödəməlidir. Orta əsrlərdə padşah “dinməver” vergisi tətbiq edirdi. Biçarə camaat ağzın açanda verginin üstünə vergi gəlirdi. İndi də sabit taarifi millətin boynuna qoyub deyir ki, səsiniz çıxarmayın, su da, işıq da sabit şəkildə taariflənəcək.
Görünən odur ki, hökumət millətin cibinə girməyin heç bir ağlabatan izahını vermədən sabit taarif hoqqabazlığı altında vətəndaşdan pul qırpmaq fikrinə düşüb. Əvvəla qaz istehsalçısı olan ölkələr arasında əhaliyə ən baha qaz Azərbaycanda satılır. Və hətta bəzi qonşu ölkələrə Azərbaycan qazı Azərbaycan vətəndaşlarından ucuz satılması barədə faktlar olub. Məsələn Gürcüstanda belə halların olması haqqında mətbuatda da bəzi yazılar getmişdi.
İkincisi, Azərbaycanda daha çox səmt qazı istehlak olunduğu üçün istehsalçıya ucuz başa gəlir. Hətta bu səmt qazı Beynəlxal Əməliyyət Şirkəti tərəfindən bizim ölkəyə havayı verilir və onun daşınma xərclər 15-20 il əvvəl dövlətə 7 dollara başa gəlirdi. Amma sonra qiymətləri necə şişirtdilərsə bu 7 dollar çıxdı 107 dollara. Bu da ayrı bir məsələdir.
Bir vaxtlar vətəndaşa dedilər ki, mexaniki qaz sayğacları yaramır, gərək smart sayğaclara keçək. Keçdilər də. İndi də deyirlər smart sayğaclar yaramır gərək mexaniki sayğaclara keçək. Ayının min oyunu var bir armudun başında. Yekə-yekə Zngilanda ağıllı (smart) kənd salırlar, amma Bakıda ağıllı (smart) sayğacları mexaniki sayğaclara əvəz etməyə başlayıblar. Görünən odur ki, indiyə qədər biz qaz yandırırdıq, innən sonra qaz bizi yandıracaq.
Axı smart sayğacın nəyi pisdir. Mexaniki sayğacda qazı işlədib pulunu verirsən, samart sayğacda isə istifadə edəcəyin qazın pulunu öncədən dövlətə depozit olaraq qoyursan. Dövlət də vətəndaşın depozitindən öz maliyyə-iqtisadi əməliyyatında yararlanır. Yəni mexanikidə vətəndaş dövlətə borclu qalır, smartda dövlət vətəndaşa. Bəs niyə hökumət öz nəfinə olan bu müamilədən imtina edir? Sadəcə olaraq smart sayğacın ağlı oğurluğa və fırıldaqçılığa mane olur. İndi onları ləğv edib vətəndaşın cibinə mexaniki girməyin dədə-baba üsulunu tətbiq edirlər. Bütün oyun da bunun üstündə qurulub.
Smart sayğaclar vətəndaşla dövlət arasında qaz münaqişələrini demək olar ki, aradan qaldırmışdı. Vətəndaş pulun verirdi qazın yükləyirdi. Smart sayğaca müdaxilə mümkün deyildi.
İndi deyir mənə mərbud deyil yaşadın-yaşamadın, istifadə etdin-etmədin sabit taarifə görə pul ödəməlisən. Sabah deyəcəklər ki, biz bilmənik çörək yedin ya yemədin, su içdin ya ağzına su alıb durdun fərqi nə, sabit taarif belə şeyləri qanmaz, ölkənin ərzaq siyasətinin uğulru tətbiqi üçün gərək yemədiyin çörəyin, içmədiyin suyun pulunu ödəyəsən. Sabah can vergisi qoysalar, xalqın məmuru yedirib bəsləməsi kimi Qonalqa vergisini təyin etsələr, XIX əsrdə olduğu kimi Rus idarəsinin yedizdirmə üsulu bərpa edilsə, heç təəccüblənməyin.
Vaxtıyla “Molla Nəsrəddin” yazırdı ki, qazdan ayıq, fəqət oxuyub yazmamaqda daş kimi möhkəm olan dövlət məmurunin işi təzə rüşvət və oğurluq yerləri aşkarlamaqda, aldığı rüşvəti və çaldığı sərvəti mirovoy posredniklə (yəni özündən yuxarılarla) bölüşməkdə arif (yəni smart) olmaqdır.