Şamanizm qədim türklərin dini-fəlsəfi inanc sistemidir və təbiətlə ruhlar arasında əlaqəni təmin edən şaman adlı vasitəçilərə əsaslanır. Bu inancda ruhlar aləminin insan taleyinə təsir etdiyinə inanılır. Şamanlar dua, musiqi, rəqs və trans halı vasitəsilə ruhlarla əlaqə qururlar. Bu inanc sistemi yazılı mətnlərdən çox, şifahi ənənələr və mərasimlərlə qorunub saxlanılmışdır. Şamanizmin tarixi, müasir vəziyyəti, şaman ritual və ənənələri ilə bağlı suallarımıza şaman Tərlan Manafov cavab verib.

 

“Teleqraf” İnformasiya Agentliyi şaman Tərlan Manafovla müsahibəni təqdim edir.

 

– Şamanizm sizi özünə necə cəlb etdi?

 

– Mən Qobustanda doğulmuşam, Qobustanın enerjili mistik ab-havasından çıxmışam. Uşaq yaşlarımdan Qobustandakı qayaüstü təsvirlər mənə maraqlı gəlib. Həmişə o rəsmlərin sirrlərini açmağa çalışmışam. Sonradan başa düşdüm ki, bu sirrləri açmaq mümkün deyil. Düşünürdüm ki, bunun üçün “zaman maşını” lazımdır ki, o dövrə qayıdıb sirrləri aça biləsən.

 

– Bəs o təsvirlər haqqında mövcud məlumatlar sizə heç nə demirdi?

 

– O məlumatların çoxu tarixi məlumatlardır. SSRİ dağılıb sakral biliklərə çıxış əldə edildikdən, yoqa, şamanizm haqqında məlumatlar yayıldıqca sirrləri bu sahədə axtarmaq istədim. Dünyanı gəzməyə başladım. Hindistana getdim. Altaylara getdim. Mistik biliklərə yiyələndikcə, başa düşdüm ki, “zaman maşını”na ehtiyac yoxdur. Şaman praktikaları, hala düşmək insana hər şeyə onların gözüylə baxıb, sirrləri anlamağa imkan verir.

– Hala düşmək nədir?

 

– Hala düşmək sufilikdəki “laməkan” qavrayışıdır. Yəni, burada keçmiş, gələcək – zaman yoxdur, ancaq indiki zaman var. Birbaşa o biri dünyalarla əlaqədə olursan.

 

– O biri dünyalarla əlaqə nəsə görmək və ya səsini eşitmək şəklində olur?

 

– Bəli. Bu elə insanın öz şüuraltısına enməsidir. Karl Qustav Yunq kimi görkəmli psixiatrlar da bu məsələyə diqqət ediblər. İnsanların ortaq arxetipləri var. Biz bu arxetipləri tapırıq.

 

– Bəs bu görüntü və ya səslərin halüsinasiya olmadığına necə əmin ola bilirsiniz? Çünki bəzi psixiatrlar bunları halüsinasiya kimi dəyərləndirir.

 

– Baxın, siz dahi rəssamın çəkdiyi şəkillə şizofrenikin çəkdiyi rəsmi seçə bilərsiniz, elədir? Bu da o cürdür.

 

80-cı illərdə Qobustanda şamanizm ayinləri keçirirdik

– Şamanizmlə nə vaxtdan məşğulsunuz?

 

– 80-ci illərdə yoqa və şamanizm haqqında məlumatlar əldə etdikcə yavaş-yavaş bu işlərlə məşğul olmağa, ayinlər keçirməyə başladıq. Qobustanda şamanizm ayinləri keçirirdik. Qobustanın sirrləri dünyaya yayıldıqca dünyanın hər yerindən şamanlar bura gəlməyə başladı.

 

Qobustan kosmosdan gələn informasiyaların yer kürəsindəki qəbuledicilərindən biridir

 

– Niyə məhz Qobustan? Qobustanın sirri nədir?

 

– Qobustanda tərifəgəlməz, pozulmamış, ən əski, təmiz, cilalanmamış, bakirə informasiyalar var. Qayaüstü rəsmlərin unikallığı odur ki, 20 min il əvvəl necə çəkilibsə olduğu kimi qalıb. Bunlar hamısı informasiya kodlarıdır. Şamanizm metodikası ilə rəsmlərə yaxınlaşanda bütün bu informasiyalar açılır. Qobustan kosmosdan gələn informasiyaların yer kürəsindəki qəbuledicilərindən biridir. Buna görə də, ilk insan, mədəniyyət, elm, rəqs, musiqi məhz Qobustanda yaranıb. Kosmosdan gələn o informasiyaları isə qamlar, maqlar, şamanlar oxuya bilir.

 

bəli. Amma biz bu üsullardan istifadə etmirik. Psixatrop maddələrin köməyilə hala düşmək bir növ, süni yolla getməkdir. Biz sadəcə ritmlər, nəfəsalma ilə beyin yarımkürəciklərinin tezliklərini eyniləşdirib dalğaya düşməyə çalışırıq. Bizimki təbii yoldur.

 

– Hala düşmək ifadəsini meyxanaçılar da çox işlədir…

 

– Bəli, haqlısınız. Bəzən hala düşmək üçün içki və ya narkotk maddə istifadə edənlər də olur… Ancaq meyxanaçılar nə yazır, nə deyir ki? Orda ciddi məqam yoxdur. Amma əsl şairlərə şaman demək olar. Misal üçün, Əliağa Vahidə informasiyalar gəlirdi…

 

Tezliklə Azərbaycanda ilk “Sakral Mərkəz” açılacaq

 

– Azərbaycanda ilk “Sakral Mərkəz” açmağa hazırlaşırsınız. Bundan da danışaq. Bu mərkəz nə vaxt açılacaq, fəaliyyət istiqaməti necə olacaq? Nəylə məşğul olacaqsınız?

 

– Mərkəz bu yaxınlarda açılacaq. Bu günlərdə Mədəniyyət Nazirliyi ilə birlikdə gedib əraziyə baxacağıq. Qobustanda bizə yer ayrılıb. Məqsədimiz sakral memarlıq abidələrimiz, xalçalarımız, muğamımız, Qız Qalasının sirrlərini açmaq, tədqiq etməkdir. Kodları, simvolları açacağıq. Mərkəzimiz həm də yaradıcı psixologiyanın araşdırılması ilə də məşğul olacaq.

 

Qobustanda “Qız Qalası”nın prototipi var

 

– “Qız Qala”sından söhbət düşmüşkən, maraqlıdır, bu haqda nə deyə bilərsiniz?

 

– Qız Qalasının prototipi Qobustandadır. Ona “Günzər qayası”, yəni, “Günəş daşı” deyilir. Qız qalası da kosmosdan gələn enerji informasiyalarının qəbuledicilərindəndir. Qız Qalası onun on min ildən sonra maqlar tərəfindən tikilmiş versiyasıdır. Mən hazırda Qobustanda, “Günzər qayası”nda ayinlər keçirirəm.

 

– Sakral Mərkəzdə kimlərlə işləyəcəksiniz? Bildiyim qədər, Azərbaycanda şamanların sayı o qədər də çox deyil…

Azərbaycanda yeganə həqiqi şaman mənəm. Mən Azərbaycanın ruhunun danışan şəkliyəm. Mərkəzdə yoqlar, psixoloqlar, maqlarla işləyəcəyik.

 

– Tərlan bəy, maraqlıdır, şamanizmdə qurban varmı?

 

– Bəli, var. Qurban süd, qan, şirniyyat, tərəvəz ola bilər. İslamdakı qurbanla şamanizmin qurbanlığının mahiyyətcə heç bir fərqi yoxdur. Şaman qurbanı ruhlara verir. Əsl şamanizmdə təbiətdəki ruhların bu qurbanlarla qidalandığına inanılır.

 

Şamanizm din deyil, fərdi idrak metodudur

 

– Bəs şamanizmdə hansısa qadağalar varmı?

 

-Heç bir qadağa yoxdur, standartlaşma yoxdur. Şamanizmin şəriəti yoxdur. Şamanizm din deyil, yenə təkrarlayıram, fərdi idrak metodudur.

 

– Şaman spirtli içki içə bilər?

 

– İçə bilər, amma spirtli içkilər enerji yollarını bloklayır. Sufilərdə belə bir deyim var ki, kef üçün içmək haramdı, dəm üçün içmək halal. Yəni, əsl şamana içki, narkotik maddələr lazım deyil.

 

– Bəs astral səyahət?

 

– Bəli, şamanlar astral səyahətdə olurlar. Bu, ayıq yuxular deməkdi. Siz yatmış halda fiziki bədəninizdən ayrılıb, başqa bir dünyada ayılırsınız.

Yardımlı meşələrində qulyabaniləri görmüşəm

 

– Hal vəziyyətində nələr görmüsünüz? Bu barədə danışa bilərsinizmi?

 

– Yardımlı meşələrində qulyabaniləri, yəni qar adamları görmüşəm. Talışlar ona “mirdazvo” deyirlər. Bozumtul rəngli, tüklü məxluqlardır. Onlar boyu iki metrdən çox olan, tüklü, bir növ qorillaya oxşayan varlıqlardır. Bu qulyabanilərə Astara və Lerikdə də rast gəlinir. Bu uydurma deyil, gerçəkdir. Çünki Yardımlı dağlarında görününən fenomenin eynisini Sibirdə də görənlər olub. Bir-birindən xəbərsiz müxtəlif şəxslər eyni şeyləri görürsə deməli, bu uydurma deyil.

Tacxeber.com