
Pilot Rəşadı ruslar ürəyindən vurmuşdular…
Tacxeber.com xəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a keçmiş dövlət müşaviri Qabil Hüseynli kürəkəni, şəhid pilot Rəşad Atakişiyevlə bağlı danışanda deyib.
Q.Hüseynli onu da əlavə edib ki, şəhidin təyyarəsinin qalıqları tapılsa da, “qara qutu”nun oxunub, ictimaiyyətə məlumat verilməsi gerçəkləşmədi:
“Söz verdilər, amma “qara qutu”nu açmadılar. Amma oradan bir nəfər dedi ki, Rəşadgil gecə saatlarında döyüş şəraitinə yaxınlaşdırılmış təlim keçiblər. Onlardan da 100 kilometr uzaqda dənizdə ruslar təlim keçirmişlər. Ruslar həm də sovet dönəmindən qalma “Lazer” silahının ilk sınağını həyata keçirirlərmiş. Onlar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki Rəşad Bakıya hücum edən təyyarəni vurub salırmış. Ona görə də Rəşada atəş açıblar və onun ürəyindən vurublar. Təyyarə idarəetməni itirib”.
Müsahibin dediyinə görə, “qara qutu”nu oxuyanlardan biri bildirib ki, “qara qutu”dan yalnız Rəşadın zarımasını eşidib:
“Rəşad yaralı halda təyyarənin idarəedilməsini bərpa etmək istəyib, amma bunu bacarmayıb, çünki ürəyindən vurublarmış”.
Məlumat üçün bildirək ki, 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin “qara qutu”su tapılıb. Avqustun 20-də isə pilotun nəşi tapılıb.