Bu gün bütün dünya ondan danışır… Keçmiş göz həkimi, Suriyanın devriləndən sonra Moskvaya qaçan prezidenti Bəşər Əsəddən…
Suriyada əsrin təxminən dörddə biri qədər hakimiyyətdə qalan Bəşər Əsəd müxtəlif xarici səfərlərdə olub. O cümlədən də Azərbaycana gəlib.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkil də Bəşər Əsədin Azərbaycan səfərini əks etdirir.
Zaman 2009-cu ilin iyul ayı, məkan Azərbayan Milli Məclisi…
Suriya prezidenti Bəşər Əsəd ölkəmizə rəsmi səfər edib. O zaman Suriya rəhbəri hələ yüz minlərlə insanın ölümünə səbəb olan “əcinnə” sayılmırdı. Oftalmoloq (göz həkimi) olmaq üçün tibbi təhsil alan Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra prezident seçilmişdi. O, ölkəsində islahatlar aparacağını vəd etmişdi.
Bəşər Əsəd Bakıya səfər edəndə hakimiyyətə gəlişindən 9 il ötürdü. O, perspektivli və Qərbyönlü gənc lider kimi təqdim olunurdu.
Parlamentdə Bəşər Əsədi Azərbaycan-Suriya dostluq qrupunun o zamankı rəhbəri, deputat Cavanşir Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qardaşı-red.) və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qarşılamışdı.
2009-cu ildə Suriya prezidenti Bəşər Əsədin Azərbaycana iki günlük rəsmi səfəri 8-9 iyulda gerçəkləşmişdi…