

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən “Okruzjnoy” otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib.
Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərini bu günlərdə sakit aparıblar, həmişə salam verib gülümsəyiblər, “nəzakətli və gülərüz” olublar. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar.
Onlar otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən 19 yaşlı bərbər vasitəsilə əlaqə saxlayıblar. Söhbət terrorçulardan biri, əvvəllər İvanovo vilayətində, sonra isə Teykov şəhərində bərbər işləyən 19 yaşlı Məhəmməd Fayzovdan gedir. Həbs zamanı həmin şəxs xəsarət alıb. O, xəstəxanada əməliyyat olunub.
Tacikin işlədiyi kişi salonunun qadın direktoru mk.ru-ya deyib ki, səhər saatlarından qəzəbli mesajlar alır, salonun telefonları susmur. “Bütün günü bizə zəng edirlər, hədə-qorxu gəlirlər, həyatım üçün qorxuram”,- deyə baş direktor şikayətlənib. Onun sözlərinə görə, Fayzov onun salonunda üç aydan bir az işləyib. Noyabrda işə düzəlib, yanvarın 11-də işdən çıxıb.

