
Ötən il dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin qohumları və kənd sakinləri etiraz aksiyası keçiriblər.
Dünən Mingəçevir-Bəhramtəpə yolunu bağlayan etirazçılar Rasimin işinin araşdırılmadığını vurğulayıblar. Onlar müvafiq qurumlardan məsələ ilə bağlı tədbir görməyi tələb ediblər.
Aksiya səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti bir müddət dayanıb. Əraziyə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Boztəpə kanalında batdığı ehtimal edilən Rasim 3 aya yaxındır ki, axtarılır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, ötən ilin dekabr ayının 26-da saat 14 radələrində İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü R.Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.

