Fəalın rəhbərlik etdiyi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü həbsdədir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova qarşı yeni ittihamlar irəli sürülüb. Abzas Media-ya bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, istintaq yekunlaşıb və məlum olub ki, Afiəddin Məmmədova qarşı irəli sürülmüş ittihamlar ağırlaşdırılıb.
“O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq), 228.4-cü (qanunsuz soyuq silah daşıma) maddələrilə təqsirləndirilib”, – deyə vəkil bildirib.
Məmmədov buna qədər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurdu.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov bu il sentyabrın 20-də həbs olunub. O, tanımadığı şəxsə xuliqanlıq niyyətilə xəsarət yetirməkdə ittiham olunub. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 15-də həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.