
SSRİ-də təyyarə qaçırılması elə də nadir hadisə deyildi. Baxmayaraq ki, bu barədə adətən mətbuatda yazılmırdı və vətəndaşların əksəriyyəti belə hadisələrdən xəbər tutmurdular. Başqa ölkələrdəki analoji hadisələri televizorda izləyəndə isə “nə yaxşı, bizdə belə şeylər yoxdur” deyib şükür edirdilər. Halbuki ölkədə ildən-ilə belə cəhdlərin sayı artırdı.
İnternet üzərində axtarış verəndə çıxan cavablar SSRİ-də ilk təyyarə qaçırmaq cəhdinin 1954-cü il yanvarın 8-də edildiyi göstərilir. Sonrakı 16 il ərzində 10-dan çox cəhd edildi. Amma onların heç biri uğurlu olmadı. İlk uğurli cəhd 1970-ci il oktyabrın 15-də baş verdi. Litva sakini Pranas Brazinskas və həddi-büluğa çatmayan oğlu Algirdas Batumidən Suxumiyə uçan An-24 sərnişin təyyarəsini Türkiyəyə uçmağa məcbur etdilər. Bu zaman 20 yaşlı stüardessa Nadejda Kurçenko tapançadan açılan atəş nəticəsində öldürüldü, kapitan da daxil olmaqla heyət üzvləri yaralandılar.
İki il həbsdə yatan ata-bala amnistiya ilə azad edildilər, amma ABŞ-dan siyasi sığınacaq almaq cəhdləri uğursuz oldu. Bununla belə, 1976-cı ildə onlar Meksikadan Kanadaya uçan təyyarə mindilər və Nyu Yorkda aralıq enişi zamanı qanunsuz ABŞ ərazisinə daxil oldular. Sonra da Litva diasporunun köməyi ilə yaşamaq hüququ əldə etdilər.
Sovet hökuməti süqut edənə qədər Brazinskasların təhvil verilməsini tələb etdi və ABŞ-ı hava terroruna münasibətdə ikili standartda qınadı. Bu, Moskvanın haqsız olmadığı azsaylı hallardan biri idi. SSRİ-nin çöküşündən sonra isə Brazinskaslar bir müddət unuduldular və 2002-ci ildə gözlənilmədən yenidən qəzet manşetlərinə qayıtdılar: Algirdas öz atasını qantellə vuraraq öldürdü və 16 illik həbs cəzasına məhkum edildi.
SSRİ-də iri qəzalar, terror aktları, böyük cinayətlər barədə məlumatlar adətən gizlədilirdi. Yəqin ki, belə mənfi halların yalnız “çürüməkdə olan kapitalizmdə” mövcud olması görüntüsü yaradılırdı. Amma nədənsə Brazinskaslar olayı ilə başqa cür davranıldı, qəzetlər yazdı, televiziyada danışıldı, hadisə əsasında “Abituriyent qız” adlı bədii film, “Yalan və nifrət” adlı sənədli film çəkildi.
Sovet hökumətinin belə davranmasının səbəbi nə olur olsun, məqaləmizin mövzusu bu da deyil. Brazinskasların təyyarə qaçırmasından cəmi 12 gün sonra baş verən, xoşbəxtlikdən qansız və hətta komik nəticələnən başqa bir hadisədir.
***
Sevastopol cihazqayırma institutunun 21 yaşlı tələbəsi Vitali Pozdeyev və Krım tibb institutunun 20 yaşlı tələbəsi Nikolay Qilev də qohum – kuzen idilər. Üstəlik, heç də kasıb təbəqəyə mənsub deyildilər. O zaman sovet gənclərinin əksəriyyətinin həsrət çəkdiyi maqnitofona və əksəriyyətinin ağlından belə keçirmədiyi motosikletə malik idilər. Amma həyatlarından razı deyildilər və Qərbə qaçmaq istəyirdilər.
SSRİ-də isə xaricə getmək asan deyildi. Ölkədən çıxış üçün icazə almaq lazım idi. Kuzenlər də bir neçə uğursuz icazə cəhdindən sonra təyyarə qaçırmaq qərarına gəlirlər. Amma onlar böyük sərnişin təyyarəsi deyil, “Let L-200 Morava” markalı yüngül təyyarə qaçırmaq və Türkiyəyə uçmaq, burada da siyasi sığınacaq üçün ABŞ səfirliyinə müraciət etmək fikrində idilər.

SSRİ Çexoslovakiya istehsalı olan “Morava” təyyarəsindən 181 ədəd almışdı. Bir pilot və dörd sərnişin üçün nəzərdə tutulan bu ikimühərrikli təyyarələr “hava taksisi” funksiyasını yerinə yetirirdi. Az benzin işlədən, böyük uçuş zolaqları tələb etməyən “Morava” istifadə üçün çox rahat idi, üstəlik bilet qiyməti də ucuz idi. Ağır yükü olmayan sərnişinlər üçün çox münasib olan təyyarə belə mütəvazi göstəricilərinə baxmayaraq, 1700 km-dən çox məsafəyə uça bilirdi.
Kuzenlər təyyarəyə minəndən sonra idarəçiliyi öz əllərinə almaq niyyətində idilər. Buna görə də Nikolay Qilev bir müddət Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) nəzdində pilotluq kurslarna gedir və lazım olan vərdişləri qazanır. Bundan əlavə, bir neçə dəfə Kerç-Krasnodar və əks istiqamətdə uçan Nikolay pilotun hərəkətlərinə, naviqasiya cihazlarına fikir verir.

