
Sərinləşdirici içkilər istehsalında istifadə edilən Aspartamın xərçəng riskini artırdığına dair yeni iddialar yayılıb.
Tacxeber.com“The Telegraph”a istinadən xəbər verir ki, bununla bağlı iddianı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) irəli sürüb.
Məlumat üçün bildirək ki, Aspartam qidalarda istifadə olunan şirin dadlandırıcıdır. Bu kimyəvi maddədən şirin sərinləşdirici içkilərdə geniş istifadə olunur. Həmin maddədə şirinlik dərəcəsi təbii şəkərdən 200 dəfə çoxdur.
“The Telegraph” yazır ki, təkcə Böyük Britaniyada bir ildə 5,3 milyard funt sterlinq (6,73 milyard dollar) dəyərində sərinləşdirici içki satılıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırma qolu olan IARC-nin iyulun 14-də açıqlayacağı hesabatda bu nəticəyə necə gəldiyi bəlli deyil.
Qeyri-rəsmi şərhlərə görə IARC-nin bu qənaətə Fransada 8 il ərzində 102 865 yetkin insan arasında apardığı müşahidələr əsasında gəldiyi güman edilir.