
Əsrlər boyu zəlilər insanlar tərəfindən bir çox xəstəliklərin müalicəsində istifadə olunmaqla yanaşı, yaratdığı xəstəliklərə görə də diqqət çəkib. Hələ eramızdan əvvəl 50-ci əsrdə metodik sistemin banisi olan və Hippokratın rəqibi kimi tanınan Asklepiodkların tələbəsi Laodikiyanın zəlilərin tibbdə istifadəsi ilə bağlı maraqlı fikirləri olub.
Daha sonra zəlilərdən X əsrdə Çində bir çox xəstəliklərin müalicəsində istifadə edilib. Avropada tibb sahəsinə ilk dəfə 15-ci əsrdə daxil olan zəlilər 19-cu əsrdə çox məşhurlaşıb. Hətta bu səbəbdən müxtəlif xəstəliklərin müalicəsi üçün Fransaya 1833-cü ildə 41 milyon zəli gətirildi.
Qısa müddətdə zəli müalicəsi sənaye sahəsinə çevrildi və Avropada iri zəli təsərrüfatları yaradıldı. Bu dövrlərdə zəlilərin sadə soyuqdəymədən xərçəngə, sağalmayan xoralardan ürək çatışmazlığına qədər bir çox xəstəliyin müalicəsində istifadə edildi. Bu yolla bədəndən artıq qan və ya zəhərli qanın çıxarılması prosesləri baş tutdu.
Zəlilər insanın dərisinə və ya selikli qişalarına yapışdıqda, tüpürcək vəzilərindən hirudin adlı qan durulaşdırıcı maddə ifraz edirlər. Hirudin adlı maddə ifrazı insanlarda laxtalanma faktorlarını azaldır və qanaxmaya səbəb olur. Bundan əlavə, zəlilərin tüpürcəklərində histamin kimi bir maddə var ki, bu da insanda kapilyarların açılmasına şərait yaradır. Eyni zamanda zəlilər dişləmə nahiyəsində olan ağrıları azaltmaq üçün anesteziklər də ifraz edirlər.