
Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.
R.Əliyev bildirib ki, qadınların bir neçə ərə sahib olması yalnız anaxaqanlığı dönəmində olub: “O dövrdə qadınların bir neçə əri ola bilərdi. İndi isə Afrika ölkələrinin bəzi qəbilələrində intim anlamda ailədə hamıya – ataya, qardaşa, oğula və s. xidmət edən qadınlar var. Yəni bu cür hallar da var. Şimali Afrikada qadınların 2-3 ərinin olmasına icazə verən 1-2 qəbilə var. Amma biz çoxdan qəbilə formasından çıxmışıq və xalq olmuşuq. Bizdə heç yerdə belə bir qanun yazmaq olmaz. Heç kim də bununla razılaşmaz, bərabərlik hüquqları mövcuddur. Qadın da, kişi də yalnız bir şəxslə ailə qurur. Kənarda kişinin və qadının neçə məşuqu var, bu, artıq başqa məsələdir. Ola bilər ki, bir qadının üç əri var, amma heç kimin xəbəri yoxdur. Yaxud da bir kişinin üç arvadı var, yalnız onun özünün xəbəri var. Bəzi kişilər gedib molla vasitəsilə kəbin kəsdirirlər və elə bilirlər ki, kəbin kəsdirməklə onlar yaşadıqları qadının məşuqə olmasını rəsmiləşdirirlər, amma bu, belə deyil. Azərbaycan Konstitusiyasına uyğun olaraq 18 yaşına qədər qızlar ərə gedə bilməzlər. 18 yaşdan sonra isə ərə gedən qızların yalnız bir əri ola bilər. Bu qanun olmaqla yanaşı, həm də ənənəmizə, əxlaqımıza, mənəviyyatımıza uyğun şərtdir. Bir qadının 2-3 ərinin olmasını tələb edən qadınlar varsa, bu artıq onların şəxsi işidir. Amma bunu cəmiyyətə sırımağa ehtiyac yoxdur”.